Qanlı Yanvar faciəsi Azərbaycanın azadlıq mübarizəsi tarixində, müstəqilliyə
gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq səhifələrindən
biridir. Bu gün 1990-cı ilin 20 Yanvarından 30 il ötsə belə
xalqımız həmin günü böyük ehtiramla yad edir. 20 Yanvar faciəsinin
otuzuncu ildönümü haqqında ölkə Prezidenti İlham Əliyev tərəfindən 13 dekabr
2019-cu il tarixli Sərəncamın imzalanması, həmin Sərəncamda Azərbaycan
Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar
faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimlərinin keçirilməsi,
ildönümlə bağlı tədbirlər planının hazırlanması və onun həyata keçirilməsinin
öz əksini tapması bunun bariz nümunəsidir. Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin Sərəncamı ilə təsdiq
edilən "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər
planı"na əsasən silsilə tədbirlərin keçirilməsinə start verilib.
Respublikamızın
hər yerində olduğu kimi, Qazaxda da 20 Yanvar faciəsi anım tədbirləri ilə
qeyd olunur, azadlıq fədailərinin əziz xatirəsi böyük ehtiramla xatırlanır. Bununla
əlaqədar Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 29 dekabr
2019-cu il tarixli 9-21/234 nömrəli Sərəncamına əsasən tədbirlər planı
hazırlanıb. Həmin tədbirlər planına uyğun olaraq rayonun bütün idarə,
müəssisə və təşkilatlarında, təhsil, səhiyyə, mədəniyyət ocaqlarında 20
Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlər davam
edir.
Yeni Azərbaycan
Partiyası Qazax Rayon Təşkilatında, Rayon Maliyyə İdarəsində, Baytarlıq
İdarəsində, Qazax Olimpiya Kompleksində, DSMF-nin Qazax Rayon şöbəsində, Magistral Qaz Kəmərləri Sahəsində, "Socar
Petroleum” QSC-nin 7 saylı Qazax Neft Terminalı bazasında, Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi şöbəsində anım tədbirləri keçirilib.
Şəhidlərin əziz xatirəsinin bir
dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirlərdə 20 Yanvar hadisələrinin
baş verməsinin səbəbləri və nəticələri haqqında məlumat verilib, bu qanlı hadisənin
Azərbaycanın azadlıq mübarizəsi tarixində şərəf və qəhrəmanlıq səhifələrindən
biri olduğu xüsusi vurğulanıb. 20 Yanvarın Azərbaycan xalqının müstəqillik
uğrunda mübarizə tarixinə öz möhürünü vurmuş bir gün və böyük bir prosesin
başlanğıcında əsaslı dönüş nöqtəsi olması bildirilib.
Qeyd olunubki, 1990-cı ildə
Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli
hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti
təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ
hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan
ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il
20 Yanvar hadisələrindən artıq 30 il keçir. Keçmiş sovet dövlətinin hərb
maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz
insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli
azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı
təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması
totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün
dünyaya bir daha nümayiş etdirdi.
Çıxışlarda Qanlı 20
Yanvar hadisələrinə siyasi qiymət verilməsindən də söz açılıb. O zaman
yalnız Ümummilli Lider Heydər Əliyevin bütün çətinliklərə baxmayaraq 1990-cı il
yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan
nümayəndəliyinə gəlməsi və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə
ittiham edərək bəyanatla çıxış etməsi qeyd edilib.
Vurğulanıb ki, 1993-cü ilin
ikinci yarısında Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə
1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi
qiymət verildi. "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 5 yanvar tarixli
Fərmanında deyilir: "Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil
olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi
uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin
gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar
hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”.
Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin
verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə
baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü
il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar
faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
Bildirilib ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan
xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin
müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə
yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.
Çıxışlarda zaman keçdikcə
tariximizin həm qəhrəmanlıq səhifələrini, həm də faciəli səhifələrini yad etməyin,
gələcək nəsillərə xatırlatmağın əhəmiyyətli olduğu diqqətə çatdırılıb. 20
Yanvar hadisələri zamanı göstərilən qəhrəmanlığın, şücaətin, xalqın birliyinin hamıya
örnək olduğu bir daha vurğulanıb.
GOYEZEN.AZ
Geri qayıt
|