• Təqvim

  • Maraq

Prezident İlham Əliyev: “Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərin məzmunlu olmasından xəbər verir”

2026-cı ilin 4 may Prezident İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri zamanı verdiyi bəyanatla yadda qaldı.

Prezident İlham Əliyev bildirdi ki, bizim ölkələrimiz strateji tərəfdaşdırlar, 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanmışdır. Bizim münasibətlərimizin əsasını təşkil edən bu iki sənəd və sənədlərdə təsbit edilmiş məsələlər bu gün həyatda da öz əksini tapır. Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərin məzmunlu olmasından xəbər verir. Hər kəs bilir ki, Siz bu gün Ermənistanda idiniz. Ermənistanda öz proqramınızı bitirib Azərbaycana gəlmək bizim üçün xüsusi məna daşıyır, çox böyük rəmzi məna daşıyır, eyni zamanda, Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür.

Bizim siyasi əlaqələrimiz ən yüksək səviyyədədir. Eyni zamanda, ticarət əlaqələrimiz də çox yaxşı vəziyyətdədir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir. Təbii ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir.

İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir.

Yeni əməkdaşlıq sahəmiz olan hərbi-texniki əməkdaşlıq ümidvericidir. Bu gün bu barədə də danışıldı. Birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlərimiz var. Bu barədə də geniş danışılıb. İtaliya bazarı bizim üçün çox maraqlıdır. İtaliya iqtisadiyyatı xanım Baş nazirin rəhbərliyi ilə uğurla inkişaf edir. Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Bu sərmayələrin yeni layihələrə cəlb edilməsi məsələləri də müzakirə olunmuşdur.

Əlbəttə ki, İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin çox böyük tarixi var. Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. İstəyirəm ki, onların sayı daha da çox olsun. O cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir. Təbii ki, bütün bu biznes, kommersiya, ticarət əlaqələri, şirkətlərin birgə fəaliyyəti və digər məsələlərlə yanaşı, biz bəlkə də ən vacib sahəni də unutmamışıq, o da təhsil sahəsidir.

Keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti açılmışdır. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Bizə verilən məlumata görə, artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar. Beləliklə, bizim dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir.

Azərbaycan Respublikası və İtaliya Respublikası arasında ikitərəfli münasibətlərə gəlincəİtaliya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci ildə tanımış, 8 may 1992-ci ildə isə iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur. 20 fevral 2020-ci il tarixində Roma şəhərində Azərbaycan Respublikasının Prezidenti və İtaliya Respublikasının Nazirlər Şurasının Sədri tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” iki ölkə arasında ən yüksək səviyyəli siyasi sənəd olmaqla növbəti illər ərzində münasibətlərin dərinləşdirilməsi üçün yol xəritəsini müəyyənləşdirmişdir. Azərbaycan-İtaliya çoxölçülü münasibətləri strateji tərəfdaşlıq xarakterinə malikdir.

Dövlət başçılarının qarşılıqlı səfərlərinə gəlincə Azərbaycan Respublikasınn Prezidenti Heydər Əliyev 24-27 sentyabr 1997-ci il, Roma və Neapol – rəsmi səfər, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 24-26 fevral 2005-ci il, Roma – rəsmi səfər, 25-26 noyabr 2008-ci il, Roma – rəsmi səfər, 2 iyun 2011-ci il, Roma – işgüzar səfər, 13-15 iyul 2014-cü il, Roma – rəsmi səfər, 8-10 iyul 2015-ci il, Roma – işgüzar səfər, 19-21 fevral 2020-ci il, Roma – dövlət səfəri, 31 avqust-2 sentyabr 2022-ci il, Roma/Çernobbio - işgüzar səfər etmişdir.

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella 18-19 iyul 2018-ci il, Bakı - dövlət səfəri etmişdir.

Vitse-prezidentlərin qarşılıqlı səfərlərinə gəlincə Azərbaycan Respublikasının Vitse-prezidenti Mehriban Əliyeva 25 noyabr-4 dekabr 2011-ci il, Roma - rəsmi səfər, 19-22 aprel 2012-ci il, Roma - rəsmi səfər, 25-26 sentyabr 2018-ci il, Roma - rəsmi səfərdə olmuşdur.

Baş nazirlərin qarşılıqlı səfərlərinə gəlincə İtaliya Respublikasının Baş naziri Enriko Letta 11-12 avqust 2013-cü il, Bakı - rəsmi səfərdə olub.

Xarici işlər nazirlərinin qarşılıqlı səfərlərinə gəlincə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov 6-7 oktyabr 2004, Roma – işgüzar səfər, 7 oktyabr 2009, Roma – rəsmi səfər, 19-20 fevral 2010, Roma – işgüzar səfər, 28-30 aprel 2010, Roma – işgüzar səfərdə, 4-6 iyun 2010, Venesiya – işgüzar səfər, 6 iyul 2011, Roma – işgüzar səfər, 4 fevral 2013, Roma – işgüzar səfər, 20 aprel 2017, Roma – rəsmi səfər, 24-25 oktyabr 2017, Roma – işgüzar səfər, 29 mart 2018, Roma – işgüzar səfər, 5-7 dekabr 2018, Roma – işgüzar səfər, 15-18 sentyabr 2019, Roma – işgüzar səfərdə olmuşdur.

İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Emma Bonino 17 dekabr 2013, Bakı – işgüzar səfər, İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloni 7 noyabr 2016, Bakı – rəsmi səfər, İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio 2 aprel 2022 – rəsmi səfər ediblər.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 20 may 2022, Turin – işgüzar səfərdə olub.

Parlamentlərarası əlaqələrə gəlincəAzərbaycan Respublikası Milli Məclisində Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrup 34 nəfərdən ibarətdir. Qrupun rəhbəri Azər Kərimlidir.

İtaliyanın Parlamentlərarası İttifaq yanında İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun tərkibi 16 nəfərdən ibarətdir. Rəhbəri senator Marko Skurria olan qrup 18 aprel 2023-cü il tarixində formalaşıb.

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov 2 dəfə İtaliyaya (Roma) 3-5 may 2010-cu il və 6-8 may 2019-cu il tarixlərində rəsmi səfərlər etmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova 17-19 may 2021-ci il tarixlərində İtaliyaya rəsmi səfər etmişdir.

İtaliya Respublikası Senatının sədri Maria Elisabetta Alberti Kazellati 18-19 oktyabr 2018-ci il tarixində Bakıda rəsmi səfərdə olmuşdur.

Müqavilə-hüquq bazasına gəlincəAzərbaycan Respublikası və İtaliya Respublikası arasında 79 sənəd imzalanmışdır.

İqtisadi sahədə əməkdaşlığa gəlincə İtaliya Azərbaycanın, eləcə də Azərbaycan İtaliyanın Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin təqribən 95 % Azərbaycanın payına düşür və Azərbaycan Cənub Qafqazda italyan məhsullarının əsas idxalatçısıdır. Uzun illərdir Azərbaycan İtaliya üçün ən böyük xam neft tədarükçüsüdür. Cənub Qaz Dəhlizinin seqmentlərindən biri olan Trans-Adriatik qaz kəmərinin (TAP) istifadəyə verilməsi ilə Azərbaycan Avropada qaz təchizatında etibarlı tərəfdaşa, İtaliya üçün isə üçüncü ən böyük təbii qaz tədarükçüsünə çevrilib.

Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Hökumətlərarası Komissiyanın sonuncu 5-ci iclası 14 yanvar 2020-ci il tarixində Romada keçirilmişdir.





Facebook-da paylaş


{sape_links}