Qazaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Sözün izi ilə: 21 sualda bir ömür” adlı tədbir keçirilib
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Gülnar Quluyeva, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, “Qazax Dövlət Sosial-İqtisadi Kolleci” Publik Hüquqi Şəxsin direktoru Gülnar Qəhrəmanova, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Səbuhi Xasməmmədov, Qazax Rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Səidə Qocayeva, Qazax Dövlət Sosial-İqtisadi Kollecin əməkdaşları, tələbələri iştirak ediblər. Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş kitab və fotoşəkillərdən ibarət “Əlçatmaz zirvə” adlı sərgi təşkil edilib, həmçinin kollecin tələbələri tərəfindən Heydər Əliyevin sevdiyi sənət nümunələrinə həsr olunan rəsm əsərləri nümayiş etdirilib. Tədbir iştirakçıları sərgi və təqdim olunan rəsm əsərləri ilə yaxından tanış olublar. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş film nümayiş etdirilib. Tədbirin bədii hissəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə müxtəlif illərdə ünvanlanan suallara verdiyi dərin məzmunlu, müdrik və tarixi əhəmiyyət daşıyan cavablardan seçilmiş nümunələr kollecin tələbələri tərəfindən bədii qiraət formasında təqdim edilib. Tələbələrin ifasında səsləndirilən həmin çıxışlar Ulu Öndərin dövlətçilik fəlsəfəsini, Azərbaycan xalqına olan sonsuz sevgisini, gənclərə verdiyi yüksək dəyəri, milli-mənəvi dəyərlərə bağlılığını və gələcəyə hesablanmış siyasi baxışlarını əks etdirib. Bədii kompozisiyalar iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanmış, səsləndirilən fikirlər Ulu Öndərin zəngin siyasi irsinin, yüksək idarəçilik bacarığının və müdrik şəxsiyyətinin bir daha nümayişi kimi dəyərləndirilmişdir. Tələbələrin təqdim etdiyi çıxışlarda Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafına xidmət edən ideyaları, xalqın rifahı naminə həyata keçirdiyi məqsədyönlü siyasət və gələcək nəsillərə ünvanladığı dəyərli tövsiyələr xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, Ümummilli Liderin müxtəlif auditoriyalar qarşısında etdiyi çıxışlar və verdiyi cavablar bu gün də öz aktuallığını qoruyub saxlayır, gənclərin vətənpərvərlik ruhunda formalaşmasında, milli dövlətçilik ənənələrinin təbliğində və Azərbaycançılıq ideologiyasının aşılanmasında mühüm mənəvi mənbə rolunu oynayır. Tədbir Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin təşkil etdiyi konsert proqramı ilə davam etdirilib. Gənc ifaçıların və tələbələrin ifasında səslənən Ulu Öndərə həsr olunmuş musiqi nömrələri, çıxışlar alqışlarla qarşılanıb. Sonda xatirə şəkli çəkdirilib.
Mayın 7-də “Qazax Dövlət Sosial-İqtisadi Kolleci” Publik Hüquqi Şəxsin, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Sözün izi ilə: 21 sualda bir ömür” adlı tədbir keçirilib.






Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Gülnar Quluyeva çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. G.Quluyeva bildirib ki, Hər bir tarixi şəxsiyyətin xidmətləri mənsub olduğu xalqın yaddaşında əbədi qalır, qızıl səhifəyə çevrilir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Lider Heydər Əliyev də Azərbaycan xalqının yaddaşında əbədilik qazanmış dahi şəxsiyyətdir. Prezident İlham Əliyevin söylədiyi kimi, “Heydər Əliyevin timsalında biz əyani şəkildə görürük ki, şəxsiyyətlərin tarixdəki rolu bəzi hallarda əvəzolunmaz olur. Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir”. Bu gün müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş Ümummilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız tarixi yaradan şəxsiyyətdir. Onun böyük qürurla söylədiyi: “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” sözləri bu böyük insanın öz xalqına öz torpağına nə qədər bağlı olduğunu bir daha təsdiq edir. Bütün mənalı həyatını ölkəmizin tərəqqisinə, insanların rifahının yaxşılaşdırılmasına həsr edən Ümummilli Liderin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad edilməsi idi. O, bunun üçün var qüvvəsi ilə çalışırdı. Doğma ocaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin bütün problemlərinin həll olunması üçün bütün imkanları səfərbər etmişdir. Ümummilli Lider Heydər Əliyev 2003-cü ilin prezident seçkilərinin həlledici dövründə canından artıq sevdiyi xalqına müraciətlə bildirdi: “Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Cənab İlham Əliyevin 2003-cü ildə Prezident kimi jurnalistlərə ilk müsahibəsində söylədiyi kimi, Azərbaycanda ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıb. Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyub. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma, eyni zamanda, həyat yerində durmur. Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr qoyur. Bu gün qürur hissi ilə qeyd edirik ki, ərazi bütövlüyümüzün bərpası Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Bu möhtəşəm uğura imza atmaq üçün Azərbaycan böyük yol keçdi, bunun üçün əsl zamanın yetişməsini gözlədi. Ölkəmiz möhkəm təməl üzərində bütün sahələrdə davamlı uğurları, təkmil təcrübəsi ilə diqqətdə oldu, müstəqilliyimizin qarantı kimi dəyərləndirilən Ordumuz qüdrətlənərək dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşdı. Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Bütün sahələrdə davamlı uğurlara imza atan Azərbaycanın yeganə problemi Qarabağ münaqişəsi idi. 2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutması artıq dövlətimizin və xalqımızın səbir kasasını doldurdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevdən “Hücum!” əmrini alan Azərbaycanın rəşadətli Ordusu 44 gündə 30 ilin işğalına son qoydu. Müzəffər Ali Baş Komandan bu missiyanı da şərəflə yerinə yetirdi. Bəli, prezidentlik fəaliyyəti müddətində Prezident İlham Əliyev ölkə daxilində və xarici aləmdə məhz həmin siyasətin daşıyıcısı və davamçısı kimi qəbul edilir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən ötən müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Bu gün bu fikir böyük qürur hissi ilə qeyd olunur ki, Ulu Öndər Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdisə, Prezident İlham Əliyevin adı torpaqlarımızın xilaskarı, ərazi bütövlüyümüzü bərpa edib, yenilməz xalq adını özümüzə qaytaran Lider kimi tarixə yazıldı.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, “Qazax Dövlət Sosial-İqtisadi Kolleci” Publik Hüquqi Şəxsin direktoru Gülnar Qəhrəmanova, Qazax Rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Səidə Qocayeva Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, onun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərdən ətraflı bəhs ediblər. Bildirilib ki, Ulu Öndərin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın müstəqilliyi əbədi və dönməz xarakter almış, ölkəmiz regionun aparıcı dövlətinə çevrilmişdir. Çıxışlarda qeyd olunub ki, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəmizi ağır ictimai-siyasi böhrandan xilas edərək sabitlik və inkişafın möhkəm təməlini formalaşdırmış, dövlət quruculuğu prosesində mühüm tarixi nailiyyətlərə imza atmışdır. Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz beynəlxalq müstəvidə öz mövqeyini daha da gücləndirir. Natiqlər keçirilən silsilə tədbirlərin əhəmiyyətindən danışaraq vurğulayıblar ki, bu cür tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılması, milli dövlətçilik ideologiyasının təbliği və Ümummilli Liderin zəngin siyasi irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tədbirdə, həmçinin Azərbaycan xalqının milli sərvəti hesab olunan ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpa olunmasının tarixi əhəmiyyətindən geniş söz açılıb. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi qələbə nəticəsində ölkəmizin bütün ərazilərində konstitusiya quruluşu tam bərqərar olunmuş, üçrəngli Dövlət Bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarımızda əzəmətlə dalğalanmağa başlamışdır. Bu uğurların əsasında isə Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən milli inkişaf strategiyası, güclü dövlətçilik ənənələri və xalq-iqtidar birliyi dayanır. Tədbirdə Azərbaycanın son illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərdən, beynəlxalq arenada qazandığı uğurlardan, ölkəmizin gündən-günə artan nüfuzundan və qarşıda duran mühüm vəzifələrdən də ətraflı bəhs olunub. Qeyd edilib ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuş, regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması istiqamətində mühüm təşəbbüslərlə çıxış edən güclü dövlət kimi tanınmışdır.
















Facebook-da paylaş














