• Təqvim

  • Maraq



Cəbrayıl rayonunun işğaldan azad olunduğu 4 oktyabr tarixi xalqımızın yaddaşına əbədi həkk olunub


2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında tarixi Qələbə ilə başa çatan Vətən müharibəsindən, İkinci Qarabağ savaşından sonra bütün dünya qalib Azərbaycanın uğurlarına şahidlik edir. Artıq hər gün ölkəmizin, dövlətimizin həyatına, xalqımızın yaddaşına əlamətdar hadisələrlə yazılır. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi də dövlət siyasətinin tərkib hissəsidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 4 Oktyabr - Cəbrayıl Şəhəri Günü kimi müəyyən olub. Xalq olaraq bu günü qürurla qeyd edirik. Lakin ötən illər ərzində baş verənləri, Cəbrayıl rayonunun necə işğal olunduğunu da unutmuruq. 


Cəbrayılın işğalı bu gün də gözlərimiz önündə canlanır. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. 

İşğalın nəticələrinə gəlincə Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. Birinci Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Cəbrayıl rayonunun infrastrukturuna gəlincə rayonun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta, neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayonun tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, iri və xırda buynuzlu mal-qaranın kökəltmə birliyi, quşçuluq fabriki fəaliyyət göstərirdi.


Erməni vandalizmini Cəbrayıl rayonunun simasında da görmək olur. Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır.

Cəbrayıl rayonundan olan məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar.

Cocuq Mərcanlı kəndi və Lələtəpə yüksəkliyinin azad olunmasını da qürurla xatırlayırıq. 5 yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edilmişdi. Cəbrayıl rayonunun işğaldan azad olunması yaddaşlara əbədi həkk olundu. 27 ildən sonra düşmən işğalından azad edilmiş Cəbrayıl doğma sakinlərinə böyük sevinc hissi bəxş etdi. 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində MehdiliÇaxırlıAşağı MaralyanŞəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi.

Cəbrayıl rayonunun azad olunması şərəfinə 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.


Xudafərin körpüsündə bayrağımızın dalğalanması xalqımıza qürur və sevinc hissləri yaşatdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.

Cəbrayıl əməliyyatının mürəkkəbliyinə gəlincə düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıl əməliyyatının əhəmiyyəti olduqca böyükdür. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücumumuz mümkün olmuşdur. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.

Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi ölkə başçısının xalqımıza bəxş etdiyi növbəti töhfədir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 4 Oktyabr - Cəbrayıl Şəhəri Günü kimi müəyyən olub.

Bu gün işğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri həyata keçirilməkdədir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq ilkin maliyyə vəsaiti ayrıldı. İlkin investorlar müəyyən olunub.

Qeyd edək ki, Cəbrayıl rayonunun elektrik təchizatı artıq var. Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi önəmli hadisələrdəndir. Cəbrayıl rayonunun elektrik təchizatının artıq demək olar ki, bütün işləri görülüb. Bu gün Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edildi. Cəbrayıl rayonunda 240 meqavat gücə malik elektrik enerjisi stansiyasının inşasına başlanacaq. SOCAR BP şirkəti ilə Cəbrayıl rayonunda 240MVt-lıq günəş elektrik stansiyanın tikintisinə yaxın vaxtlarda başlayacaq.

Prezident İlham Əliyevin Cəbrayıl rayonuna hər səfəri xalqımızın yaddaşına əlamətdar hadisə kimi yazılır. 16.11.2020-ci ildə olan səfər Xudafərin körpüsündə Dövlət bayrağının ucaldılması, Cəbrayıl şəhərində Dövlət bayrağının ucaldılması, işğal zamanı Ermənistanın polis idarəsinin yerləşdiyi binaya baxış, dağıdılmış Cəbrayıl şəhərinin mərkəzinə baxışla yadda qaldı. 2021-ci ilin 14 fevralında olan səfər zamanı Soltanlı kəndində işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlər ilə tanışlıq oldu. 26.04.2021-ci ildə edilən səfər zamanı Cəbrayıl rayonunun girişində “Cəbrayıla xoş gəlmişsiniz!” sözləri yazılmış lövhəyə bərpadan sonra baxış keçirildi. Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı, hərbi qulluqçular ilə görüş oldu. 


04/05.10.2021-ci ildə olan səfərdə “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlqoyma mərasimi, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlqoyma mərasimi, “Cəbrayıl” yarımstansiyanın açılışı, Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi, Cəbrayılda akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimi, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi, Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüş, Memorial Kompleksin və şəhərin bərpasının təməlqoyma mərasimi kimi əlamətdar hadisələrlə yaddaşlara əbədi həkk olundu.  

20.10.2022-ci ildə edilən səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlqoyma mərasimi, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə ağac əkmə mərasimi, “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimi oldu. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə mətbuat konfransı keçirildi. 

05.05.2023-cü ildə olan səfərdə Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməli qoyulmuşdur. Bu yol başlanğıcını Hadrut yaşayış məntəqəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşir. Uzunluğu 43 kilometr olacaq. Dörd hərəkət zolaqlı  yol boyunca  avtomobil körpüləri tikiləcək.

28.09.2023-cü ildə olan səfər də yaddaqalan oldu. Səfər zamanı inzibati binanın təməlqoyma mərasimi və şəhərdə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi – Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işlərlə tanışlıq və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı oldu.



Facebook-da paylaş