Bu gün Qazaxlı kümçülərə ipəkqurdu toxumu paylanılıb
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində əməli işlər görülür, ipəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır. Bu il artıq onbirinci ildir ki, Qazaxda ipəkqurdu bəslənilir. 2025-ci ildə rayonda barama yetişdirən kümçülər tərəfindən 1200 kq yaş baramanın istehsalı nəzərdə tutulmuşdu ki, plan artıqlaması ilə yerinə yetirilib. Belə ki, kümçülər tərəfindən 1455,8 kiloqram barama məhsulu "Azəripək” MMC-yə təhvil verilib. 2026-cı ilin barama mövsümü üçün kümçülər tərəfindən 2000 kq yaş baramanın istehsalı nəzərdə tutulub. Rayonun İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Aslanbəyli, Kəmərli, Aşağı Salahlı, Orta Salahlı, Kosalar, Hüseynbəyli, Dəmirçilər, Çaylı, Daş Salahlı, Xanlıqlar, Alpout, Cəfərli kəndləri üzrə barama yetişdirən kümçülərə artıq ipəkqurdu toxumu təhvil verilib. Mayın 8-də Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində barama yetişdirilməsi ilə əlaqədar Qax Damazlıq İpəkçilik stansiyasından 50 qutu ipəkqurdu toxumu gətirilərək qazaxlı kümçülərə paylanılıb.
Son illər Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, ölkəmizdə kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür. Ölkə Prezidentinin 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” da bu sahənin inkişafında mühüm rol oynadı. Sözügedən Dövlət Proqramından irəli gələn vəzifələrin icrası sayəsində ənənəvi və ixracyönümlü sahələrdən olan baramaçılığın inkişafı istiqamətində mühüm addımlar atıldı. 





Facebook-da paylaş














