• Təqvim

  • Maraq



20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib


Qanlı 20 Yanvar – müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi. Bəli, Azərbaycan tarixinə qürur və şərəf mübarizəsi kimi yazılan 1990-cı ilin 20 Yanvarından otuz il ötməsinə baxmayaraq xalqımız həmin günü böyük ehtiramla yad edir. 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında ölkə Prezidenti İlham Əliyev tərəfindən 13 dekabr 2019-cu il tarixli Sərəncamın imzalanması, həmin Sərəncamda Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimlərinin keçirilməsi, ildönümlə bağlı tədbirlər planının hazırlanması və onun həyata keçirilməsinin öz əksini tapması bunun bariz nümunəsidir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin Sərəncamı ilə təsdiq edilən "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı"na əsasən silsilə tədbirlərin keçirilməsinə start verilib.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 20 Yanvar hadisələri anım tədbirləri ilə qeyd olunur, azadlıq fədailərinin əziz xatirəsi böyük ehtiramla xatırlanır. Bununla əlaqədar Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 29 dekabr 2019-cu il tarixli 9-21/234 nömrəli Sərəncamına əsasən tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planına uyğun olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə, mədəniyyət ocaqlarında 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlər davam edir.
"Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağında, Qazax Poçt filialında, Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət Sahəsində, Rayon Melioservis İdarəsində, Suvarma Sistemləri İdarəsində, Gənclər və İdman İdarəsində, 
Qazax Elektrik Şəbəkəsində anım tədbirləri keçirilib.

Tədbirlərdə əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının, Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən igid oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Anım tədbirlərindəçıxış edənlər bildiriblər ki, 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir. Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 30 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Çıxışlarda Qanlı 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsindən də söz açılıb. O zaman yalnız Ümummilli Lider Heydər Əliyevin bütün çətinliklərə baxmayaraq 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlməsi və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etməsi qeyd edilib. Çıxış edənlər vurğulayıblar ki, 1993-cü ilin ikinci yarısında Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra, 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 5 yanvar tarixli Fərmanında deyilir: "Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”. Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.








GOYEZEN.AZ



Facebook-da paylaş