• Təqvim

  • Maraq



Azərbaycan qadını cəmiyyətdə hər zaman uca tutulmalıdır


Bu gün Qazax Rayon İcra Hakimiyyətində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva başda olmaqla icra aparatında çalışan bütün qadınları bayram münasibətilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olub. Bu gün isə müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir.

Rayon rəhbəri qeyd edib ki ümummilli lider Heydər Əliyevin qadın və cəmiyyət siyasətində qadına diqqət və qayğı hər zaman mühüm bir istiqamət kimi göstərilmişdir. Həmin siyasət bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli-mənəvi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız həmişə Azərbaycanın müstəqilliyi, güclü və qüdrətli dövlətə çevrilməsi yolunda böyük işlər görmüşlər. Dövlət quruculuğunun bütün sahələrində səylə çalışan və uğurlar qazanan qadınlarımız ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsində, elmin, mədəniyyətin, ədəbiyyatın inkişaf etdirilməsində böyük xidmətlər göstərmişlər. 

İcra başçısı bildirib ki, biz bu gün fəxrlə deyə bilərik ki, qazaxlı qadınlar da həmişə öz üzərlərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirərək ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin fəal müdafiəçiləri və iştirakçıları olublar. Rayonumuzun qadınları tarixin taleyüklü məqamlarında həmişə öz sözlərini deyir və milli maraqlara söykənən mövqelərini nümayiş etdirirlər. Bu ənənə bu gün də davam etdirilir və qadınlar böyük qüvvə olduqlarını əməli işləri ilə sübut edirlər.

Tədbirdə qadınlara gül dəstələri və hədiyyələr təqdim olunub.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda bir daha qadınları əlamətdar gün münasibətilə təbrik edib, ən səmimi arzularını çatdırıb.

 

GOYEZEN.AZ



Facebook-da paylaş