Bu gün cənab Prezident İlham Əliyevin
rəhbərliyi altında daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də ölkəmizdə
yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdir.
Bunu dövlət başçısının respublika
və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə
yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı sərəncamlardan da aydın
şəkildə görmək olur. Sevindirici haldır ki, paytaxt Bakıda, eləcə də digər
şəhər və rayonlarda bu sahədə görülmüş işlər Qazaxda da
uğurla yerinə yetirilir. Ölkə Prezidentinin qayğısı sayəsində son illər
rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı
Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli,
Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə
yeni asfalt yolların çəkilməsi bu sahədə görülən işlərin əyani sübutudur.
Rayonda uzun illər istifadə olunduğundan yararsız vəziyyətə
düşən Fərəhli kənd yolunun da əsaslı şəkildə təmir olunmasına böyük ehtiyac
vardı. Kənd sakinləri tərəfindən Qazax Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətə
əsasən həmin yol dəfələrlə qum-çınqıl tökülərək cari təmir edilsə də Fərəhli
yoluna asfalt örtüyün çəkilməsi labüd idi. Azərbaycan Respublikası
Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin sədri, millət vəkili Səməd Seyidovun Fərəhli kəndində seçicilərlə
keçirdiyi görüşdə sakinlər tərəfindən kənd yolunun çəkilməsi ilə bağlı
qaldırılan məsələnin bu gün öz müsbət həllini tapması dövlətin və dövlət
başçısının vətəndaşlara olan növbəti qayğısı oldu. Ölkə
başçısının 10 sentyabr 2020-ci il tarixli sərəncamına əsasən düşmənlə sərhəddə yerləşən Fərəhli kəndinə
yeni asfalt yolun çəkilməsinə başlanılması bir daha onu göstərdi ki, bu sahədə
görülən işlər bundan sonra da uğurla davam etdiriləcək.
Hazırda yol yatağı 9-12 metr enində
genişləndirilir və əsasın qurulması işləri aparılır. Kənd sakinləri Fərəhli avtomobil yolunun əsaslı təmir
olunması xəbərini bu gün də razılıq hissi ilə qarşılayırlar. Ölkə başçısına
kəndə yeni asfalt yolun çəkilməsi ilə bağlı imzaladığı sərəncama görə
təşəkkürlərini çatdırırlar. Bunu istər ölkə Prezidenti İlham Əliyevə
ünvanladıqları minnətdarlıq məktubunda, istərsə də hər dəfə çıxışları zamanı
qeyd edirlər. Kəndə yeni asfalt yolun çəkilməsi ilə bağlı qaldırdıqları
məsələnin qısa bir müddətdə müsbət həllini tapmasında, aidiyyəti orqanlar
qarşısında məsələ qaldırılmasında əziyyəti keçən millət vəkili Səməd Seyidova
və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.
GOYEZEN.AZ
Geri qayıt
|