Qanlı 20 Yanvar – müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq
salnaməsi. Bəli, Azərbaycan tarixinə qürur və
şərəf mübarizəsi kimi yazılan 1990-cı ilin
20 Yanvarından otuz il ötməsinə baxmayaraq xalqımız həmin günü
böyük ehtiramla yad edir. 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında ölkə
Prezidenti İlham Əliyev tərəfindən 13 dekabr 2019-cu il tarixli Sərəncamın
imzalanması, həmin Sərəncamda Azərbaycan Respublikasının ərazisində və
ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr
olunmuş anma mərasimlərinin keçirilməsi, ildönümlə bağlı tədbirlər planının
hazırlanması və onun həyata keçirilməsinin öz əksini tapması bunun bariz
nümunəsidir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının
rəhbəri Samir Nuriyevin Sərəncamı ilə təsdiq edilən "20 Yanvar
faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı"na əsasən silsilə
tədbirlərin keçirilməsinə start verilib.
Respublikamızın
hər yerində olduğu kimi, Qazaxda da 20
Yanvar hadisələri anım tədbirləri ilə qeyd olunur, azadlıq fədailərinin əziz
xatirəsi böyük ehtiramla xatırlanır. Bununla əlaqədar Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 29 dekabr 2019-cu il tarixli 9-21/234
nömrəli Sərəncamına əsasən tədbirlər planı hazırlanıb. Həmin tədbirlər
planına uyğun olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarında, təhsil,
səhiyyə, mədəniyyət ocaqlarında 20 Yanvar faciəsinin
30-cu ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlər davam edir.
"Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağında, Qazax Poçt filialında, Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax
Xidmət Sahəsində, Rayon Melioservis İdarəsində, Suvarma
Sistemləri İdarəsində, Gənclər və İdman İdarəsində, Qazax Elektrik Şəbəkəsində anım tədbirləri keçirilib.
Tədbirlərdə əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının, Vətənimizin azadlığı, müstəqilliyi
və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən igid oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Anım tədbirlərindəçıxış edənlər bildiriblər
ki, 1990-cı ildə
Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr
XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü
idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri,
Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki
əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir. Azərbaycan xalqının
tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən
artıq 30 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan
xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır
cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda
mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız
insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində
onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Çıxışlarda Qanlı 20 Yanvar hadisələrinə siyasi qiymət
verilməsindən də söz açılıb. O zaman yalnız Ümummilli Lider
Heydər Əliyevin bütün çətinliklərə baxmayaraq 1990-cı il yanvarın 21-də siyasi
iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlməsi və SSRİ rəhbərliyinin
törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etməsi qeyd edilib.
Çıxış edənlər vurğulayıblar ki, 1993-cü ilin ikinci yarısında Ulu Öndər Heydər
Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik
ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra, 1990-cı ilin qanlı
Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. "20
Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 1994-cü il 5 yanvar tarixli Fərmanında deyilir:
"Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin
yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini
vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi
ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi
siyasi-hüquqi qiymət verilməmişdir”. Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə
tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi
sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə
müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət
ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam
siyasi-hüquqi qiymət verildi.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa
da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra
bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə
parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.
Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi
xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.
GOYEZEN.AZ
Geri qayıt
|