• Təqvim

  • Maraq



Qazaxda rayonun diaqnostik qiymətləndirməsinə dair 3 günlük seminar keçirilib


Xəbər verdiyimiz kimi, Avropa İttifaqının sifarişi əsasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ GmbH), Gəncə-Qazax İqtisadi Rayonunda Yerli və Regional İnkişafa Dəstək” layihəsini 2016-cı il dekabr ayında bağlanmış qrant sazişinə əsasən icra edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi layihənin əlaqələndiricisi, Dövlət Turizm Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi və Ədliyyə Nazirliyi isə layihənin tərəfdaşlarıdır.

Sevindirici haldır ki, həmin layihə çərçivəsində pilot olaraq Qazax rayonunun "Rayon İnkişaf Planı”nın hazırlanması da nəzərdə tutulub. Bununla bağlı layihənin hazırlanması üçün ilkin olaraq danışıqların aparılması məqsədilə nümayəndə heyəti Qazaxda olub, aidiyyəti şəxslərlə görüş keçirib.

Daha sonra layihə çərçivəsində 4-6 dekabr tarixlərində Qazax rayonunun diaqnostik qiymətləndirməsinə dair 3 günlük seminar təşkil olunub.

Olimpiya İdman Kompleksində keçirilən seminarda Qazax RİHB aparatının məsul işçisi, Regional Koordinator və Gəncə ofisinin rəhbəri (GİZ-SLRD) Fariz Qarayev, məsləhətçi Zaur Bayramov, İqtisadiyyat Nazirliyi Gəncə-Qazax regional bölməsində baş məsləhətçi Teymurlan Şabanov, müavin Orxan İbrahimov, böyük məsləhətçi Əli İsgəndərov, "GFA konsaltinq” şirkətinin ekspertləri İlkin Qasımlı, Vaqif Rüstəmov, rayonunun idarə, müəssisə və təşkilatlarından 25 nəfər nümayəndə iştirak ediblər.

Qazax RİHB aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov giriş sözü ilə çıxış edərək qonaqları salamlayıb, həyata keçirilən layihənin və seminarın əhəmiyyətindən danışıb. İstər layihənin, istərsə də seminarın rayonun sosial-iqtisadi inkişafında böyük əhəmiyyət kəsb edəcəyini qeyd edib.

Regional Kordinator və Gəncə ofisinin rəhbəri Fariz Qarayev çıxış edərək bildirib ki, layihənin əsas məqsədi regional inkişafa dəstək vermək məqsədilə yerli hakimiyyət orqanlarının ərazi planlaması və idarəetmə bacarıqlarının gücləndirilməsidir. Layihənin digər məqsədlərindən biri turizm və kənd təsərrüfatı sahələrinin yerli və regional səviyyədə inkişaf etdirilməsidir.

F.Qarayev qeyd edib ki, Qazax rayonunda "Rayon İnkişaf Planı”nın hazırlanması məqsədilə "GFA konsaltinq” şirkəti ilə müqavilə bağlanıb. "Rayon İnkişaf Planı”nın hazırlanması əsasən 4 mərhələdən – Rayon İcra Hakimiyyəti ilə görüş, maraqlı və əlaqəli tərəflərin təhlili, rayonun sosial-iqtisadi məsələləri ilə bağlı diaqnostikası və ən nəhayət "Rayon İnkişaf Planı”nın hazırlanmasından ibarətdir.

Bildirib ki, bu mərhələlər çərçivəsində həyata keçiriləcək fəaliyyətlərin noyabr, dekabr, yanvar və fevral aylarında seminarlar və rayona birbaşa səfərlərlə həyata keçirilməsi nəzərdə tutulmuşdur ki, artıq biz seminarlara start vermişik.

Qeyd edib ki, bu layihə və 3 gün ərzində həyata keçiriləcək seminarın əsas məqsədi rayonun sosial-iqtisadi göstəricilərinin dərindən öyrənilməsinə, eləcə də hazırlanmış plana əsasən rayona yeni investisiyaların qoyulmasına dəstək olmaq və töhfə verməkdir. Buna görə də planın hazırlanmasında iştirak edəcək hər bir tərəfdaş öz sahəsi üzrə mükəmməl və ətraflı məlumata sahib olmalı və təşkilatını layiqincə təmsil etməyi bacarmalıdır. Eyni zamanda, keçirilən seminarlarda aktivliyi və fəallığı ilə seçilməlidir.

Regional Koordinator və Gəncə ofisində məsləhətçi Zaur Bayramov, İqtisadiyyat Nazirliyi Gəncə-Qazax regional bölməsində baş məsləhətçi Teymurlan Şabanov, "GFA konsaltinq” şirkətinin ekspertləri İlkin Qasımlı və Vaqif Rüstəmov da seminar və layihə haqqında fikirlərini bölüşüb, müxtəlif mövzularla çıxış ediblər.

Seminarın ilk günü tətbiq olunacaq metodlar barədə məlumat verilib və layihə təqdim olunub. İkinci gün isə GZİT təhlilinin birinci hissəsi davam edib. Birinci hissə üzrə nəticələrin təqdimatı olub. Rayon üçün güclü və zəif tərəflərin, imkan və təhlükələrin siyahıya alınması aparılıb. GZİT-in ikinci hissəsində strategiya işlənib. Mövcud hökumət mənbələrindən olan rayonun statistik məlumat və informasiyaları təqdim olunub. İştirakçılarla statistik məlumat və informasiyalar müzakirə edilib.

Seminarın üçüncü günü də olduqca maraqlı keçib. Belə ki, mövzu üzrə problem təhlil olunub. Problemin təhlili "Problem ağacın” qurulması ilə davam etdirilib.

Seminarın yekununda bir çox məsələlər qarşılıqlı müzakirə olunaraq diaqnostik təhlil olunub. Eyni zamanda, növbəti ayda da 3 günlük seminarın təşkil olunacağı bildirilib.








GOYEZEN.AZ

 



Facebook-da paylaş