• Təqvim

  • Maraq



26 Fevral - Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir və rəsm sərgisi keçirilib


Xocalı soyqırımı Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, Qarabağın azərbaycanlı əhalisinin bir hissəsini məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biri olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc sakinlərin başına gətirilən müsibət, vəhşilik, qəddarlıq illər ötsə belə heç zaman unudulmayacaq. O qanlı soyqırımdan 31 il keçsə də xalqımız o dəhşətli gecəni bu gün də ürək ağrısı ilə xatırlayır.

26 Fevral - Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlər keçirilir.

Fevralın 24-də Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir və rəsm sərgisi keçirilib. 

Qazax Gənclər evində Mərkəzin rəsm dərnəyinin əl işlərindən, rəsmlərindən ibarət sərgidə Xocalı həqiqətləri öz əksini tapıb.

Tədbirdə Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş cəmi şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova tədbiri giriş sözü ilə açaraq Xocalı soyqırımı, səbəbləri və nəticələri haqqında ətraflı məlumat verib. Qeyd edib ki, XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsi kimi tarixə düşüb. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində ciddi addımlar atılıb. Bu həqiqətlərin bütün dünyaya çatdırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib. Vurğulayıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası bu faciənin təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından yüksək qiymətə layiqdir. G.Rəhimova bu gün Xocalı soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin güclü siyasi rəhbərliyi altında şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində bütün soyqırımı qurbanlarının və şəhidlərimizin qisasını aldıqlarını söyləyib. 


“Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev tariximizin ən qanlı səhifələrindən olan Xocalı soyqırımına siyasi-hüquqi qiymət verərək haqq səsimizi dünya dövlətlərinin və beynəlxalq təşkilatların diqqətinə çatdırıb. Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul edib. Məhz bu Qərardan sonra Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri ilə əlaqədar hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur.

Sonra Mərkəzin bədii qiraət dərnəyinin üzvləri Xocalı faciəsinə, soyqırım qurbanlarına həsr olunmuş şeirlər səsləndirib, ədəbi-bədii kompozisiyalar təqdim ediblər. “Qazax Gənclər evi” sosial xidmət müəssisəsi tərəfindən fərqlənən dərnək üzvlərinə hədiyyə və diplomlar təqdim edilib.

Qeyd edək ki, faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular.

Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. 

Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.

Xocalı şəhəri işğalın nəticəsində xarabalığa çevrilib. İşğalın nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb.



Facebook-da paylaş