Böyük İpək yolunun Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin genişləndirilməsi layihəsinin icrası gələn il yekunlaşacaq
Qədim İpək yolu üzərində yerləşən respublikamızda Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yaradılan müasir yol
infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri
həllini tapır, həm də onların bu sahədə imkanları artır. Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına
əsasən istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətində avtonəqliyyat
vasitələri ilə beynəlxalq yükdaşımaları dəhlizi üzərində yerləşən avtomobil
yollarının müasir səviyyədə yenidənqurulması və bu istiqamətdə aparılan uğurlu
islahatlar nəticəsində son 15 ildə I texniki dərəcəli yolların uzunluğu 5
dəfəyə qədər artaraq 900 km-i keçib. Prezident
İlham Əliyev beynəlxalq miqyaslı "Böyük İpək yolu”nun tərkib hissəsi olan
Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna daha
2 hərəkət zolağı əlavə edilməklə I texniki dərəcəyə uyğun təkmilləşdirilməsi
layihəsini daim diqqət mərkəzində saxlayır. Çünki həmin avtomobil yolu
beynəlxalq avtomobil yükdaşımaları dəhlizinin Azərbaycandan keçən tərkib
hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika
ərazisində bu istiqamətdə əlaqələrin inkişafında mühüm rol oynayır. Bakıdan
Gürcüstan sərhədinədək 503 km məsafəni əhatə edən magistralın Bakıdan Gəncə
şəhərinədək olan hissəsinin müxtəlif illərdə I texniki dərəcəyə
təkmilləşdirilməsi işləri yekunlaşdırılıb. Hazırda isə magistral yolun 130
km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına
genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilir. Tikinti-quraşdırma
işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti
dayandırılmadan yerinə yetirilir, "İnşaat Norma və Qaydaları”nın tələblərinə
uyğun keyfiyyətlə aparılır. Layihəyə
əsasən yolun ümumi eni 27.5 metrdir. Hər birinin eni 3.75 metr olmaqla 4-6
hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-beton olacaq. Yol
yatağının qalınlığı ümumilikdə 72.5, asfalt-beton örtüyü 3 lay olmaqla,
qalınlığı 27 sm təşkil edəcək.
Yol
boyu yeni torpaq yatağının tikintisi aparılaraq yekunlaşdırılır. Layihə üzrə
hazırda qaya dolğusu və dənəvər tərkibli əsasın tikintisi, həmçinin suöütürücü
boruların, alt keçidlərin və körpülərin inşası işləri aparılır. Buna paralel
olaraq qırmadaşlı əsasın tikintisi və asfalt-beton örtüyünün döşənməsi işləri
də görülür. Layihə
çərçivəsində 25 yol qovşağı və ötürücüsü, 16 avtomobil körpüsü, 83 yeraltı
keçid, 43 düzbucaqlı su keçidi, 575 dairəvi suötürücü boru inşa edilir. Layihə
boyu zəruri yerlərdə 84 avtobus dayanacağı quraşdırılacaq. Artıq müxtəlif süni
qurğuların inşası istiqamətində işlərin böyük hissəsi yerinə yetirilib. Ümumilikdə
isə yol boyu işlərin fiziki tərəqqisi 70% təşkil edir. Tikinti işlərinin
növbəti il ərzində yekunlaşdırılması planlaşdırılır. Layihənin
icrası zamanı tikinti ərazisinə və mühafizə zolaqlarına düşən maneələrin
köçürülməsi, torpaqlara görə vətəndaşlara kompensasiyaların ödənilməsi
qanunvericiliyə əsasən həyata keçirilir. 130
km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına
genişləndirilməsi və sürətin artması ilə I texniki dərəcəli avtomobil yolu ilə
vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək. Bundan başqa,
layihənin üstünlüyü ondan ibarətdir ki, yol trassası iri yaşayış
məntəqələrindən kənar keçməklə layihələndirilib. Bu isə həm həmin yaşayış
məntəqələrində yaşayan əhalinin, həm də yoldan istifadə edən sürücülərin
təhlükəsizliyi baxımından önəmli aspektlərdən biridir. Layihə tam reallaşdırıldıqdan sonra şərqdən qərbə
və əks istiqamətdə Böyük İpək yolunun Azərbaycandan keçən hissəsi olan
Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu Avropa
ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında
önəmli rol oynayacaq. Bundan başqa, yolun tikintisi kənd təsərrüfatı, turizm və
sənayenin inkişafına gətirib çıxarmaqla yol boyu yaşayan əhalinin sosial
həyatına müsbət təsir göstərəcək.
aayda.gov.az
Facebook-da paylaş