• Təqvim

  • Maraq



Qazaxda narkomaniyaya qarşı maarifləndirici tədbirlər davam etdirilir


Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın Tədbirlər Planına uyğun olaraq məktəblilərin iştirakı ilə narkomaniyaya qarşı mübarizə məqsədilə keçirilən silsilə tədbirlər davam etdirilir. 

Növbəti maarifləndirici tədbir oktyabrın 17-də Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbdə keçirilib. Sözügedən tədbirə Qazax rayon Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli, Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli və Qazax rayon Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəblərin şagirdləri qatılıblar. 

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Qazax rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas Rövşən Məhərrəmli, DTX Qazax Rayon İdarəsinin əməkdaşı Nurlan Əzizov, Daş Salahlı Polis Bölməsinin rəis əvəzi Murad Hüseynzadə, Daş Salahlı Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı Pərvin Aşırov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunun aparıcı məsləhətçisi Təranə Səmədova, adı çəkilən məktəblərin direktorları, psixoloqları, yuxarı sinif şagirdləri iştirak ediblər.


Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova tədbiri giriş sözü ilə açaraq məktəbliləri rayon rəhbərliyinin adından salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. K.Cəfərova bugünkü tədbirin əsas məqsədi bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə aparılan mübarizə tədbirlərindən söz açmaq, ağ ölümə qarşı mübarizə aparmağın vacibliyini bir daha diqqətə çatdırmaq olduğunu bildirib. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən bu sahədə görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan K.Cəfərova mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. Respublika Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsini bu sahədə atılan uğurlu addımların bariz nümunəsi kimi qiymətləndirib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu söyləyib. K.Cəfərova rayon rəhbərliyinin bütün sahələri olduğu kimi, narkomaniya ilə mübarizə sahəsini də daim diqqət mərkəzində saxladığını, ilk gündən barışmaz mövqedə olduğunu qeyd edib. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın Tədbirlər Planına uyğun olaraq keçirilən bugünkü tədbirin böyük əhəmiyyət daşıdığını qeyd edib. K.Cəfərova çıxışı zamanı erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən, erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olmasından da söz açıb. K.Cəfərova həmçinin, hər il ölkəmizdə 20 oktyabr-20 noyabr tarixlərində “Uşaq hüquqları aylığı”nın elan edildiyini diqqətə çatdırıb. Aylığın keçirilməsində əsas məqsədin uşaqlara diqqət və qayğının daha da artırılması, uşaq hüquqlarının həyata keçirilməsinin və onların daha effektiv müdafiəsinin təmin olunması olduğunu bildirib. Hər il aylıq çərçivəsində Ombudsman Aparatı, mərkəzi və yerli icra hakimiyyəti orqanları, vətəndaş cəmiyyəti institutları, o cümlədən QHT və KİV-lərin nümayəndələri, icmalar tərəfindən uşaq hüquqlarına dair müxtəlif maarifləndirmə tədbirlərinin keçirildiyini söyləyib. Bugünkü tədbirin də sözügedən aylıq ərəfəsində təşkil edildiyini və böyük əhəmiyyəti olduğunu qeyd edib.


Qazax rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas Rövşən Məhərrəmli çıxış edərək bildirib ki, sağlam cəmiyyətin formalaşması üçün narkomaniya ilə mübarizə mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə əsas məqsəd yeniyetmə və gənclərin belə zərərli vərdişlərdən uzaq durmalarına nail olmaq və maarifləndirmə işini lazımi səviyyədə aparmaqdır. Diqqətə çatdırıb ki, narkomanlığa və narkotiklərə qarşı effektiv mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə bu istiqamətdə atılan addımlar, həyata keçirilən mübarizə tədbirləri nəticəsində mühüm uğurlar əldə olunub. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda məhz maarifləndirmə məsələlərinə xüsusi yer verildiyini qeyd edib.


DTX Qazax Rayon İdarəsinin əməkdaşı Nurlan Əzizov çıxışı zamanı qeyd edib ki, son dövrlərdə İİR və Avropa ölkələri respublika ərazisində əsasən yeniyetmə, həddi buluğa çatmayan uşaqları təsir dairəsinə salaraq Azərbaycan ərazisində həyata keçirdikləri məkrli siyasətdə, kəşfiyyat-pozuculuq fəaliyyətində istifadə edirlər. Belə ki, dünya görüşü tam şəkildə formalaşmayan gənclər xarici ölkələrin xüsusi xidmət orqanları və onların AR ərazisindəki nümayəndələri tərəfindən din pərdəsi altında maddi, mənəvi və digər əsaslarla təsir dairəsinə salınır, həmin şəxslərdə dövlətə, millətə, elmə qarşı nifrət yaradılır. Bu fəaliyyətin qarşısının alınması üçün orta məktəblərdə tədris olunan dərslərin şagirdlərə tam öyrədilməsi, bu istiqamətdə nizam-intizamın artırılması, gənclərin dünya görüşlərinin inkişaf etdirilməsi zəruridir. Orta məktəblərdə tədrisin səviyyəsi yüksək olsa gənc nəsilin din pərdəsi altında təsir dairəsinə düşməsi kimi hallar azalacaqdır. Ümumilikdə, ali təhsil digər sahələrdə də vacib meyardır. Belə ki, narkotik vasitə istifadəçilərinin böyük əksəriyyətinin savadsız şəxslər olması, ətraf mühiti dərk etməməsi, vətənpərvərlik ruhunun olmaması səbəbindən əhali arasında kütləvi sosial narazılıq yaratması halları bunun bariz nümunəsidir.


Daş Salahlı Polis Bölməsinin rəis əvəzi Murad Hüseynzadə çıxış edərək cəmiyyətimizi, sağlam gələcəyimizi təhlükə altına salan narkotik vasitələrin səbəb olduğu fəsadlar və acı təsirləri barədə ətraflı məlumat verib. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlərin arxasında sağlam gənclik formalaşdırmağın, yetişdirməyin dayandığını söyləyib. Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşlarının bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirdiyini vurğulayıb. Bugünkü tədbirin də həmin görüşlərin davamı olduğunu qeyd edib. M.Hüseynzadə gələcəyimiz olan uşaqlara, gənc və yeniyetmələrə narkotikdən, zərərli vərdişlərdən uzaq durmalarını tövsiyə edərək bu məsələdə daha həssas olmalarını bildirib.

Qazax rayon Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin direktoru Möhsüm Məmmədov, müavini Arif Mirzəliyev çıxış edərək narkomaniya və zərərli vərdişlərlə mübarizədə bu cür maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq tədbirin təşkilatçılarına, bu sahəni daim diqqətdə saxlayan rayon rəhbərliyinə məktəb kollektivi adından minnətdarlıqlarını bildiriblər. Narkomaniyaya qarşı mübarizənin davamlı, ardıcıl həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Narkomaniyanın doğurduğu faciələr, narkotiklərin cəmiyyətə və insanların sağlamlığına ziyanı və yaratdığı ciddi sosial problemlər, narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə diqqətin artırılması barədə danışıblar. Bu işin həm dövlətin, həm vətəndaş cəmiyyətinin, həm də hər bir vətəndaşın işi olduğunu vurğulayıblar. Həmçinin, gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu söyləyiblər. Yeniyetmələri sağlam həyat tərzi keçirməyə, faydalı bilik və bacarıqlar öyrənməyə çağırıblar.  

Sonda mövzu ilə bağlı məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


GOYEZEN.AZ



Facebook-da paylaş