• Təqvim

  • Maraq

Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar

Türkiyə Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında imzalanmış protokola əsasən, gənclər və idman sahəsində əməkdaşlığa yönəlmiş mütəxəssis mübadiləsi proqramı çərçivəsində 04–08 may 2026-cı il tarixlərində Türkiyə Respublikasının Trabzon şəhər Gənclər və İdman İdarəsinin 9 nəfərdən ibarət nümayəndə heyətinin “İdman mütəxəssisi Mübadilə Proqramı”nda iştirak üçün Qazax-Tovuz regionuna (Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy) səfər etməsi nəzərdə tutulmuşdur. 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Türkiyə Respublikası Gənclər və İdman Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı Türkiyə-Azərbaycan gənclər və idman sahələrində əməkdaşlıq proqramı çərçivəsində reallaşan görüşdə iki qardaş ölkənin gənclər və idman sahələrinə dair fikir mübadiləsi aparılıb, qazanılmış uğur və nailiyyətlərdən söz açılıb.

Mayın 4-də qonaqlar ilk olaraq Qazax rayonuna səfər ediblər. Səfər çərçivəsində nümayəndə heyəti öncəQazax Olimpiya İdman Kompleksi ilə tanış olublar. Qonaqlar Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş minifutbol üzrə rayon turnirinə, cüdo üzrə U-17 yeniyetmə qız və oğlanlar arasında qərb bölgəsi üzrə region birinciliyinə, cüdo və ağırlıqqaldırma zallarına baxış keçiriblər.

Qonaqlar səfər çərçivəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirən “Qarabağ Azərbaycandır!” Abidə Kompleksini ziyarət edərək igid Vətən oğullarını ehtiramla anıblar.

Qonaqlar Qazax Rayon Heydər Əliyev Mərkəzi ilə tanış olub, Ulu Öndərin adını daşıyan parkda quraşdırılmış idman qurğularına baxış keçirib, parkda yaradılmış şəraitlə, qurucluq işləri ilə yaxından tanış olublar.

Daha sonra qonaqlara “Qazax Gənclər Evi” Sosial Xidmət Müəssisəsində gənclər üçün yaradılmış şərait barədə məlumat verilib.

Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət fənlər təmayüllü məktəb-liseyin idman zalı ilə tanış olan qonaqlara məktəb və şagirdlər üçün burada yaradılmış imkanlar haqqında məlumat verilib.

Qazax Tarix-Diyarşünaslıq Muzeyi, Qazax Ədəbiyyat Muzeyi, Fəxri Qazaxlılar parkı ilə tanışlıq da qonaqlarda xoş təəssürat yaradıb. Qonaqlara sözügedən müəssisə və park, eləcə də Qazaxın tarixi şəxsiyyətləri, ziyalıları barədə dolğun məlumat verilib.

Qonaqlar şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanını da ziyarət ediblər. Xiyabanda ucaldılmış memorial önünə tər qərənfillər düzərək şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər. Qonaqların diqqətinə çatdırılıb ki, Birinci Qarabağ, 44 günlük Vətən müharibəsi, eləcə də digər döyüşlər zamanı Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. Rayonun 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb.

Dini memarlıq abidəsi olan Qazax “Cümə” Məscidi ilə tanışlıq zamanı qonaqlara məscidin tarixi barədə məlumat verilib.

Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzini ziyarət edən qonaqlar burada yaradılan şəraitlə yaxından tanış olublar. Qazax rayonunda “İdman Paytaxtı – 2026” ilə bağlı görülmüş işlərə dair videoçarx nümayiş olunub.

Günün ikinci yarısında səfər çərçivəsində qonaqlar Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla da görüşüblər.

Görüşdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində idman şöbəsinin sektor müdiri Ülviyyə Hacıyeva və aparıcı məsləhətçisi Mikayıl Novruzov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Trabzon şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları, Ortahisar Rayon Gənclər və İdman İdarəsinin müdiri Yunus Ali Civil, digər nümayəndə heyətindən Faruk Asma Hayder, Metin Çabuk İrfan, Süleyman Bacıoğlu Sadettin, Emre Kaya Selahattin, Gökmen Kaptan Mevlüt, Abdulkadir Günal Hasan, Mihraç Paslı Kemal, Şahin Yusuf iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qonaqları salamlayıb, səmimi ürək sözlərini bölüşüb. İcra başçısı Qərbin qapısı sayılan Qazaxda qonaq olan qardaş ölkədən gəlmiş nümayəndə heydəti ilə görüşməkdən məmnun olduğunu bildirib. İcra başçısı Türkiyə Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında imzalanmış protokola əsasən, gənclər və idman sahəsində əməkdaşlığa yönəlmiş mütəxəssis mübadiləsi proqramı çərçivəsində qardaş Türkiyədən nümayəndə heyətinin doğma Qazaxa səfər etməsini, səfər çərçivəsində iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlıq edilməsini yüksək qiymətləndirib, bu işdə əməyi olan hər kəsə razılığını ifadə edib. Rayon rəhbəri iki qardaş ölkə olan Türkiyə-Azərbaycan arasında olan qardaşlığın, dostluğun, iki ölkənin başçıları arasında olan səmimi münasibətin bütün dünyaya nümunə olduğunu söyləyib. İcra başçısı qonaqlara rayonun tarixi, keçmişi, bu günü, tarixi şəxsiyyətləri, sosial-iqtisadi göstəriciləri, kənd təsərrüfatı, istehsal və sənaye müəssisələri, gənclər və idman sahəsində əldə olunmuş nailiyyətlər haqqında dolğun və əhatəli məlumat verib. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov tərəfindən gələcəyimiz olan gənclərə, idmançılara daim diqqət və qayğı göstərildiyini bildirib. Paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə də idman sahəsinin inkişaf etdirilməsi, gənclərin hərtərəfli inkişafı naminə məqsədyönü işlər görüldüyünü, layihələr icra olunduğunu diqqətə çatdırıb. Rayon rəhbəri Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçildiyini bildirib. Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonda idmanın inkişafı istiqamətində mühüm töhfə verdiyini vurğulayıb. Bu il 5 mart tarixinin təkcə Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi deyil, həm də "Qazax İdman paytaxtı 2026"nın açılış mərasimi ilə yaddaşlara yazıldığını söyləyib. 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Qazax şəhərində idman paradı və “İdman Paytaxtı”nın açılış mərasiminin keçirildiyini, Qazaxın idman paytaxtının rəmzi açarını Qəbələdən təhvil aldığını, daha sonra "Qazax İdman paytaxtı 2026"nın maskotunun ictimaiyyətə təqdim olunduğunu diqqətə çatdırıb. İcra başçısı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyası və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 11-14 mart tarixlərində sərbəst və yunan-Roma güləşi üzrə U15 ölkə birinciliyinin keçirildiyini vurğulayıb.

Qonaqlar çıxış edərək onlara göstərilən diqqət və qayğıya, qonaqpərvərliyə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. İki qardaş ölkə olan Türkiyə-Azərbaycan arasında bütün sahələrdə, o cümlədən gənclər və idman sahələrində də uğurlu əməkdaşlıq edildiyini, bugünkü səfərin də həmin əməkdaşlığın bariz nümunəsi olduğunu vurğulayıblar.

Sonda qonaqlara hədiyyə təqdim olunub.

Qazax Olimpiya İdman Kompleksi ilə tanışlıq

“Qarabağ Azərbaycandır!” Abidə Kompleksini ziyarət

Qazax Rayon Heydər Əliyev Mərkəzi və Ulu Öndərin adını daşıyan parkla tanışlıq

“Qazax Gənclər Evi” Sosial Xidmət Müəssisəsi ilə tanışlıq

Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət fənlər təmayüllü məktəb-liseyin idman zalı ilə tanışlıq

Qazax Tarix-Diyarşünaslıq Muzeyini ziyarət

Qazax Ədəbiyyat Muzeyini ziyarət

Şəhidlər Xiyabanını ziyarət

Qazax “Cümə” Məscidi ilə tanışlıq

Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzini ziyarət

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla olan görüş




Facebook-da paylaş


{sape_links}