Qazaxda 3 günlük seminar keçirilib
Ötən yazılarımızda xəbər verdiyimiz kimi, Avropa İttifaqının sifarişi əsasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ GmbH), Gəncə-Qazax İqtisadi Rayonunda Yerli və Regional İnkişafa Dəstək” layihəsini 2016-cı il dekabr ayında bağlanmış qrant sazişinə əsasən icra edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi layihənin əlaqələndiricisi, Dövlət Turizm Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi və Ədliyyə Nazirliyi isə layihənin tərəfdaşlarıdır.
Təqdirəlayiq haldır ki, həmin layihə çərçivəsində pilot olaraq Qazax rayonunun "Rayon İnkişaf Planı”nın hazırlanması da nəzərdə tutulub. Bununla bağlı layihənin hazırlanması üçün ilkin olaraq danışıqların aparılması məqsədilə nümayəndə heyəti Qazaxda olub, aidiyyəti şəxslərlə görüş keçirib.
Layihə çərçivəsində ilk dəfə 4-6 dekabr 2018-ci il tarixlərdə Qazax rayonunun diaqnostik qiymətləndirməsinə dair 3 günlük seminar təşkil olunub.
Rayonun planlaşdırılmasına dair növbəti seminar isə 15-17 yanvar tarixlərində keçirilib.
Olimpiya İdman Kompleksində keçirilən seminarda Qazax RİHB-nın müavini Tahir Musayev, aparatınSosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, İqtisadiyyat Nazirliyi Gəncə-Qazax regional bölməsinin müdir müavini Orxan İbrahimov, baş məsləhətçi Teymurlan Şabanov və aparıcı məsləhətçi Əli İsgəndərov, komponent meneceri (SLRD layihəsi) Vitold Sartorius, "GFA konsaltinq” şirkətinin ekspertləri İlkin Qasımlı və Vaqif Rüstəmov, Regional Koordinator və Gəncə ofisinin rəhbəri Fariz Qarayev, məsləhətçi Zaur Bayramov, rayonunun idarə, müəssisə və təşkilatlarından 25 nəfər nümayəndə iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev giriş sözü ilə çıxış edərək qonaqları salamlayıb, həyata keçirilən layihənin və seminarın əhəmiyyətindən danışaraq keçirilən seminarın rayonun sosial-iqtisadi inkişafında böyük əhəmiyyət kəsb edəcəyini qeyd edib.
Regional Kordinator və Gəncə ofisinin rəhbəri Fariz Qarayev çıxış edərək bildirib ki, layihənin əsas məqsədi regional inkişafa dəstək vermək məqsədilə yerli hakimiyyət orqanlarının ərazi planlaması və idarəetmə bacarıqlarının gücləndirilməsidir. Layihənin digər məqsədlərindən biri turizm və kənd təsərrüfatı sahələrinin yerli və regional səviyyədə inkişaf etdirilməsidir.
F.Qarayev qeyd edib ki, Qazax rayonunda "Rayon İnkişaf Planı”nın hazırlanması məqsədilə "GFA konsaltinq” şirkəti ilə müqavilə bağlanıb. "Rayon İnkişaf Planı”nın hazırlanması əsasən 4 mərhələdən – Rayon İcra Hakimiyyəti ilə görüş, maraqlı və əlaqəli tərəflərin təhlili, rayonun sosial-iqtisadi məsələləri ilə bağlı diaqnostikası və ən nəhayət "Rayon İnkişaf Planı”nın hazırlanmasından ibarətdir.
Qeyd edib ki, bu layihə və həyata keçirilən seminarların əsas məqsədi rayonun sosial-iqtisadi göstəricilərinin dərindən öyrənilməsinə, eləcə də hazırlanmış plana əsasən rayona yeni investisiyaların qoyulmasına dəstək olmaq və töhfə verməkdir. Buna görə də planın hazırlanmasında iştirak edəcək hər bir tərəfdaş öz sahəsi üzrə mükəmməl və ətraflı məlumata sahib olmalı və təşkilatını layiqincə təmsil etməyi bacarmalıdır. Eyni zamanda, keçirilən seminarlarda aktivliyi və fəallığı ilə seçilməlidir.
Regional Koordinator və Gəncə ofisində məsləhətçi Zaur Bayramov, İqtisadiyyat Nazirliyi Gəncə-Qazax regional bölməsində baş məsləhətçi Teymurlan Şabanov, "GFA konsaltinq” şirkətinin ekspertləri İlkin Qasımlı və Vaqif Rüstəmov da seminar və layihə haqqında fikirlərini bölüşüb, müxtəlif mövzularla çıxış ediblər.
Seminarın ilk günü tətbiq olunacaq metodlar barədə məlumat verilib və layihə təqdim olunub. Seminarın məqsədindən danışılıb və rayonun diaqnostik hesabatının təqdimatı olub. Sonra rayonun məqsəd ağacının təqdimatı və ağacın müzakirəsi aparılıb.
Seminarın ikinci günü isə maraqlı tərəflərin iştirakı ilə rayonun məqsəd ağacının qurulması həyata keçirilib. Alternativlərin təhlilinin və rayonun planı üçün məntiqi çərçivənin müzakirələri olub.
Seminarın üçüncü günü də olduqca maraqlı keçib. Belə ki, rayonun planı üçün məntiqi çərçivənin müzakirələri davam etdirilib. Sonda əməliyyat planının qurulması həyata keçirilib.
Seminarın yekununda bir çox məsələlər qarşılıqlı müzakirə edilərək təhlil olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş