Bütün dövrlərdə dövlətə öz sədaqəti və fədakarlığı ilə seçilən Azərbaycan qadını xalqımızın adını həmişə uca tutub
Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan qadını öz
zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti
ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir
incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və
inkişafında da həmişə qadınlarımızın böyük rolu olub. Eyni zamanda,
Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin
həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları
çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Bu gün isə
müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz
mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət
sayəsində yüksək qiymətləndirilir. 8 Mart - Beynəlxalq
Qadınlar Günü bütün dövlətlərdə olduğu kimi, ölkəmizdə də rəsmi bayram günü
kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 mart –
Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır,
Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə
orden və ya medallarla təltif edilir. Yüksək etimadı hiss edən Azərbaycan qadını da bütün dövrlərdə dövlətə
öz sədaqəti və fədakarlığı ilə seçildiyini daim nümayiş etdirir. Dövlət
müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu
prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni
potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Azərbaycan qadını
tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış,
qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin
müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə
yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir. Ölkənin
ictimai-siyasi həyatında yaxından iştirak edən Azərbaycan qadını hər zaman
nümunə olmuşdur. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası
olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin
ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən
qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana
dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar.
Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin
yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi
müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları
ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Heç şübhəsiz ki, qadınların
dövlətin idarəolunma prosesində iştirakını dəstəkləyən Ulu Öndər Heydər Əliyev
onların əməyinə hər zaman yüksək qiymət vermişdir. Belə ki, ölkəmizdə
dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə
böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara
xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider
qadınlar yetişdirdi. Bu gün tam məsuliyyətlə deyə bilərik ki, XX əsrdə
yüksək mənəvi məsuliyyət hissi ilə böyük tarixi missiyanı öz zərif çiyinlərində
daşımaqla şərəflə, əzmlə dövlətə, dövlətçiliyə və xalqa xidmət mücəssəməsi olan
qadınlarımızdan biri də Mehriban xanım Əliyevadır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə,
həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə
qaldırır.Bu gün Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq
missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər hər
bir Azərbaycan qadınına əsl örnəkdir. Ölkənin "Yumşaq güc” siyasətinin təcəssümü
olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar
qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri,
qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın
humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu
fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin
Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi
yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının
mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə
malik olduğunun bariz nümunəsidir. Bu gün Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər desək heç də
yanılmarıq. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz,
dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb
dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl
seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı
uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Bu gün qürurla söyləyə
bilərik ki, qadınlar doğma
torpaqlarımızın bir qisminin işğal altında olduğu bir dövrdə də gənc nəslin vətənpərvərlik
ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə
üzərinə düşən ağır yükü şərəflə daşıyırdılar. Qadınlarımızın aktiv fəaliyyəti
həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf
və qürur mənbəyidir. Hazırda Azərbaycan Ordusunun bütün qoşun növlərində,
xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə
yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə
yerinə yetirirlər. Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək qiymətləndirilir.
Martın 7-də ölkə Prezidenti İlham Əliyevin Beynəlxalq Qadınlar
Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik müraciətində də dəyərli
fikirlərdən bunun bir daha şahidi olduq. "...Xüsusi vurğulamaq istəyirəm
ki, Azərbaycan qadını milli dövlət quruculuğu işinin fəal iştirakçısı kimi
müstəqillik illərindəki nailiyyətlərimizin zirvə nöqtəsinə yüksəlməyimiz və
parlaq Qələbə sevinci yaşamağımız naminə var qüvvəsini səfərbər etmişdir. Göz
açıb azad gördüyü yurdunu ana qədər müqəddəs bilən, milli ideallara sadiq gənc
nəsli də o, məhz öz mənəvi gücü, polad iradəsi hesabına yetişdirmiş, tarixin
hökmü ilə ədalətin zəfər çalacağına və haqq işimizin qalib gələcəyinə həmin
nəslin qəlbində sarsılmaz inam duyğusu aşılamışdır. Azərbaycan qadınının müasir
dövlətçiliyimizə ən dəyərli töhfəsi olan bu nəsil 44 günlük Vətən müharibəsində
rəşadəti ilə xalqımızın mübarizlik rəmzinə dönərək ümidləri tam doğrultmuşdur. Mən
torpaqlarımızın müdafiəsi və işğaldan qurtarılması zamanı canlarından keçmiş
igid övladlarımızın xatirəsini bir daha ehtiramla yad edir, şəhid analarına və
xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün
yoldaşlarına, xalq üçün layiqli oğullar böyüdən əsgər analarına xoş arzularımı
yetirirəm. Əminəm ki, Azərbaycan qadını bundan sonra da ölkəmizdəki böyük
quruculuq işlərində əzmkarlıqla çalışacaq, müstəqillik salnaməmizi yeni
müvəffəqiyyətləri ilə zənginləşdirəcəkdir". Fəal vətəndaşlıq mövqeyini nümayiş etdirən Azərbaycan qadınından danışarkən
deyə bilərik ki, dövlət müstəqilliyimizin bərpasından sonra ötən
iyirmi il ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal
iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni
potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Elm və təhsil, səhiyyə
və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o, öz nüfuzunu
ilbəil artırmağa müvəffəq olmuşdur. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində
qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur. Ölkəmizdəki sabitlik və
demokratik mühit qarşıdakı illərdə də onlara öz fitri istedadlarını, yaradıcılıq
imkanlarını tam gerçəkləşdirə bilmələri üçün bütün lazımi şəraiti təmin edir. Bu gün müstəqil Azərbaycanımızda dövlət qadın siyasətinin davam etdirilməsi
sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb.
Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun
yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları
mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur,
ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə
idmanının inkişafına böyük töhfələr verirlər. Onu da əminliklə
qeyd edə bilərik ki, qadın hüquqlarının qorunması da Azərbaycanın dövlət siyasətinin
tərkib hissəsidir. Uğurla həyata keçirilən qadın siyasəti onu deməyə əsas verir ki, Azərbaycanda qadın hüquqlarının
qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində
və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin
ayrılmaz tərkib hissəsidir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox
qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara
üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının
reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan
vermişdir. Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin
həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında
müstəsna rol oynamışdır. Azərbaycan
Respublikasında qadınlara dair dövlət siyasətinin daha mütəşəkkil şəkildə həyata
keçirilməsini təmin etmək məqsədilə görülən işlərə nəzər yetirmək kifayət edir.
Bu sahədə atılan uğurlu addımların bariz nümunəsi Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 14 yanvar tarixli Fərmanı (http://e-qanun.az/framework/4932) ilə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə
Dövlət Komitəsinin yaradılmasıdır. Bundan əlavə, ölkənin siyasi, sosial,
iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq, Azərbaycan
Respublikasının 1995-ci il iyunun 30-da qoşulduğu BMT-nin "Qadınlara
münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında”
Konvensiyasından irəli gələn öhdəliklərini daha geniş miqyasda həyata
keçirmək məqsədilə 1998-ci il 14 yanvar tarixində "Azərbaycanda qadınların
rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam (http://e-qanun.az/framework/4951) imzalanmışdır. O cümlədən, mövcud
istiqamətdə strateji prioritetləri müəyyən etmək üçün Ulu Öndər Heydər Əliyev tərəfindən
6 mart 2000-ci il tarixində "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin
həyata keçirilməsi haqqında” Fərman (http://e-qanun.az/framework/597)
imzalanmışdır. Fərmanla Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət
növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil
olunması təmin edilməsi tapşırılmışdır. Həmçinin, respublikada qadınların vəziyyətinə
dair beynəlxalq standartlara cavab verən statistik məlumatların hazırlanması
barədə tapşırıq verilmişdir. Fərmanın icrasını təmin etmək məqsədilə təsdiq
edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 26 sentyabr
tarixli 176 nömrəli Qərarına (http://e-qanun.az/framework/499) əsasən
nazirlik, komitə, şirkət, konsern və digər dövlət müəssisə və təşkilatlarında
daxili imkanlar çərçivəsində gender siyasəti tələblərinə uyğun olaraq gender məsələləri
üzrə məsul şəxslər təyin edilmiş, həmçinin "Qaçqın və məcburi köçkün qadınların
münasib işlə təmin edilməsi Proqramı” təsdiq edilmişdir. Bu Qərar bütün dövlət
orqanları (qurumları) və digər təşkilatların gender bərabərliyinin təmin edilməsi
ilə bağlı fəaliyyətinin təkmilləşdirilməsinə, həyata keçirdikləri siyasətlərə
gender amilinin daxil edilməsinə imkan verdi. Bundan
başqa, 2000-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti 2000-2005-ci
illər üçün "Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət
Planı”nı (http://e-qanun.az/framework/868)
qəbul etmişdir. Milli Fəaliyyət Planı milli prioritetləri nəzərə alaraq,
siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrini, eləcə
də qaçqın və məcburi köçkün qadınların problemlərini əhatə etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
2006-cı il 6 fevral tarixli Fərmanı (http://e-qanun.az/framework/11484) ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi yaradılmışdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və
tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır (http://e-qanun.az/framework/12320). Gender bərabərliyinə gəlincə. "Gender
(kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan
Respublikasının Qanunu (http://e-qanun.az/framework/12424) 2006-cı il 10 oktyabr tarixində
qəbul olunmuşdur. Qanun cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün
formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi,
iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla
gender bərabərliyinin təmin edilməsinə xidmət edir. 2010-cu ildə isə "Məişət
zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu (http://www.e-qanun.az/framework/20131)
qəbul olunmuşdur. Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni
düşüncə tərzinin formalaşmasına təkan verərək bir çox stereotiplərin qırılmasına
səbəb olmuşdur. Ölkəmizdə qadın hüquqlarının tənzimlənməsinə xidmət edən digər normativ sənədlər də
mövcuddur. Qadın hüquqları eyni zamanda bir sıra məcəllələrlə (Ailə,
Mülki, Cinayət, İnzibati Xətalar və s.) də təsbit olunmuşdur. Qəbul olunmuş bir
sıra dövlət proqramları, o cümlədən ”2008-2015-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” (http://www.e-qanun.az/framework/15399),
"Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə
2011-2015-ci illər üçün Dövlət Proqramı” (http://www.e-qanun.az/framework/22533),
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət
proqramları ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların
rolunun artırılmasında mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan Beynəlxalq
Əmək Təşkilatının qadın əməyi sahəsində qəbul etdiyi "Yeraltı işlərdə qadın əməyinin
tətbiqi haqqında”, "Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq
verilməsi haqqında”, "Analığın mühafizəsi haqqında”, "Əmək və məşğulluq sahəsində
ayrı-seçkilik haqqında” və "Ərdə olan qadının vətəndaşlığı haqqında”
konvensiyalara qoşulmuşdur. Azərbaycan
qadınlarının qurultaylarının keçirilməsi də
onlara verilən böyük qiymətin, dəyərin göstəricisidir. 1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı
dövlət qadın siyasətinin tarixində mühüm hadisədir. Respublikada cərəyan edən
mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim
milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultayda
mühüm məsələlər müzakirə olunmuşdur. 1998-ci ildən etibarən hər beş ildən bir
Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın
siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir.
Və Azərbaycan qadınlarının yaddaşına xoş anlarla əbədi həkk olunur. GOYEZEN.AZ
Facebook-da paylaş