• Təqvim

  • Maraq



Sərhəd kəndi Fərəhlidə yeni asfalt yolun çəkilişindən - FOTO/VİDEO


Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi altında daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də ölkəmizdə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdir. Bunu dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı sərəncamlardan da aydın şəkildə görmək olur. Sevindirici haldır ki, paytaxt Bakıda, eləcə də digər şəhər və rayonlarda bu sahədə görülmüş işlər Qazaxda da uğurla yerinə yetirilir. Ölkə Prezidentinin qayğısı sayəsində son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, CəfərliDaş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt yolların çəkilməsi bu sahədə görülən işlərin əyani sübutudur.

Rayonda uzun illər istifadə olunduğundan yararsız vəziyyətə düşən Fərəhli kənd yolunun da əsaslı şəkildə təmir olunmasına böyük ehtiyac vardı. Kənd sakinləri tərəfindən Qazax Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətə əsasən həmin yol dəfələrlə qum-çınqıl tökülərək cari təmir edilsə də Fərəhli yoluna asfalt örtüyün çəkilməsi labüd idi. Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidovun Fərəhli kəndində seçicilərlə keçirdiyi görüşdə sakinlər tərəfindən kənd yolunun çəkilməsi ilə bağlı qaldırılan məsələnin bu gün öz müsbət həllini tapması dövlətin və dövlət başçısının vətəndaşlara olan növbəti qayğısı oldu. Ölkə başçısının 10 sentyabr 2020-ci il tarixli sərəncamına əsasən düşmənlə sərhəddə yerləşən Fərəhli kəndinə yeni asfalt yolun çəkilməsinə başlanılması bir daha onu göstərdi ki, bu sahədə görülən işlər bundan sonra da uğurla davam etdiriləcək.  

Hazırda yol yatağı 9-12 metr enində genişləndirilir və əsasın qurulması işləri aparılır. Kənd sakinləri Fərəhli avtomobil yolunun əsaslı təmir olunması xəbərini bu gün də razılıq hissi ilə qarşılayırlar. Ölkə başçısına kəndə yeni asfalt yolun çəkilməsi ilə bağlı imzaladığı sərəncama görə təşəkkürlərini çatdırırlar. Bunu istər ölkə Prezidenti İlham Əliyevə ünvanladıqları minnətdarlıq məktubunda, istərsə də hər dəfə çıxışları zamanı qeyd edirlər. Kəndə yeni asfalt yolun çəkilməsi ilə bağlı qaldırdıqları məsələnin qısa bir müddətdə müsbət həllini tapmasında, aidiyyəti orqanlar qarşısında məsələ qaldırılmasında əziyyəti keçən millət vəkili Səməd Seyidova və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.











 

GOYEZEN.AZ



Facebook-da paylaş