• Təqvim

  • Unutma

  • Maraq



20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib


Qanlı Yanvar faciəsi Azərbaycanın azadlıq mübarizəsi tarixində, müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq səhifələrindən biridir. Bu gün 1990-cı ilin 20 Yanvarından 30 il ötsə belə xalqımız həmin günü böyük ehtiramla yad edir. 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında ölkə Prezidenti İlham Əliyev tərəfindən 13 dekabr 2019-cu il tarixli Sərəncamın imzalanması, həmin Sərəncamda Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimlərinin keçirilməsi, ildönümlə bağlı tədbirlər planının hazırlanması və onun həyata keçirilməsinin öz əksini tapması bunun bariz nümunəsidir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin Sərəncamı ilə təsdiq edilən "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı"na əsasən silsilə tədbirlərin keçirilməsinə start verilib.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 20 Yanvar faciəsi anım tədbirləri ilə qeyd olunur, azadlıq fədailərinin əziz xatirəsi böyük ehtiramla xatırlanır. Bununla əlaqədar Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 29 dekabr 2019-cu il tarixli 9-21/234 nömrəli Sərəncamına əsasən tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planına uyğun olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə, mədəniyyət ocaqlarında 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlər davam edir.
Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatında, Rayon Maliyyə İdarəsində, Baytarlıq İdarəsində, Qazax Olimpiya Kompleksində, DSMF-nin Qazax Rayon şöbəsində, Magistral Qaz Kəmərləri Sahəsində, "Socar Petroleum” QSC-nin 7 saylı Qazax Neft Terminalı bazasında, Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi şöbəsində anım tədbirləri keçirilib.

Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirlərdə 20 Yanvar hadisələrinin baş verməsinin səbəbləri və nəticələri haqqında məlumat verilib, bu qanlı hadisənin Azərbaycanın azadlıq mübarizəsi tarixində şərəf və qəhrəmanlıq səhifələrindən biri olduğu xüsusi vurğulanıb. 20 Yanvarın Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinə öz möhürünü vurmuş bir gün və böyük bir prosesin başlanğıcında əsaslı dönüş nöqtəsi olması bildirilib.

Qeyd olunubki, 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir. Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 30 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Çıxışlarda Qanlı 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsindən də söz açılıb. O zaman yalnız Ümummilli Lider Heydər Əliyevin bütün çətinliklərə baxmayaraq 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlməsi və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etməsi qeyd edilib.

Vurğulanıb ki, 1993-cü ilin ikinci yarısında Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 5 yanvar tarixli Fərmanında deyilir: "Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”. Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
Bildirilib ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

Çıxışlarda zaman keçdikcə tariximizin həm qəhrəmanlıq səhifələrini, həm də faciəli səhifələrini yad etməyin, gələcək nəsillərə xatırlatmağın əhəmiyyətli olduğu diqqətə çatdırılıb. 20 Yanvar hadisələri zamanı göstərilən qəhrəmanlığın, şücaətin, xalqın birliyinin hamıya örnək olduğu bir daha vurğulanıb.

















 

GOYEZEN.AZ 



Facebook-da paylaş