Qazax Heydər Əliyev Mərkəzində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib
Qazax rayon Heydər Əliyev Mərkəzində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə "Qadınlar və əbədi gözəllik” başlığı altında dəyirmi masa təşkil olunub.
Tədbirdə rayonda müxtəlif sahələrdə çalışan fəal qadınlar və mərkəzin kollektvi iştirak ediblər.
Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq "Qadınlar və əbədi gözəllik” mövzusunda ətraflı çıxış edib. Bildirib ki, qadınların ictimai həyatdakı mövqeyi hər bir ölkə üçün əsas siyasət meyarlarından biridir. Böyük xalqların taleyində adını yazdırmış görkəmli qadınlar çox olmuşdur. Fəxrlə demək olar ki, Azərbaycan qadınları da tarix boyunca xalqımızın milli-mədəni ənənələrinin zənginləşməsinə və qorunub saxlanmasına xidmət etmiş, mürəkkəb və şərəfli inkişaf yolu keçərək, fədakarlıq rəmzinə çevrilmişlər. Mehriban xanım Əliyeva müasir Azərbaycan tarixinə Vətəni və xalqı qarşısında əvəzsiz xidmətləri ilə adını qızıl hərflərlə yazdırmağa layiq olan qadınlardandır. 2017-ci il fevralın 21-dən Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyətə başlayan Mehriban xanım Azərbaycan dövlətçilik tarixində ilk dəfə olaraq Birinci xanım statusunu formalaşdıraraq bütün bilik və bacarığını müxtəlif humanitar təşəbbüslərin reallaşmasına sərf etmişdir. Məhz bu genişmiqyaslı və fədakar fəaliyyətinə görə bir çox beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən yüksək mükafatlara layiq görülmüşdür.
Sonra YAP Qazax rayon təşkilatının Qadınlar Şurasının sədri Yeganə Göyüşlü, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Sevda Həsənova, Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Səba Nəbiyeva, Qazax şəhər Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Nailə Əliyeva, Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova, Mərkəzi Kitabxana Sisteminin direktoru Solmaz Babanlı, rayon Təhsil şöbəsində aparıcı məsləhətçi Günay Bəxtiyarlı, Ürkməzli kənd mədəniyyət evinin müdiri, şairə Gülsənəm Cəlilova çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışı ilə ölkədə hüquqi demokratik dövlət qurulmasından və qadın hərəkatına dövlət qayğısının güclənməsindən danışıblar. Rayonun ictimai işlərində yüksək fəallıq göstərən qadınların hər biri öz çıxışında ölkə prezidenti İlham Əliyevin sosial sahədə imzaladığı Sərəncamlardan danışıb, həmin Sərəncamların xalqımızın rifahının yaxşılaşdırılmasına xidmət etdiyini bildiriblər. Bütün bu diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə bütün qadınlar adından minnətdarlıqlarını çatdırıb, Mehriban xanım Əliyevanı Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik ediblər.
GOYEZEN.AZ
Facebook-da paylaş