Məzəm kəndində istinad divarı çəkilir
Bu gün Ermənistanla 168 km sərhəddi olan Qazax rayonunda sakinlər düşmən tərəfindən elan olunmamış müharibənin ağrı-acılarını hələ də yaşayırlar. Rayonun 7 kəndi 25 ildən çoxdur ki, işğal olunub. 5 kəndi isə daim erməni silahlı birləşmələrinin atəşi altındadır. Həmin kəndlərdən sərhədə ən yaxın olanı isə rayonun Məzəm kəndidir. Münaqişə başlayan vaxtdan bəri 65 evdən ibarət olan bu qəhrəman kənd 8 şəhid verib. Onlardan 4 hərbçi öz torpaqlarının müdafiəsi yolunda canından keçib. 4 nəfər kənd sakini isə düşmən gülləsinin qurbanı olub. 1 nəfər kənd sakini Mərifət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Düşmən mövqelərindən atəşə məruz qalan kənd sakinləri daima qorxu altında yaşayırdılar. Hər zaman düşmən gülləsi ilə üz-üzə dayanan kənd sakinləri normal şəkildə yaşaya bilmirdilər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər kimi fəaliyyətə başladığı ilk gündən sərhəd kəndlərinə və orada yaşayan sakinlərə xüsusi diqqət və qayğı ilə yanaşması bu gün hər kəsə yaxşı məlumdur. Rayon rəhbərinin bütün sahələrlə yanaşı, sərhəddə yaşayan sakinlərin təhlükəsizliyini daim diqqət mərkəzində saxlaması, həmin sakinlərin istər yaşayış şəraitlərinin yaxşılaşdırılması, istərsə də təhlükəsizliklərinin təmin olunması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirməsi bu qayğının bariz nümunəsidir.
Rayon rəhbərliyi elə ilk gündən yaranmış təhlükəli vəziyyəti nəzərə alaraq atəş nöqtələrinə ən yaxın məsafədə yerləşən evlərin qarşısına müdafiə hasarlarının çəkilməsi barədə göstəriş vermişdi. Bundan əlavə, sakinlərin təhlükəsiz şəraitdə gediş-gəlişini təmin etmək məqsədilə yol kənarına da istinad divarı çəkildi. Kəndin sərhəddə yerləşməsi nəzərə alınaraq əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bu günə kimi 57 evin qarşısına 2530 p/m uzunluğu və 3 metr hündürlüyü olan istinad divarları çəkilib. Bundan əlavə, vətəndaşların xahişini nəzərə alaraq daha 5 evin qarşısına 88 p/m uzunluğunda istinad divarının çəkilməsi də nəzərdə tutulub.
Məzəm kəndində müdafiə hasarlarının çəkilməsi işi bu il də davam etdirilir. İcra başçısı vətəndaşların müraciətlərini nəzərə alaraq onların təhlükəsizliyini təmin etmək məqsədilə yenidən yol kənarında istinad divarının çəkilməsi barədə tapşırıq verib. Rayon rəhbərinin tapşırığına əsasən tikilən və sərhəddə yaşayan kənd əhalisinin təhlükəsiz gediş-gəlişini təmin edəcək hasarın hündürlüyü 3 metr, uzunluğu isə 1 kilometrə yaxın olacaqdır. Artıq hasarın çəkilməsinə başlanılıb. Belə ki, hazırda özül hissə tökülür. Yaxın günlərdə də hörgü işləri görüləcək. Bunun üçün lazım olan tikinti materialları gətirilib.
İstər evlərinin qarşısına istinad divarları çəkilmiş ev sahibləri, istərsə də digər kənd sakinləri sərhəd kəndində yaşayan sakinlərə göstərilən diqqət və qayğıya, xüsusilə də istinad divarlarının çəkilməsinə görə Respublika Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər. Onlara göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırırlar.
GOYEZEN.AZ
Facebook-da paylaş