O, elə bir günəşdir ki...
Günəş dünyaya işıq saçıb yer üzünü nura boyayır, gələcək yollarımızı aydınlaşdıraraq arzularımıza dəstək olur. Sonuncu ümidini itirən insan da günəşə ümid bağlayıb qaranlıq gecələrin işıqlı sabahlara qovuşacağına inanır. Günəşin rənginə boyanan ömür elə günəşin özü kimi parlayır, ömrü ömürlərə calanır. Böyük idarəçılık qabiliyyətinə, yaşayıb-yaratmaq qüvvəsinə, tükənməz enerjiyə malik olan Ulu Öndər Heydər Əliyev günəş olub ölkəmizə, dünyaya işıq saçdı, qəlblərə ümid verərək Azərbaycan adlı bir məmləkəti işıqlandırdı. Şərqdən doğan bu günəş insanları xoş günlərə qovuşdurub həyatı parlaqlandıraraq ömürləri nura boyadı – müstəqillik, tərəqqi və xoşbəxtlik nuruna.
Bu günəşin mayası, beşiyi isə Azərbaycan idi. Vətənə məhəbbət, Azərbaycan xalqına və dövlətinə bağlılıq, sonsuz sevgi idi bu günəşi daha da parlaqlandıran, onun şəfəqlərini nura çevirən. Ona görə də Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. İnana bilmirsən ki, siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə Ulu Öndər əsrə bərabər olan, zamanı ötüb keçən bir sürətlə bu qədər böyük işlər görmüş, dövrün fövqündə dayanaraq vaxtı qabaqlaya bilmişdir.
Çiyinlərində böyük bir ölkənin yükünü daşıyan Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında əbədi olaraq yaşayır. Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işlərinə başlandı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri çəkildi. Görülən genişmiqyaslı və əhatəli işlərin nəticəsində Azərbaycan qısa zaman kəsiyində kənd təsərrüfatı ölkəsindən inkişaf etmiş sənaye ölkəsinə çevrildi, ölkəmizin adı qabaqcıl respublikalarla bir sırada çəkilməyə başladı.
Azərbaycanın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan fabrik və zavodlar, bir-birindən böyük və yaraşıqlı saraylar, özünün görkəmi ilə şəhərlərə gözəllik verən neçə-neçə yaraşıqlı yaşayış və inzibati binalar tikilib istifadəyə verildi, xalqımızın tarixində mühüm rol oynamış şəxslərə, ədəbiyyat və incəsənət xadimlərinə əzəmətli heykəllər ucaldıldı. Görülən bu tikinti-quruculuq işləri nəticəsində kəndlər qəsəbələrə, qəsəbələr isə şəhərlərə çevrildi, insanların maddi və sosial şəraiti yaxşılaşmağa, həyat ildən-ilə daha da gözəlləşməyə başladı.
Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadrların milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər.
Ötən əsrin 90-cı illəri dövlətimiz üçün dönüş zamanı, Heydər Əliyev üçün sınaq məqamı idi. Zamanın sərt küləkləri əsən həmin illərdə Heydər Əliyev Vətəndən uzaqda, Moskvada idi. Dünya sanki çalxalanırdı. SSRİ-nin süqutu ilə Azərbaycanda milli-vətəndaş qarşıdurması vüsət almış, etnik separatizm baş qaldırmış, torpaqlarımız bir-birinin ardınca işğal olunmuş, ölkəmizin daxildən və xaricdən ciddi xaos və anarxiyaya sürüklənməsi nəticəsində sosial-siyasi böhran günü-gündən dərinləşmişdi. Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Xalqımız inanırdı ki. Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Heydər Əliyev Tanrının Azərbaycan xalqının taleyinə bəxş edtiyi bir qismət, zamanında millətinin xilaskarı olmaq üçün göndərilən bir dahi insan idi.
Belə bir zamanda Heydər Əliyevin xalqın çağırışına səs verməsi, ona ümidlə baxan milyonların tələbi və dəstəyi ilə yenidən ölkə rəhbərliyinə qayıtması Ulu Öndəri milli dövlətçiliyin xilaskarına çevirdi. Əgər Heydər Əliyev xalqın təkidi ilə Naxçıvandan Bakıya gəlməsəydi və ikinci dəfə Azərbaycana rəhbərlik etməyi öz üzərinə götürməsəydi, bu gün bəlkə də dünyanın siyasi xəritəsində Azərbaycan adlı dövlətin mövcudluğu mümkün olmayacaqdı. Ona görə də Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması heç də təsadüfi deyil.
Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Bu, sözün əsl mənasında, “Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi.
Ümummilli Lider daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq Azərbaycanı öz müstəqilliyini itirməkdən, ölkənin xanlıqlara bölünməkdən, bütövlükdə isə suveren respublikamızı məhv olmaqdan qurtardı. Heydər Əliyev öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına müstəqil Azərbaycan dövlətini qurdu və möhkəmlətdi. Çox qısa bir müddətdə vətəndaş müharibəsinin alovları da söndürüldü, ölkədəki silahlı dəstələr ləğv edildi, müharibədə uzunmüddətli atəşkəsə nail olundu. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alındı.
1993-2003-cü illərdə müstəqil Azərbaycan Respublikasında Heydər Əliyevin rəhbərliyi altında milli inkişafın əsasları yaradıldı – daxili sabitlik, qanunçuluq, sosial ədalət, milli həmrəylik təmin edildi, Azərbaycanın daxili və xarici siyasətinin, dövlət idarəçiliyinin, yeni iqtisadi, siyasi və sosial münasibətlərin, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin əsasları formalaşdırıldı, bütün sahələr üzrə ölkənin əsaslı inkişaf strategiyası hazırlanıb həyata keçirildi. Heydər Əliyev bu mərhələdə həlledici tarixi xidmət və uğurlu fəaliyyət göstərərək həm də müstəqil Azərbaycan dövlətinin qurucusuna çevrildi.
Heydər Əliyev böyük titullara, dünya miqyaslı adlara layiq görülmüş, saysız-hesabsız mükafatlarla təltif edilmiş, dünya şöhrətli siyasətçi, dövlət xadimi adlandırılmışdır. Lakin Heydər Əliyev hər şeydən əvvəl sadə, böyük və bütöv azərbaycanlı idi. Ona görə də çox böyük fəxr hissi ilə deyirdi: “Mən balaca bir evdə, zəhmətkeş ailəsində, bir yaz günü dünyaya göz açmışam. Anadan olanda, yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi, bəlkə də, bir o qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm”. Bu tarixi sözlər Ulu Öndərin Azərbaycana övlad etirafı idi. O, bununla fəxr edir və təmənnasız olaraq xalqına xidmət göstərirdi.
Azərbaycanın bütün bölgələri Heydər Əliyev üçün əziz və qiymətli idi. Hakimiyyətdə olduğu illərdə tez-tez bölgələrə səfərlər edir, zəhmət adamları ilə görüşür, xalqın arasında olurdu. Ulu Öndər digər bölgələr kimi, Qazaxa da böyük dəyər verir, “Azərbaycanın iqtisadiyyatının, mədəniyyətinin, maarifinin inkişafında Qazax rayonunun xüsusi yeri vardır” deyərək yüksək qiymətləndirirdi. Təsadüfi deyil ki, hələ Ulu Öndər hakimiyyətə yeni gələrkən respublikamızın regionlarına ilk səfərlərindən birinə məhz Qazaxdan başlamış, 1971-ci ilin 27 iyulunda Ağstafaçay su anbarının açılışında iştirak etmişdir. Həmin tarixi səfərdən sonra Qazaxda həyat kökündən dəyişmiş, çoxmərtəbəli yaşayış binaları tikilmiş, rayon mərkəzi, eləcə də kəndlər yeni bir görkəm almışdı. 1979-cu ildə baş tutan ikinci səfərdə Ulu Öndər Səməd Vurğun Poeziya evinin, möhtəşəm mədəniyyət sarayının, stadionun açılışlarında iştirak etmişdir. Bundan 19 il sonra, 1998-ci ildə Ulu Öndər yenə də Qazaxda səfərdə olmuş, yüksək dəyər və qiymət vermişdir. Rayon ictimaiyyəti ilə görüşdə Heydər Əliyevin söylədiyi: “Siz, əziz qazaxlılar! Burada həm öz torpağınızı qoruyursunuz, həm Azərbaycanı qoruyursunuz. Siz bütün Azərbaycan xalqının dayağızınız” - dəyərli sözləri Qazax rayonununa, onun sakinlərinə verilən ən böyük qiymətdir. Həmin dəyərli sözləri bu gün hər bir qazaxlı çox böyük fəxrlə deyir.
Heydər Əliyev may ayının 10-da, baharın günəşli bir günündə dünyaya gəlmişdi. Öz titanik fəaliyyəti, zəhmətsevərliliyi, xalqa bağlılığı, mətinliyi, dönməzliyi, Vətənə sonsuz sevgisi ilə özü də ölkəmizin başı üzərində parlayan bir günəşə döndü. Heydər Əliyev günəşi bu gün də parlayıb yollarımıza şəfəq saçır, bizi daha parlaq gələcəyə səsləyir. Çünki o, elə bir günəşdir ki, nuru heç zaman sönməz, sönməyəcək!
Elçin İSMAYIL,
“Göyəzən” qəzetinin redaktoru,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Tərəqqi” medalı və “Qızıl qələm” mükafatı laureatı, şair-publisist
Facebook-da paylaş