Sərhəd kəndi Məzəmdə istinad divarının çəkilişi davam edir
Bu gün daim erməni silahlı
birləşmələrinin atəşi altında olan, sərhədə ən yaxın məsafədə yerləşən
kəndlərdən biri də Qazax rayonunun Məzəm kəndidir.
Ermənistan-Azərbaycan münaqişəsi başlayan ilk gündən bəri 65 evdən ibarət olan
bu kənd 8 şəhid verib. Bu qəhrəman kənddə 4 hərbçi öz torpaqlarının, kəndinin,
bütövlükdə Qazaxın müdafiəsi uğrunda canından keçib. 4 nəfər kənd sakini isə
düşmən gülləsinin qurbanı olub. 1 nəfər kənd sakini - Mərfət Nəsibov Azərbaycanın
Milli Qəhrəmanı adına layiq görülüb. Ötən yazılarımızda da
məlumat verdiyimiz kimi, düşmənlə sərhəddə yerləşən bu kənddə sakinlərin
təhlükəsizliklərinin təmin olunması istiqamətində məqsədyönlü işlər görülür.
Digər sərhəd kəndləri kimi, Məzəmdə də düşmənə yaxın mövqedə yerləşən evlərin,
eləcə də sakinlərin kəndə təhlükəsiz şəraitdə gediş-gəlişini təmin etmək
məqsədilə yol kənarına istinad divarı çəkilir. Ümumiyyətlə, son 3 ildə rayon
rəhbərinin fəaliyyətə başladığı ilk gündən sərhəddə yaşayan sakinlərin istər
yaşayış şəraitlərinin yaxşılaşdırılması, istərsə də təhlükəsizliklərinin təmin
olunması istiqamətində həyata keçirdiyi məqsədyönlü işlərin nəticəsidir ki, bu
gün kənd sakinləri öz evlərində rahat həyat sürə bilirlər. Bu qayğı sayəsində bu
günə kimi 57 evin qarşısına uzunluğu 2530 p/m, hündürlüyü 3 metr olan istinad
divarı çəkilib. Bundan əlavə, vətəndaşların xahişini nəzərə alaraq daha 5 evin
qarşısına 88 p/m uzunluğunda istinad divarının çəkilməsi də nəzərdə tutulub. Ötən illərdə olduğu kimi, bu
il də Məzəm kəndində müdafiə hasarlarının çəkilməsi işinə böyük sürətlə start
verilib. Vətəndaşların müraciətləri əsasında onların təhlükəsizliyini təmin
etmək məqsədilə yenidən yol kənarında istinad divarının çəkilməsinə
başlanılıb. Sərhəddə yaşayan kənd əhalisinin təhlükəsiz gediş-gəlişini
təmin edəcək hasarın hündürlüyü 3 metr, uzunluğu isə 486 paqonmetrdir. Artıq 400 paqonmetr hörgü işləri aparılıb. GOYEZEN.AZ
Facebook-da paylaş