• Təqvim

  • Maraq



31 Mart Soyqırımı bəşər tarixində törədilən ən qanlı faciələrdən biridir


   XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilər az müddət sonra bölgəni sözün əsl mənasında "qan çanağı”na çevirdilər. Ermənilərin "Böyük Ermənistan” yaratmaq kimi qondarma ideyanın gerçəkləşməsi yolunda atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətllərin və soyqırım aktlarının reallaşması ilə nəticələndi. Bu qanlı tarix qısa fasilələrlə bütün XX əsr boyu dönə-dönə təkrarlandı. İndi o qanlı faciələrdən biri olan 31 Mart soyqırımından 102 il ötür. 

   Tarixin səhifələri vərəqləndikcə 31 Mart soyqırımı ilə bağlı yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir. Təkzibolunmaz arxiv sənədləri, soyqırımları təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır.

   1918-ci il martın 30-u gecə saatlarında Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda kütləvi qırğınlar törədərək 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşaqların öldürülməsinə səbəb olmuşdur.

   Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Bakıda minlərlə insan qətlə yetirilib, müsəlman ziyarətgahları yandırılıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakı müsadirə edilib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər tərəfindən Bakının ən möhtəşəm memarlıq incilərindən olan "İsmailiyyə” binasını yandırılıb.

   Eyni zamanda Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayına gəlincə, bəzi məlumatlarda bu rəqəmin 7 min, bəzilərində 8-12 min, hətta 40 min olduğu göstərilir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində 1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasında azərbaycanlılar yaşayan 58 kəndə ermənilərin hücumu zamanı 3632 kişinin, 1771 qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunurdu. Lakin ekspertlərin digər arxiv sənədləri əsasında apardıqları hesablamalara görə, Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlı qətlə yetirilib. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri uşaq olub. Digər bir mənbədə isə Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşağı öldürdüyü bildirilir. Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Komissiya öz işini dayandırdığından digər 34 kənd haqqında məlumat toplamaq mümkün olmayıb.

   31 mart erməni vəhşiliyinin ən bariz nümunəsi 2007-ci ilin aprel ayının 1-də Quba şəhərində aşkarlanan kütləvi məzarlıqdır. Məzarlıqda təxminən, 400-dən artıq insan cəsədi aşkar edilib. Hesablamalara görə, onlardan 50-dən çoxu uşaqlar, 100-dən çoxu qadınlar, qalanları isə əsasən, yaşlı kişilərdir. Burada aşkar edilmiş insanların hamısının soyuq silah və küt alətlərlə insanlığa xas olmayan, xüsusi qəddarlıq üsulları ilə öldürüldüyü müəyyənləşib.

   Bədnam erməni millətçilərinin tarixi saxtalaşdırmağa, dünya ictimaiyyətini çaşdırmağa yönəlmiş saxta kampaniyasına qarşı mütəşəkkil müqavimət isə yalnız ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Heydər Əliyev Azərbaycan tarixinin faciəli, ağır, məşəqqətli səhifələri ilə, xüsusən də gənclərin yaxından tanış olmalarını, milli həqiqətləri aydın dərk etmələrini, belə demək mümkünsə, qan yaddaşını qoruyub saxlamalarını zəruri hesab edirdi. Məhz buna görə də Ümummilli Lider təkcə ümumtəhsil məktəblərində, universitetlərdə deyil, eləcə də ailədə gənclərlə fəal iş aparılmasını, onlarda erməni vandalizminin gerçək miqyası barədə dolğun, obyektiv rəyin formalaşmasını vacib sayırdı.

   Ümummilli lider Heydər Əliyevin 1997-ci il 18 dekabr tarixli "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərmanı ilə həmvətənlərimizin Qərbi Azərbaycandakı dədə-baba yurdlarından zorla köçürülməsində Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə dövlət komissiyası yaradılmışdı.

   Bundan bir müddət sonra Ulu Öndər 1998-ci il 26 mart tarixdə "Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzaladı. Fərmanda göstərilirdi ki, "Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif olunmuş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir”.

   Bu Fərmanla Heydər Əliyev gənclərin tarixi həqiqətlərlə tanışlığına daha geniş meydan açmış, onları mübarizə ruhunda kökləmişdir. 1918-ci ilin məlum mart hadisələrinin  80-ci ildönümündə imzalanmış fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymətdir. Məqsəd gənc nəsildə milli yaddaşın qorunması baxımından proqram sənədini ərsəyə gətirməkdir. Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən tarixi sənəd əsasında martın 31-i hər il Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur. Ulu Öndər tərəfindən atılmış bu addım hamımızı milli birliyə, gələcəyimiz naminə, keçmişimizi unutmamağa çağırır. Ümummilli lider Heydər Əliyevin bu siyasəti bu gün də ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.      

   2003-cü ildən Azərbaycana inamla rəhbərlik edən dövlət başçısı cənab İlham Əliyev də uydurma erməni təbliğatının beynəlxalq səviyyədə ifşa edilməsini, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını ilk gündən xarici siyasət idarəsi və diaspor qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda milli maraq və mənafeyini layiqincə müdafiə edən Azərbaycanın yeni dünya nizamının reallıqlarına cavab verən tarazlı xarici siyasətinin uğurlarını təmin edən mühüm amillərdən biri də məhz diplomatiyadır.

   Bir zamanlar üzləşdiyi "informasiya blokada”sını çoxdan adlamış Azərbaycan son illər Ermənistanı ideoloji-təbliğati müstəvidə əhəmiyyətli dərəcədə üstələmişdir. Xüsusən də bədnam erməni lobbisinin Azərbaycan və Türkiyə əleyhinə yönəlmiş iftira və böhtan kampaniyasının qarşısının alınması istiqamətində ciddi addımlar atılmışdır. Müşahidə etdiyimiz "ikili standartlar”a, ədalətsizliklərə rəğmən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü müxtəlif səviyyələrdə etiraf edilir. Təqdirəlayiq haldır ki, bu prosesdə elmi ictimaiyyətin fəallığı da nəzərəçarpacaq dərəcədə güclənmişdir. 

   31 mart, eləcə də Xocalı soyqırımları ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə dolğunluğu ilə çatdırılması üçün son illər Heydər Əliyev Fondu da böyük işlər görür. Fond bəşəriyyətin ən böyük faciələrindən olan 31 mart və Xocalı soyqırımları haqda faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əks etdirən filmlərin, fotosənədlərin, kitabların və digər kütləvi nəşrlərin yayılması bu baxımdan mühüm əhəmiyyətə malikdir.

   Milli həqiqətləri dünyaya tanıtmaq istiqamətində hər il hökumət səviyyəsində müəyyən tədbirlər həyata keçirilir. Milli Məclisin dünya parlamentlərinə müraciətində soyqırım aktının real mahiyyəti, onun soyqırım kimi tanıdılmasını şərtləndirən amillər konkret faktlar əsasında əksini tapır. Ümummilli Liderin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyev də hər il bu soyqırımlarla bağlı xalqımıza müraciət ünvanlayır, səbr diləyərək dərin hüznlə başsağlığı verir.

   Çox təəssüf ki, bu gün Azərbaycan torpaqlarının 20 faizi, o cümlədən Dağlıq Qarabağ Muxtar Vilayəti - Xankəndi (26.12.1991), Xocavənd (02.10.1992), Ağdərə (07.07.1993), Xocalı (26.02.1992), Şuşa (08.05.1992), eləcə də ona bitşik olan Laçın (18.05.1992), Kəlbəcər (02.04.1993), Ağdam (23.07.1993), Cəbrayıl (23.08.1993), Füzuli (23.08.1993), Qubadlı (31.08.1993), Zəngilan (29.10.1993) rayonları, Qazax rayonunun 7 kəndi - Bağanıs Ayrım (24.03.1990), Xeyrımlı (08.03.1992), Barxudarlı (27.04.1992), Sofulu (27.04.1992), Qızılhacılı (11.05.1992), Yuxarı Əskipara (08.06.1992) və Aşağı Əskipara (14.06.1992) kəndləri hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 

   Lakin Azərbaycan xalqı ürəkdən inanır ki, Ali Baş Komandanımızın, ölkə Prezidentimiz cənab İlham Əliyevin apardığı qətiyyətli siyasət gec-tez üzləşdiyimiz münaqişənin beynəlxalq hüquq normaları əsasında ədalətli həllini təmin edəcəkdir.

Teybə HÜSEYNOVA,

Gülnar QULUYEVA,

Qazax RİHB aparatında İctimai-siyasi və humanitar

məsələlər şöbəsinin baş məsləhətçiləri



Facebook-da paylaş