• Təqvim

  • Unutma

  • Maraq



Sərhəd kəndi Cəfərlidə hesabat yığıncağı keçirilib


Bu gün növbəti hesabat yığıncağı Qazax rayonunun düşmənlə sərhəddə yerləşən Cəfərli kəndində keçirilib. Hesabat yığıncağında Qazax Rayon İcra Hakimiyyəti başçısının Сəfərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2018-ci ildə gördüyü işlər və qarşıda duran vəzifələrdən danışılıb.

Cəfərli kənd mədəniyyət evində keçirilən yığıncaqda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Hesabat yığıncağının aparılması üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər səsləndirib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yığıncağı giriş sözü ilə açaraq kənd sakinlərini salamlayıb, yeni ildə ölkəmizin tərəqqisi naminə yeni-yeni uğurlar arzulayıb. Qeyd edib ki, artıq bu cür görüşlərin keçirilməsi bir ənənə halını alıb. Keçirilən hər bir görüş də Siz sakinlərin qayğılarının həll olunmasına, sizlərin təhlükəsizliyinizin təmin edilməsinə xidmət edir.

Rayon rəhbəri bildirib ki, yola saldığımız 2018-ci il ölkəmizin tarixinə daha bir uğurlu il kimi daxil oldu. Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamız həyatın bütün sahələrində yeni nailiyyətlərə imza atıb, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyib. Ölkə başçısının rəhbərliyi və təşəbbüsü ilə iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar müsbət nəticələrini vermiş, Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir. 2019-cu il yanvar ayının 11-də Respublika Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında bu barədə ətraflı danışılmış, müzakirələr aparılmışdır. İclasda ölkə başçısı 2018-ci il ərzində Azərbaycanda həyata keçirilmiş genişmiqyaslı işlərə, qazanılan uğur və nailiyyətlərə öz münasibətini bildirmiş, qarşıda duran vəzifələrdən danışmışdır. Ölkə başçısı öz çıxışında ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin olunduğunu bildirmişdir. 


İcra başçısı son iki il yarımda Qazaxda aparılan abadlıq və quruculuq işlərini müqayisə edərək vurğulayıb ki, 2018-ci il rayonumuz üçün hər bir sahədə uğurlu olmuşdur. Eyni zamanda, görülən işlərin miqyası və həcmi yola saldığımız 2018-ci ildə daha üstünlük təşkil etmişdir. Bunu sosial obyektlərin inşasından, kənd təsərrüfatının inkişafından, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə əldə etdiyimiz nailiyyətlərdən də aydın şəkildə görmək olar.

2018-ci il Qazax rayonu üçün tikinti-quruculuq ili kimi qiymətləndirən rayon rəhbəri ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, hazırda son tamamlanma işləri aparılan İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkın, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun, 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının tikintisinin bu dediklərimizin əyani sübutu olduğunu bildirib.

Rayon rəhbəri qeyd edib ki, düşmənlə sərhəddə yaşayan bir rayon üçün vacib məsələlərdən biri Qazaxda müasir standartlara cavab verən xəstəxananın olması idi. Sevindirici haldır ki, dövlət başçısının diqqət və qayğısı, xüsusən də qazaxlılara verdiyi yüksək dəyər sayəsində bu məsələ öz müsbət həllini tapdı və bu gün 5 korpus inşa olunub. Əlavə 3 korpusun inşası nəzərdə tutulur. Bütün bunlar isə Qazaxda səhiyyə sahəsinə olan qayğının diqqət mərkəzində olmasını bir daha sübut edir.

İcra başçısı bildirib ki, rayonumuzda barama, tütün, kartof və taxıl sahələrindən götürdüyümüz bol məhsuldarlıq sayəsində deyə bilərik ki, 2018-ci il kənd təsərrüfatı üçün məhsuldar bir il kimi yadda qaldı. Rayon rəhbəri Qazaxda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində də məqsədyönlü işlər görüldüyünü və bu sahədə olan uğurun ildən-ilə artdığını qeyd edib. Bildirib ki, bu inkişafı əkin sahələrinin hektarından da aydın şəkildə görmək olur. Belə ki, 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda əkin aparılmışdısa, 2018-ci ildə bu rəqəm 20682 hektar olmuşdur. 2019-cu ildə isə 21481,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur.

Ötən il rayonda yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən danışan rayon rəhbəri həmin işlərin bu il də davam etdiriləcəyini qeyd edib. Buna misal olaraq başlanılması nəzərdə tutulan su-kanalizasiya xəttinin, Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikiləcək fabrikin inşasını göstərib. Bildirib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 sentyabr 2018-ci il tarixli, 637s saylı Sərəncamı ilə Qazax rayonunun Ağköynək kəndi ərazisində "Saloğlu” fərdi firması tərəfindən həyata keçiriləcək "Venzana” layihəsi üçün nəzərdə tutulmuş 30558 hektar torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdan sənaye təyinatlı torpaqlar kateqoriyasına keçirilmişdir. Hazırda layihənin həyata keçirilməsi üçün tikinti işlərinə başlanılmışdır. Bu isə rayonda yeni iş yerlərinin açılması və əhalinin maddi rifah halının yaxşılaşdırılması deməkdir.

Respublikamızda, eləcə də bölgələrimizdə təhsilin inkişafı üçün görülən məqsədyönlü işlərdən, "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra edilməsindən danışan rayon rəhbəri hazırda rayonumuzda əsaslı şəkildə yenidən qurulan S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbdə görülən işləri bunun əyani sübutu kimi qiymətləndirib. Bundan əlavə, bu il rayonda daha 3 məktəbin – Kosalar, Qaymaqlı və Kəmərli kənd məktəblərinin də əsaslı şəkildə yenidən qurulmasının nəzərdə tutulduğunu bildirib. Rayon rəhbəri ölkəmizdə elmin, təhsilin inkişafında Qazaxın xüsusi rolunun olduğunu qeyd edərək bildirib ki, Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı ölkə başçısının verdiyi 3 noyabr 2018-ci il tarixli Sərəncamı bunu bir daha sübut etdi. Bu Sərəncam onu göstərdi ki, Qazax hər zaman ziyalıları, tarixi şəxsiyyətləri ilə seçilib və bu, bundan sonra da belə olacaqdır. Təkcə Qazax Müəllimlər Seminariyası onu deməyə əsas verir ki, rayonda savadlı, bilikli gənclərimizin sayı günü-gündən artır.


Rayon rəhbəri vurğulayıb ki, sevindirici hallardan biri isə odur ki, gənclərimiz, məktəblilərimiz də dövlət tərəfindən göstərilən bu qayğını yüksək dəyərləndirərək öz uğurları ilə ölkə təhsilinə töhfə vermək üçün böyük səylə çalışırlar. Bu il qəbul imtahanlarının nəticələrinə görə Qazaxın respublika məktəbləri arasında 3-cü yerdə dayanması, qazaxlı məktəblilərin "Ölkəmizi tanıyaq” tur-aksiyasından birinci yeri tutaraq qalib kimi qayıtmaları bu dediklərimizi bir daha sübut etdi.

Rayon rəhbəri yola saldığımız 2018-ci ilin əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərlə də yadda qaldığını bildirib. Son iki il yarımda rayonda olan 163 ədəd çoxmənzilli yaşayış binasından artıq 129-nun təmir olunmasını və sakinlərin istifadəsinə verilməsini, bundan əlavə, rayonda sakinlərin istəyini nəzərə alaraq çoxmənzilli binaların həyətlərində xeyir-şər evlərinin tikilməsini yüksək dəyərləndirib. Həmin işlərin uğurla davam etdirildiyini və şəhərdə daha 4 binanın təmirinə başlanıldığını diqqətə çatdırıb.

İcra başçısı qeyd edib ki, bu gün Azərbaycan güclü bir dövlət kimi bütün dünyada söz sahibidir. Günü-gündən inkişaf edən ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrlə yanaşı, yol infrastrukturunun inkişafı istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkə başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlar bunun əyani sübutudur. Dövlət başçısının yeni avtomobil yollarının çəkilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə, Sərəncamlara uyğun olaraq Qazaxda bu sahədə məqsədyönlü işlərin görüldüyünü qeyd edən icra başçısı rayonda olan təmirli yollardan söz açıb. Bildirib ki, bu gün rayonda olan yüksək keyfiyyətli yollara misal olaraq Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərində yeni asfalt yolların çəkilişini göstərə bilərik. Ölkə başçısının Qazax rayonunun Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı 8 iyun 2018-ci il tarixli Sərancamı yol infrastrukturunun inkişaf etdirilməsi ilə yanaşı həm də sərhəddə yaşayan sakinlərə olan qayığının əyani təzahürüdür. Məhz həmin Sərəncama əsasən bu gün Cəfərli kənd sakinləri rahat şəkildə yeni asfalt yoldan istifadə edə bilirlər. Rayon rəhbəri hazırda uzunluğu 16 km olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun da yenidən bərpa olunduğunu bildirib və bu istiqamətdə görülən işlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb. Artıq 4,5 km uzunluğu olan Ürkməzli-Dəmirçilər yolunun yenidən qurularaq kənd sakinlərinin istifadəsinə verilməsini vətəndaşların rahatlığının təmin olunması sahəsində görülən işlər kimi qiymətləndirib.

Bağçalarda aparılan əsaslı yenidənqurma işlərindən söz açan icra başçısı yola saldığımız 2018-ci ilin bu sahədə əlamətdar olduğunu qeyd edib. Qazax rayonu üzrə olan 25 bağçadan 18-də müasir tələblərə cavab verən şəraitin yaradılmasını və körpə fidanların istifadəsinə verilməsini yüksək dəyərləndirib. Qeyd edib ki, bu gün rayondakı təmirli şəhər bağçalarından 1,2,3,4,5 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, Dəmirçilər, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları uşaqlara olan sonsuz qayğının bariz nümunəsidir. Bağçalarla bağlı görülən işlərin bu il də uğurla davam etdiriləcəyini vurğulayan rayon rəhbəri daha 7 bağçada da əsaslı şəkildə yenidənqurma işlərinin aparılmasının nəzərdə tutulduğunu qeyd edib. 

Rayon rəhbəri bildirib ki, son iki il yarımda gördüyümüz işlərdən biri də uzun illərdən bəri mövcud olan su probleminin aradan qaldırılması oldu. Həyata keçirdiyimiz məqsədyönlü işlər sayəsində artıq Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli su çəkilib. 2017-2018-ci illərdə rayonda su ilə bağlı görülən işləri, xüsusilə də artezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdiriləcəyini bildirib.

İcra başçısı vurğulayıb ki, Cəfərli kəndi sərhəddə yerləşməsinə, müharibənin ağrı-acılarını çox çəkməsinə baxmayaraq bu gün özünün inkişaf dövrünü yaşayır. Dövlət qayğısı ilə tam əhatə olunmuş kənd sakinləri kənd təsərrüfatı və heyvandarlıqla məşğul olurlar. Göstərilən diqqət və qayğının nəticəsidir ki, Cəfərli günü-gündən inkişaf edir.

Hesabat ilində Cəfərli kəndində də müvafiq işlərin görüldüyünü bildirən icra başçısı kənd sakinləri tərəfindən qaldırılan bütün məsələlərə həmişə diqqətlə yanaşıldığını, kənddə mövcud olan problemlərin zaman-zaman öz həllini tapdığını qeyd edib. Bildirib ki, bu gün sərhəd kəndləri fasiləsiz enerji, qaz ilə tam təmin olunur. 

Rayon rəhbəri vurğulayıb ki, bu gün rayonun sərhəddə yerləşən bir neçə kəndində su problemi var ki, həmin kəndlərdən biri də Cəfərli kəndidir. Qeyd edib ki, bu məsələnin də öz həllini tapması üçün lazımi işlərin görülməsi nəzərdə tutulub. Bundan əlavə, kənddə dam örtüyünün dəyişdirilməsinə ehtiyac olan evlər vardır ki, sizlər tərəfindən hər dəfə bu məsələ qaldırılıb. Bu il qeyd olunan həmin məsələ də öz müsbət həllini tapacaqdır.


Cəfərli kənd İƏD-si üzrə nümayəndə Şahin Mustafayev hesabat məruzəsində ölkəmizdə olduğu kimi, rayonumuzda da 2018-ci ilin bir çox hadisələrlə yadda qaldığını bildirib. Qeyd edib ki, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun gərgin əməyi nəticəsində iki il yarımdan artıq bir vaxtda Qazax şəhərində və kəndlərimizdə 10 illərə bərabər işlər görülmüşdür. Prezident İlham Əliyevin apardığı quruculuq siyasətinin Qazaxda olduğu kimi həyata keçirilməsinin nəticəsidir ki, rayonumuzda bir çox - təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələr inkişaf etmiş, uğurlu göstəricilər əldə edilmişdir.

Qeyd edib ki, Qazax rayonunda gedən sürətli inkişafı sərhəd kəndi olan Cəfərlinin timsalında aydın şəkildə görmək olar. Kənddə vaxtilə yığılıb qalmış bütün problemlər öz müsbət həllini tapıb. Cəfərli bütün infrastrukturla tam təmin olunub. Nümayəndəlikdə 352 təsərrüfat olmaqla 1499 nəfər əhali vardır. Onlar iki yaşayış məntəqəsində Cəfərli və Bala Cəfərli kəndlərində məskunlaşmışlar. Hər iki kənd rayon mərkəzindən 14 km məsafədə yerləşir. Nümayəndəliyin ərazisində iki müasir tipli məktəb, iki körpələr evi-uşaq bağçası, iki kitabxana, iki klub, bir poçt binası, bir həkim və bir feldşer-mama məntəqələri, bir EATS fəaliyyət göstərir.

2018-ci ilin tərtib olunmuş iş planına əsasən nümayəndəlikdə nəzərdə tutulmuş işlər əsas etibarı ilə vaxtında yerinə yetirilmişdir. 2018-ci ildə bütün dövlət tədbirləri, bayram şənlikləri yüksək səviyyədə təşkil olunmuş və həyata keçirilmişdir.

Hesabat ilində nümayəndəlik kənd sakinləri ilə birlikdə 16 dəfə ümumi yığıncaq keçirmiş, ictimaiyyət arasında xalqımızın milli adət ənənələrinin təbliğ olunması, milli mənəvi dəyərlərimizin qorunub saxlanması istiqamətində də müəyyən işlərin görülməsi diqqət mərkəzində saxlanılmışdır.

Əhali arasında yaranmış sosial və digər problemlərin həlli nümayəndəliyin iş planında öz əksini tapdığı üçün bu məsələlər vaxtında və yerində həll olunmuşdur. İl ərzində nümayəndəliyə 32 nəfər şifahi, 10 nəfər isə ərizə ilə müraciət etmişdir. 2018-ci ildə nümayəndəlikdə 2 nikah, 9 ölüm və 23 doğum aktı qeydə alınmışdır. Doğulan uşaqların 12-si qız, 11-i oğlandır.

Əhalidə olan mal-qaranın, qoyun və keçilərin, quşların uçotu aparılaraq təsərrüfatbaşına kitabda qeydiyyatı aparılmışdır. 1 yanvar 2019-cu il tarixdə nümayəndəlik üzrə  696 baş iribuynuzlu mal-qara, 3218 baş xırdabuynuzlu davar qeydə alınmışdır.

Nümayəndəliyin ərazisi Ermənistanla həmsərhəddə yerləşdiyi və torpaqların bir hissəsi işğal altında olduğu üçün kənddə torpaq islahatı aparılmamışdır. Buna görə də torpaq sahələri kənd əhalisinə müvəqqəti istifadə üçün icarəyə verilmişdir. Həmin sahələr dəmyə şəraitində yerləşdiyi üçün ondan ancaq taxılçılıq və təbii biçənək kimi istifadə etmək mümkündür. Bu il 2019-cu ilin məhsulu üçün nümayəndəlik üzrə 272 hektar sahədə buğda, 135 hektar sahədə arpa, 30 hektar sahədə vələmir, 20 hektar sahədə isə yonca əkilmişdir. Bundan başqa, Cəfərli kəndinin ərazisindən 138 hektar torpaq sahəsi Qazax Konserv Zavoduna kartof əkini üçün icarəyə verilmişdir. Bu sahələrin əkilib becərilməsində əsas işçi qüvvəsi kimi kənd sakinlərindən istifadə olunur ki, bu da əhalinin müəyyən hissəsinin təminatının yaxşılaşdırılmasına xeyli köməkdir. Bu işlərin 2019-cildə də davam etdirilməsi nəzərdə tutulmuşdur.

2018-ci il nümayəndəlik üzrə tütün və barama istehsalında da yaddaqalan olmuşdur. Belə ki, nümayəndəlik tərəfindən hesabat ilində 100 qram baramaqurdu götürülmüş, nəzərdə tutulan 200 kq barama istehsalına qarşı 326 kq barama təhvil verilmişdir. Barama istehsalında 8 nəfər işçi çalışmışdır. Ölkə Prezidenti tərəfindən tütünçülüyün inkişafı üçün dövlət proqramının təsdiqlənməsindən sonra Qazax rayonunda da tütün becərilməsinə başlanılmışdır. Bu məqsədlə rayonda tütünçülüyün inkişafı ilə əlaqədar 2016-cı ildə 10 hektar sahədə tütün becərilmişdirsə, 2017-ci ildə bu rəqəm artırılaraq 50 hektara, 2018-ci ildə isə 60 hektara çatdırılmışdır və sahələrdən yüksək məhsuldarlıq əldə olunmuşdur. Cəfərli kəndində də tütünçülüyün inkişafı ilə əlaqədar 3 hektar torpaq sahəsində tütün əkilmiş, sahələrdən 6002 kq məhsul yığılaraq "Şəki-İpək” ASC-nin nümayəndələrinə təhvil verilmişdir.

Kənd təsərrüfatı məhsulları istehsalının səmərəsini artırmaq və həmin məhsulların istehsalçılarına dövlət tərəfindən maliyyə yardımının göstərilməsini təmin etmək məqsədi ilə Respublika Prezidentinin 23 yanvar 2007-ci il tarixli Sərəncamına uyğun olaraq kənd təsərrüfatı məhsullarının istehsalçısına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi işi müvəffəqiyyətlə aparılmış2018-ci ilin avqust ayında 199 ailəyə 40365 manat pul vəsaiti ödənilmişdir.

Qazax Bitki Mühafizəsi İdarəsinin işçiləri ilə əlaqə saxlanılır və əkin sahələrinin dərmanlanması üçün əhali arasında maarifləndirmə işləri aparılır. Kənddə rayon baytarlıq idarəsinin işçisi tərəfindən mütəmadi olaraq mal qara və quşlarda baş verə biləcək xəstəliklərin qarşısını almaq üçün əhali arasında profilaktik tədbirlər aparılır və peyvəndlər edilir.

Əhaliyə tibbi xidmət yüksək səviyyədə aparılır. Bunun üçün hər iki kənddə tikilmiş müasir tipli hər cür şəraiti olan tibb məntəqəsi fəaliyyət göstərir. Hər iki tibb məntəqəsində əhaliyə tibbi yardımlar göstərilir, antisanitariyaya ciddi riayət olunur. İşçilər daim əhali arasında olaraq sakinlərin təmizliyə riayət etməsi üçün maairfləndirici söhbətlər aparırlar. Kəndarası küçələrdə səliqə-səhmana xüsusi diqqət yetirilir. Rayon rəhbərliyinin dəstəyi ilə kənd ərazisində yerləşən məişət tullantıları üçün ayrılmış ərazi texnika vasitəsilə təmizlənərək səliqə-səhman işləri aparılmışdır. Bundan başqa, nümayəndəliyin gördüyü işlər sırasına kənd qəbiristanlığında aparılan abadlıq və təmizlik işlərini də daxil etmək olar. Belə ki, kənd qəbiristanlığının bərbad vəziyyətdə olan ətrafı dəmir torla yenidən təmir olunmuş və qəbiristanlıqda daim iməclik işləri aparılmışdır.

Cəfərli və Bala Cəfərli kəndlərində hal-hazırda 5 ədəd artezian quyusu vardır. Bu quyularda hər hansı bir nasazlıq baş verərsə subartezian quyuları idarəsinin köməkliyi və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə aradan qaldırılır. Həmin quyulardan biri uzun müddət keçən quraqlıq səbəbindən qurumuş,hal-hazırda fəaliyyət göstərmir.

Cəfərli kəndinin aşağı hissəsində yerləşən artezian quyusunun yanında qurulmuş nasoslarla kənddəki bütün evlərə gündəlik fasilələrlə içməli su vurulur. Bu yaxınlarda rayon rəhbərliyinin dəstəyi ilə kənddə yeni bir artezian quyusunun qazılması artıq təsdiq olunmuş və yeri müəyyən edilmişdir.

Cəfərli və Bala Cəfərli kəndlərində 2018-ci ildə elektrik enerjisinin verilməsində heç bir problem olmamışdır. Güc transformatorlarında hər hansı nasazlıq baş verdikdə bu da rayon paylayıcı elektrik şəbəkəsinin köməkliyi ilə aradan qaldırılır. Kənddə yaşayış evlərinə yaxın olan, həmişə kənd sakinləri üçün təhlükə törədən iki ədəd transformatorun kənarları dəmir hasara alınmış, rənglənərək səliqəli vəziyyətə salınmışdır. Cəfərli və Bala Cəfərli kəndlərində elektrik təchizatı sistemində artıq yeniləşmə işlərinə başlanılmışdır. Bala Cəfərli kəndində SİB kabelləşmə işi başa çatdırılmış, köhnə tipli elektirik sayğacları yeni SMART tipli sayğaclarla əvəz olunmuşdur. Cəfərli kəndində isə kabelləşmə artıq başa çatdırılmış, hazırda  transformatorların dəyişdirilməsi və yeni sayğacların quraşdırılması işləri davam etdirilir.

Cəfərli və Bala Cəfərli kəndləri tamamilə qazlaşdırılmışdır. Təbii qazın verilməsində heç bir problem yoxdur. Qaz istismar sahəsinin nəzarəti sayəsində bütün çatışmazlıqlar öz həllini tapır. Hər iki kəndin əhalisi qaz və elektrik enerjisinin dəyərinin ödənilməsindən azaddırlar. Belə ki, dövlət tərəfindən onlara ayrılmış limitdən istifadə edirlər. Vətəndaşlar limitdən əlavə sərf etdikləri qazın və elektrik enerjisinin dəyərini kənddə yerləşən poçt şöbəsinə ödəyirlər.

Bala Cəfərli və Cəfərli kənd sakinlərinin istifadəsi üçün ayrılan qaz və elektrik enerjisi limitləri ləğv edilmişdi. Qazax rayonunun digər sərhəd kəndləri kimi, Cəfərli və Bala Cəfərli kəndlərinin əhalisi də istifadə edilən qaz və elektrik enerjisi üçün ayrılmış limitlərin ləğv edilməsindən çox böyük əziyyət çəkirdilər. İstifadə edilən qaz və elektrik enerjisinin dəyərinin ödənilməsi əhali arasında böyük narahatlıq yaratmışdı. Bu məsələ də rayon rəhbərliyinin köməkliyi ilə həll olundu və kənd sakinlərinin sevincinə səbəb oldu. Bu gün Qazax yeganə sərhəd rayonudur ki, 5 kəndi, o cümlədən Cəfərli və Bala Cəfərli kəndlərinin əhalisi istifadə etdikləri qaz və elektrik enerjisinin dəyərinin ödənilməsindən azaddırlar. Bu da dövlət başçımızın əhaliyə, xalqımıza olan qayğısının bir nümunəsidir. Bunun üçün də həm Prezidentimizə, həm də rayon rəhbərinə əhalimiz adından minnətdarlığımızı bildiririk.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonumuza başçı təyin olunduğu ilk günlərdən mütəmadi olaraq Cəfərli və Bala Cəfərli kənd sakinləri ilə görüşür, onların bütün problemləri ilə yaxından tanış olur və həmin problemlərin həlli istiqamətində konkret tapşırıqlar verir.  

Rayon rəhbərinin qayğısı sayəsində Bala Cəfərli kəndində yığılıb qalmış bir sıra problemlərin həll olunması istiqamətində mühüm işlər görülmüşdür. Belə ki, Bala Cəfərli kəndinə gedən asfalt yol cari təmir edilmiş, kənddə bir ədəd avtobus dayanacağı tikilmiş, Bala Cəfərli kənd sakini Qasımova Nuriyyə Tofiq qızının evinin dam örtüyü, bir otağının döşəməsi və evin pəncərələri dəyişdirilmiş, evinin qarşısına 13 metr uzunluğunda istinad divarı çəkilmişdir. Bundan başqa, kənddə yaşayan 24 ailənin evinin dam örtüyü dəyişdirilmiş, kənd sakinlərinin hər birinin həyətinə içməli su xətti çəkilmişdir.

16 ailənin maddi rifah halının yaxşılaşdırılması üçün hər birinə 1100 manat məbləğində birdəfəlik maddi yardım verilmişdir. Kəndin mərkəzində yerləşən artezian quyusu təmir edilərək rənglənmiş və işlək vəziyyətə gətirilmişdir. Cəfərli kəndində şəhid ailəsi Sədaqət Almazovaya həyətinə hasar çəkilməsi və birinci qrup əlil Məmməd Qarasaqqalova evinin təmiri üçün tikinti materialları verilmişdir.

Nəqliyyat cəhətdən də kənd sakinlərinin təminatı yaxşı təşkil edilmişdir. Cəfərli kəndində 3, Bala Cəfərli kəndində isə 1 kiçik həcmli avtobus əhaliyə xidmət göstərir. Bu işlərə də tərəfimizdən ciddi nəzarət edilir. Bala Cəfərli kəndində məktəb 4 illik olduğu üçün şagirdlər Qazax şəhərində oxumaq məcburiyyətində qalırlar. Həmin şagirdlərin məktəbə aparılıb gətirilməsi rayon rəhbərliyinin köməkliyi ilə təşkil olunmuşdur.

Cəfərli kəndində fəaliyyət göstərən ən böyük müəssisələrdən biri də Cəfərli kənd tam orta məktəbidir. Nümayəndəlik hər iki kənddə yerləşən məktəblə daim əlaqə saxlayır, əmək intizamının, dərsə davamiyyətin təmin edilməsində və zəruri ehtiyaclarının ödənilməsində məktəb rəhbərliyinə yaxından köməklik göstərir.

Cəfərli kənd tam orta məktəbində 109 nəfər, Bala Cəfərli ibtidai məktəbdə  5 nəfər şagird  təhsil alır. Onların təlim–tərbiyyəsi ilə 26 nəfər müəllim məşgul olur. Ötən dərs ilində Cəfərli kənd tam orta məktəbini 5 nəfər məzun bitirmiş, onlardan 4 nəfəri ali məktəbə sənəd vermişlər. Həmin məzunlardan da 3 nəfəri ali məktəbə, 1 nəfəri isə orta ixtisas məktəbinə qəbul olmuşdur.

Bundan başqa, hər iki kənddə yerləşən uşaq bağçaları daim nəzarətimizdədir. Cəfərli kəndində yerləşən 20 yerlik uşaq bağçası neçə illər idi ki, çox bərbad gündə idi, otaqlar darısqal və təmirsiz idi. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi ilə yeni bağça binası tikilib, hər cür avadanlıqlarla təmin olunaraq uşaqların istifadəsinə verilmişdir. Bala Cəfərli kəndində yerləşən uşaq bağçada yenidən təmir olunmuş, hər cür avadanlıqlarla təmin olunaraq uşaqların istifadəsinə verilmişdir. Buna görə kənd sakinləri və valideynlər rayon rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

Kənd əhalisinin uzun illər həsrətində olduğu yol problemi də rayon rəhbərliyininsəyi nəticəsində artıq həllini tapmışdır. Kəndarası yollara çınqıl döşənməsi işləri də mütəmadi olaraq aparılır. Belə ki, Bala Cəfərli kəndində çınqıl döşənməsi işləri başa çatdırılmışdır. Cəfərli kəndində isə bu işlərin çox hissəsi görülmüş, qalan hissəsinin isə yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur.

Bildiyimiz kimi, döyüş bölgələrində sərhədlərin mühafizəsi artıq Dövlət Sərhəd Xidməti qoşunlarına həvalə edilmişdir. Bununla əlaqədar Dövlət Sərhəd Xidmətinin əməkdaşları, yüksək rütbəli zabitləri ilə kənd əhalisinin görüşləri keçirilmişdir. Əhalinin təhlükəsizliyi baxımından sərhəd zonasında müəyyən məhdudiyyətlər, davranış qaydaları haqqında təbliğati söhbətlər aparılmışdır. Sərhəd Xidməti qoşunlarının yerləşdirilməsi, onların xidmət yerlərində müəyyən infrastrukturların yaradılmasında kənd əhalisindən də işçi qüvvəsi kimi istifadə olunur. Sərhədçilərlə kənd ictimaiyyəti, İƏD nümayəndəliyi və məktəb rəhbərliyi arasında səmimi münasibət yaranmışdır. Bunun nəticəsidir ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə keçirilən ümumməktəb tədbirində Dövlət Sərhəd Xidməti qoşunlarının əməkdaşları iştirak etmiş və rəhbərlik adından məktəbə  bayram hədiyyələri vermişlər.

Kənd ağsaqqalarından Sabir Vəliyev Telman Kosayev, sakinlərdən Seyfəddin Vəliyev, Məzahir Mustafayev, Ceyhun Rəhimov, Cəfərli kənd uşaq bağçasının müdiri Gülcöhrə Əsədova və başqaları çıxış edərək sərhəd kəndinin sakinlərinə göstərdiyi böyük diqqət və qayğıya, Cəfərli və Bala Cəfərli kəndlərinin günü-gündən inkişaf etməsinə və görülən bütün işlərə görə Prezident İlham Əliyevə, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər qeyd ediblər ki, "Sizinlə keçirilən hər bir görüş biz sakinlərin qayğılarının həll olunması deməkdir. Bu gün biz sərhəddə yaşayan sakinlər keçirilən bu görüşləri əsl toy, bayram kimi qeyd edirik. Çünki biz bilirik ki, görüş zamanı qaldırılan və həlli mümkün olan nə məsələ varsa, o Sizin sayənizdə mütləq öz həllini tapacaqdır. Ən əsası isə Siz rayon rəhbəri kimi təyin olunan ilk gündən sərhəddə yaşayan sakinlərə diqqət və qayğı ilə yanaşırsınız. Ağsaqqallara, ziyalılara, körpə balalara xüsusi qayğı göstərirsiniz. Bu, ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amilinin hər zaman ön plana çəkilməsi deməkdir. Son iki il yarımdır ki, Cəfərli və Bala Cəfərli kənd sakinləri bu diqqət və qayğını hər an hiss edirlər”.

Sonda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hesabat yığıncağına yekun vuraraq sakinlərin minnətdarlıq dolu ürək sözlərinə razılığını bildirib, onlara göstərilən diqqət və qayğının bundan sonra da belə olacağını qeyd edib.








GOYEZEN.AZ



Facebook-da paylaş