• Təqvim

  • Unutma

  • Maraq



Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi yenidən qurulur


Son illər Azərbaycanın bütün sahələrdə - elm, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də bir çox sahələrdə özünün intibah dövrünü yaşaması hər kəsə yaxşı məlumdur. Respublika Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində inkişaf edən sahələrdən biri də mədəniyyət sahəsidir. Məhz bu sahədə əldə olunan uğurlar, qazanılan nailiyyətlər sayəsində bu gün Azərbaycanı dünyada inkişaf etmiş mədəniyyət ölkəsi kimi də tanıyırlar. Bu nailiyyətin təməlində isə Azərbaycan müstəqillik qazandıqdan sonra yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin mədəniyyət sahəsinə, bu sahədə çalışan insanlara olan sonsuz diqqət və qayğısı, onlara olan səmimi münasibəti dayanır.

Sevindirici haldır ki, mədəniyyət sahəsinə olan yüksək dövlət qayğısı bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir, mədəniyyət və incəsənətin inkişafı həmişə prioritet sahə kimi diqqət mərkəzində saxlanılır. Respublikamızda xeyli sayda yeni mədəniyyət müəssisələrinin inşa edilməsi, neçə-neçə mədəniyyət obyektlərinin əsaslı təmir olunması, müasir İncəsənət Mərkəzlərinin istifadəyə verilməsi mədəniyyət sahəsinə göstərilən qayğının əyani təzahürüdür. Ümumiyyətlə, ölkəmizdə mədəniyyətin tərəqqisində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da xidmətləri olduqca böyükdür. Bu qayğının göstəricisi olaraq istər paytaxt Bakıda, istər ölkənin böyük şəhərlərində, istərsə də rayon mərkəzlərində əsaslı təmir olunan mədəniyyət obyektləri bu gün əhalinin əsl mədəni istirahət mərkəzlərinə çevrilir.

Respublikamızın hər yerində olduğu kimi, Qərbin qapısı sayılan, hər zaman ziyalıları, saz-söz adamları ilə tanınan Qazax rayonunda da mədəniyyət sahəsinə xüsusi diqqət və qayğı göstərilir. İstər ölkə başçısının, istərsə də rayon rəhbərliyinin bu sahəni daim diqqət mərkəzində saxlaması bu gün hər bir qazaxlının ürəyincədir.

Bu gün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən rayonda fəaliyyət göstərən və qəzalı vəziyyətdə olan şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində əsaslı təmir və yenidənqurma işlərinin aparılması dövlətin qazaxlılara, ziyalılarımıza, xüsusilə də musiqi sahəsində çalışan insanlara, bu sahə ilə məşğul olan gənclərimizə verdiyi böyük dəyər, göstərdiyi diqqət və qayğıdır. Xeyli vaxtdır ki, sürətlə start götürən yenidənqurma işləri uğurla davam etdirilir. Hazırda binanın dam örtüyü yenilənir, lazım olan hissələrdə hörgü işləri aparılır.

Məlumat üçün qeyd edək ki, Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi XIX əsrdə tikilmiş, 1960-cı ildən uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Qazax şəhəri, M.P.Vaqif küçəsi 24-də yerləşən məktəbin ümumi sahəsi 310 kv.m-dir. Ağstafa Regional Mədəniyyət İdarəsinin balansındadır. Məktəbdə 27 sinif otağı, 1 direktor, 1 tədris hissə müdiri otağı, 1 kitabxana olmuşdur. Məktəbdə 6 şöbə: fortepiano, skiripka, tar, kamança, qarmon, saz şöbələri fəaliyyət göstərir. Musiqi məktəbində 65 nəfər müəllim və 7 texniki işçi çalışır. 253 nəfər şagird Azərbaycan və dünya musiqisi incilərinin sirlərini dərindən öyrənir. Məktəbdə 22 piano, 1 skiripka, 1 qarmon, 1 tar, 2 kamança, 2 saz, 1 nağara musiqi alətlərindən istifadə olunur.

Respublikamızda  tanınmış müğənnilərdən Vasif Məhərrəmli, Sahib İbrahimov, Xumar Qədimova, Mehriban Məmmədova, skripka ifaçısı Zamiq Qasımov, saz ifaçısı Samir Cəlaloğlu Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin yetirmələridir. Məktəbdə təhsil alan istedadlı şagirdlər respublikamızda və onun bölgələrində keçirilən müsabiqələrdə daim iştirak edərək dəfələrlə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Diplom və Fəxri Fərmanları ilə təltif olunublar. Musiqi məktəbində fəaliyyət göstərən xor və bədii özfəaliyyət kollektivi rayonumuzda keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirak edir.





























GOYEZEN.AZ



Facebook-da paylaş