Əsas Səhifə > Rəsmi > Bütün dövrlərdə dövlətə öz sədaqəti və fədakarlığı ilə seçilən Azərbaycan qadını xalqımızın adını həmişə uca tutub

Bütün dövrlərdə dövlətə öz sədaqəti və fədakarlığı ilə seçilən Azərbaycan qadını xalqımızın adını həmişə uca tutub


8-03-2022, 14:20


Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da həmişə qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Bu gün isə müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir.

8 Mart - Beynəlxalq Qadınlar Günü bütün dövlətlərdə olduğu kimi, ölkəmizdə də rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edilir.

Yüksək etimadı hiss edən Azərbaycan qadını da bütün dövrlərdə dövlətə öz sədaqəti və fədakarlığı ilə seçildiyini daim nümayiş etdirir. Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir.

Ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edən Azərbaycan qadını hər zaman nümunə olmuşdur. Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.

Heç şübhəsiz ki, qadınların dövlətin idarəolunma prosesində iştirakını dəstəkləyən Ulu Öndər Heydər Əliyev onların əməyinə hər zaman yüksək qiymət vermişdir. Belə ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi.

Bu gün tam məsuliyyətlə deyə bilərik ki, XX əsrdə yüksək mənəvi məsuliyyət hissi ilə böyük tarixi missiyanı öz zərif çiyinlərində daşımaqla şərəflə, əzmlə dövlətə, dövlətçiliyə və xalqa xidmət mücəssəməsi olan qadınlarımızdan biri də Mehriban xanım Əliyevadır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır.Bu gün Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər hər bir Azərbaycan qadınına əsl örnəkdir. Ölkənin "Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Bu gün Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər desək heç də yanılmarıq. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.

Bu gün qürurla söyləyə bilərik ki, qadınlar doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu bir dövrdə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə daşıyırdılar. Qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir. Hazırda Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək qiymətləndirilir. Martın 7-də ölkə Prezidenti İlham Əliyevin Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik müraciətində də dəyərli fikirlərdən bunun bir daha şahidi olduq. "...Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan qadını milli dövlət quruculuğu işinin fəal iştirakçısı kimi müstəqillik illərindəki nailiyyətlərimizin zirvə nöqtəsinə yüksəlməyimiz və parlaq Qələbə sevinci yaşamağımız naminə var qüvvəsini səfərbər etmişdir. Göz açıb azad gördüyü yurdunu ana qədər müqəddəs bilən, milli ideallara sadiq gənc nəsli də o, məhz öz mənəvi gücü, polad iradəsi hesabına yetişdirmiş, tarixin hökmü ilə ədalətin zəfər çalacağına və haqq işimizin qalib gələcəyinə həmin nəslin qəlbində sarsılmaz inam duyğusu aşılamışdır. Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən dəyərli töhfəsi olan bu nəsil 44 günlük Vətən müharibəsində rəşadəti ilə xalqımızın mübarizlik rəmzinə dönərək ümidləri tam doğrultmuşdur. Mən torpaqlarımızın müdafiəsi və işğaldan qurtarılması zamanı canlarından keçmiş igid övladlarımızın xatirəsini bir daha ehtiramla yad edir, şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, xalq üçün layiqli oğullar böyüdən əsgər analarına xoş arzularımı yetirirəm. Əminəm ki, Azərbaycan qadını bundan sonra da ölkəmizdəki böyük quruculuq işlərində əzmkarlıqla çalışacaq, müstəqillik salnaməmizi yeni müvəffəqiyyətləri ilə zənginləşdirəcəkdir".

Fəal vətəndaşlıq mövqeyini nümayiş etdirən Azərbaycan qadınından danışarkən deyə bilərik ki, dövlət müstəqilliyimizin bərpasından sonra ötən iyirmi il ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o, öz nüfuzunu ilbəil artırmağa müvəffəq olmuşdur. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur. Ölkəmizdəki sabitlik və demokratik mühit qarşıdakı illərdə də onlara öz fitri istedadlarını, yaradıcılıq imkanlarını tam gerçəkləşdirə bilmələri üçün bütün lazımi şəraiti təmin edir. 

Bu gün müstəqil Azərbaycanımızda dövlət qadın siyasətinin davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.

Onu da əminliklə qeyd edə bilərik ki, qadın hüquqlarının qorunması da Azərbaycanın dövlət siyasətinin tərkib hissəsidir. Uğurla həyata keçirilən qadın siyasəti onu deməyə əsas verir ki, Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir. Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynamışdır. Azərbaycan Respublikasında qadınlara dair dövlət siyasətinin daha mütəşəkkil şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə görülən işlərə nəzər yetirmək kifayət edir. Bu sahədə atılan uğurlu addımların bariz nümunəsi Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli Fərmanı (http://e-qanun.az/framework/4932) ilə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasıdır. Bundan əlavə, ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq, Azərbaycan Respublikasının 1995-ci il iyunun 30-da qoşulduğu BMT-nin "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasından irəli gələn öhdəliklərini daha geniş miqyasda həyata keçirmək məqsədilə 1998-ci il 14 yanvar tarixində "Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam (http://e-qanun.az/framework/4951) imzalanmışdır. O cümlədən, mövcud istiqamətdə strateji prioritetləri müəyyən etmək üçün Ulu Öndər Heydər Əliyev tərəfindən 6 mart 2000-ci il tarixində "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman (http://e-qanun.az/framework/597) imzalanmışdır. Fərmanla Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması təmin edilməsi tapşırılmışdır. Həmçinin, respublikada qadınların vəziyyətinə dair beynəlxalq standartlara cavab verən statistik məlumatların hazırlanması barədə tapşırıq verilmişdir. Fərmanın icrasını təmin etmək məqsədilə təsdiq edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 26 sentyabr tarixli 176 nömrəli Qərarına (http://e-qanun.az/framework/499) əsasən nazirlik, komitə, şirkət, konsern və digər dövlət müəssisə və təşkilatlarında daxili imkanlar çərçivəsində gender siyasəti tələblərinə uyğun olaraq gender məsələləri üzrə məsul şəxslər təyin edilmiş, həmçinin "Qaçqın və məcburi köçkün qadınların münasib işlə təmin edilməsi Proqramı” təsdiq edilmişdir. Bu Qərar bütün dövlət orqanları (qurumları) və digər təşkilatların gender bərabərliyinin təmin edilməsi ilə bağlı fəaliyyətinin təkmilləşdirilməsinə, həyata keçirdikləri siyasətlərə gender amilinin daxil edilməsinə imkan verdi.

Bundan başqa, 2000-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti 2000-2005-ci illər üçün "Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı”nı (http://e-qanun.az/framework/868) qəbul etmişdir. Milli Fəaliyyət Planı milli prioritetləri nəzərə alaraq, siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrini, eləcə də qaçqın və məcburi köçkün qadınların problemlərini əhatə etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Fərmanı (http://e-qanun.az/framework/11484) ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır (http://e-qanun.az/framework/12320).

Gender bərabərliyinə gəlincə. "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu (http://e-qanun.az/framework/12424) 2006-cı il 10 oktyabr tarixində qəbul olunmuşdur. Qanun cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsinə xidmət edir. 2010-cu ildə isə "Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu (http://www.e-qanun.az/framework/20131) qəbul olunmuşdur. Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verərək bir çox stereotiplərin qırılmasına səbəb olmuşdur.

Ölkəmizdə qadın hüquqlarının tənzimlənməsinə xidmət edən digər normativ sənədlər də mövcuddur. Qadın hüquqları eyni zamanda bir sıra məcəllələrlə (Ailə, Mülki, Cinayət, İnzibati Xətalar və s.) də təsbit olunmuşdur. Qəbul olunmuş bir sıra dövlət proqramları, o cümlədən ”2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” (http://www.e-qanun.az/framework/15399), "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı” (http://www.e-qanun.az/framework/22533), Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan Beynəlxalq Əmək Təşkilatının qadın əməyi sahəsində qəbul etdiyi "Yeraltı işlərdə qadın əməyinin tətbiqi haqqında”, "Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında”, "Analığın mühafizəsi haqqında”, "Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında” və "Ərdə olan qadının vətəndaşlığı haqqında” konvensiyalara qoşulmuşdur.

Azərbaycan qadınlarının qurultaylarının keçirilməsi də onlara verilən böyük qiymətin, dəyərin göstəricisidir1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultayda mühüm məsələlər müzakirə olunmuşdur. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir. Və Azərbaycan qadınlarının yaddaşına xoş anlarla əbədi həkk olunur.

GOYEZEN.AZ


Geri qayıt