• Təqvim

  • Maraq

Qazaxda “Tarix yazan və yaradan Dahi Şəxsiyyət” mövzusunda tədbir keçirilib

Mayın 6-da Qazax Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatı və Qazax Dövlət Sosial-İqtisadi Kollecin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Tarix yazan və yaradan Dahi Şəxsiyyət”mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə YAP Qazax Rayon Təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, möhtərəm Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edildiyini və 10 may 2026-cı il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünün böyük təntənə ilə qeyd olunacağını diqqətə çatdırıb.

Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi şöbənin müdiri Gulaya Həsənova çıxış edərək iştirakçıları rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. G.Həsənova Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmlənməsindəki müstəsna rolunu qeyd edib, onun milli-mənəvi dəyərlərin qorunması və inkişafı istiqamətində həyata keçirdiyi siyasətin bu gün də öz aktuallığını qoruduğunu vurğulayıb. Müavin Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsi və uzaqgörən fəaliyyəti nəticəsində bu gün Azərbaycanın müasir inkişaf mərhələsinə qədəm qoyduğunu, bütün sahələrdə uğurlara imza atdığını söyləyib. Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan dövlətinin çiçəklənməsində, milli-mənəvi dəyərlərin qorunmasında xüsusi xidmətləri olduğunu qeyd edib. Adı daim Azərbaycanla qoşa çəkilən dahi şəxsiyyət Heydər Əliyevin öz xalqı və milləti üçün əvəzsiz xidmət göstərərək gələcək neçə-neçə nəsillərə örnək ola biləcək bir insan ömrü yaşadığını vurğulayıb. Müavin bildirib ki, Ulu Öndərin, dahi rəhbərin ruhu şaddır. Çünki bu gün dövlətçiliyimizin Heydər Əliyev mərhələsi uğurla davam etməkdədir. Onun layiqli varisi, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Ümummilli Liderin ideyaları yaşayır, Azərbaycanın inkişafı yolunda gur işıq kimi yolumuzu işıqlandırır.

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Qazax Dövlət Sosial-İqtisadi Kollecin direktoru Gülnar Qəhrəmanova, müəllimlərdən Mətanət Kazımova, Asya Alhüseynova, Türkan Allahverdiyeva, Qazax Dövlət Sosial-İqtisadi Kollecin Tələbə Gənclər Təşkilatının sədri Turxan Əliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, onun misilsiz xidmətlərindən, ölkəmizə rəhbərlik etdiyi dövrlərdə qazanılan uğurlardan, əldə olunan nailiyyətlərdən, qarşıda duran mühüm vəzifələrdən ətraflı danışıblar. Natiqlər keçirilən bu silsilə tədbirlərin mahiyyətindən, əhəmiyyətindən, xalqımızın milli sərvəti sayılan ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunmasından, bütün ölkə ərazisində konstitusiya quruluşumuzun bərqərar edilməsindən, Dövlət Bayrağımızın bu gün bütün ərazilərimizdə əzəmətlə dalğalanmasından, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs nəticəsində qazanılan qələbələrdən, əldə olunan nailiyyətlərdən geniş bəhs ediblər.

Tədbirdə tələbələr Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirib və müxtəlif ədəbi -bədii kompozisiya ilə çıxış ediblər.

Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş üzvlərə partiya üzvlük vəsiqəsi təqdim edilib.




Facebook-da paylaş


{sape_links}