Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun çəkilişi ilə bağlı görülmüş işlər müzakirə olunub
Son illər cənab Prezident
İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramına uyğun olaraq həyata keçirilən məqsədyönlü işlərdən
biri də yol infrastrukturunun yenidən qurulması ilə bağlı atılan uğurlu
addımlardır. Təqdirəlayiq haldır ki, yol infrastrukturu ilə bağlı həyata
keçirilən tədbirlər təkcə paytaxtda deyil, respublikamızın bütün bölgələrində uğurla
icra olunur. Prezident
İlham Əliyev beynəlxalq miqyaslı "Böyük İpək yolu”nun tərkib hissəsi olan
Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna daha
2 hərəkət zolağı əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsini,
həmçinin yeni 4 zolaqlı I texniki dərəcəli avtomobil yolunun tikintisi
layihəsini daim diqqət mərkəzində saxlayır. Çünki həmin avtomobil yolu
beynəlxalq avtomobil yükdaşımaları dəhlizinin Azərbaycandan keçən tərkib
hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika
ərazisində bu istiqamətdə əlaqələrinin inkişafında mühüm rol oynayır. Bakıdan
Gürcüstan sərhədinədək 503 km məsafəni əhatə edən magistralın Bakıdan Gəncə
şəhərinədək olan hissəsinin müxtəlif illərdə I texniki dərəcəyə
təkmilləşdirilməsi işləri yekunlaşdırılıb. Hazırda
isə magistral yolun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4
hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində mühəndis
İsmixan Əhmədovun, iqtisadçı Surət Talıbzadə və "Akkord” STİK-nın Qazax Yol
layihəsinin layihə rəhbəri Nizami Qaraisayevin iştirakı ilə yol çəkilişinin
mövcud vəziyyətini müzakirə ediblər.
Rayon rəhbərliyinə görülmüş
işlər barədə məlumat verilərək bildirilib ki, 4 zolaqlı yolun 48 km-i Qazax
rayonu ərazisindən keçir. Layihəyə əsasən yolun ümumi
eni 27.5 metrdir. Hər birinin eni 3.75 metr olmaqla 4 hərəkət zolağından ibarət
yolun örtüyü asfaltbeton olacaq. Yol yatağının geyiminin qalınlığı ümumilikdə
72,5 sm, asfaltbeton örtüyü 3 lay olmaqla, qalınlığı 27 sm təşkil edəcək. Yol
boyu yeni torpaq yatağının tikintisi aparılaraq yekunlaşdırılıb. Layihə üzrə
hazırda qaya dolğusu və dənəvər tərkibli əsasın tikintisi, həmçinin suötürücü
boruların, alt keçidlərin və körpülərin inşası işləri aparılır. Buna paralel
olaraq qırmadaşlı əsasın tikintisi və asfaltbeton örtüyünün döşənməsi işləri də
görülür. Layihə
çərçivəsində 24 yol qovşağı və ötürücüsü, 17 avtomobil
körpüsü, 82 yeraltı keçid, 44 düzbucaqlı su keçidi, 562 dairəvi suötürücü boru
inşa edilir. Layihə boyu zəruri yerlərdə 84 avtobus dayanacağı quraşdırılacaq.
Artıq müxtəlif süni qurğuların inşası istiqamətində işlərin böyük hissəsi
yerinə yetirilib. 130
km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi
və sürətin artması ilə I texniki dərəcəli avtomobil yolu ilə vətəndaşların
rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək. Qeyd
olunub ki, layihənin icrası zamanı tikinti ərazisinə və mühafizə zolaqlarına
düşən maneələrin köçürülməsi, torpaqlara görə vətəndaşlara kompensasiyaların
ödənilməsi qanunvericiliyə əsasən həyata keçirilir. Rayon rəhbərliyi bütün
işlərin layihədə nəzərdə tutulduğu kimi yerinə yetirilməsini bildirərək
aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib. GOYEZEN.AZ
Facebook-da paylaş