• Təqvim

  • Maraq



Qazaxda da məcburi köçkün qalmadı


Respublika mətbuatı Qazax haqqında

"Kəndimizə qayıdan gün evimizin yanındakı bulaqdan su içib Prezidentimizə dua edəcəm"

Ermənistanın Qarabağ iddiası ilə başladığı müharibədə törətdiyi ilk cinayət Qazaxın Bağanıs Ayrım kəndində oldu. Kənddə 5 nəfərdən ibarət ailə xüsusi amansızlıqla qətlə yetirilərək yandırıldı. 1990-cı il martın 23-dən 24-nə keçən gecə öncədən təşkil edilən plan əsasında hücuma məruz qalan kənd ermənilər tərəfindən işğal olundu.  İşğal zamanı Bağanıs Ayrım kəndinin əliyalın günahsız əhalisinə qarşı əsl qətliam törədildi. 10 nəfər qətlə yetirildi, 15 nəfər yaralandı. 100-dən çox evi olan kənd, o cümlədən əhalinin çıxara bilmədiyi ev əşyaları və mal-qara talan edildi. Öz ata-baba yurdlarından didərgin düşmüş bağanıs ayrımlılar müxtəlif bölgələrdə, ilk növbədə Qazaxda məskunlaşdılar. Bağanıs Ayrımla birlikdə Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndləri və onların sakinləri də eyni taleyi yaşadılar. 

30 il bu nisgili qəlblərində saxlayan və gec-tez öz yurdlarına qayıdacaqlarına əmin olan həmin kəndlərin sakinlərinin bu günlər sevinclərinin həddi-hüdudu yoxdur. Onlar Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı siyasət nəticəsində bir güllə atılmadan, qan tökülmədən 4 kəndin Azərbaycana qaytarılmasını ölkəmizin növbəti qələbəsi kimi qiymətləndirirlər. Həqiqətən, 44 günlük Vətən müharibəsindəki qələbə, 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası, rusiyalı sülhməramlıların bölgədən çıxarılmasından sonra 4 qeyri-anklav kəndin qaytarılması Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış işğaldan azad edən İlham Əliyevin, xalqımızın və ordumuzun möhtəşəm uğurlarıdır.

Bağanıs Ayrım kəndinin sakini Ramiz Adıgözəlov deyir ki, müharibədən əvvəl özümüzə yaxşı gün-güzəran qurmuşduq: "Geniş evimiz, bağımız-bağçamız var idi. Əkinçiliklə, heyvandarlıqla məşğul olurdum. Həyətimdə çoxlu sayda arı aləsi də saxlayırdım. 1990-cı ilin mart ayında ermənilər kəndimizə soxulub başımıza olmazın müsibət gətirdilər. Əliyalın kənd camaatı çıxılmaz vəziyyətdə qaldı. Heç nə edə bilmədik. Bu qırğında ermənilər qaynatamı, qaynanamı, baldızımı, 40 günlük oğlumu və həyat yoldaşım Aliyəni evdə yandırdılar". 

Bağanıs Ayrım Qazaxın ən səfalı kəndlərindən idi. Kəndin icra nümayəndəsi Anar Vəliyev deyir ki, təmiz havası, buz bulaqları, bərəkətli torpağı olan Bağanıs Ayrım bölgədə həm də uzunömürlülər diyarı sayılırdı: "Kənd sakinləri arasında indinin özündə yaşı 100-ü ötmüş çoxlu sayda ağsaqqal var. Onlardan biri də Şəmil Adıgözəlovdur. Yaşı 100-ə yaxın olan Şəmil dayı kəndimizin sayılıb-seçilən ağsaqqallarındandır".
Şəmil kişi ailəsi ilə birlikdə Qazaxda məskunlaşıb. Deyir ki, Qazax da yurdumuzdur: "Ancaq öz ata-baba ocağımız başqadır. Kəndimiz üçün çox darıxmışam. Mən kənddən çıxanda 62 yaşım var idi. İndi yaşım 90-nı keçib. 30 ildir Bağanıs Ayrımın həsrəti ilə yaşayıram. Kəndimizə qayıdan gün evimizin yanındakı bulağın suyundan doyunca içib bu sevinci bizə bəxş edən Prezidentimiz İlham Əliyevə dua edəcəm".

Kənd ağsaqqallarından Anar Vəliyev, Zərbəçi Xasayev də Bağanıs Ayrıma qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Bilirlər ki, ermənilər onların evlərini tamamilə dağıdıb, talan ediblər. Amma dövlət başçısının onları evsiz qoymayacağına da əmindirlər".
Emil Xasayev ata yurdu olan Bağanıs Ayrımı görməsə də,  ata-anasının kəndləri barədə söhbətlərinə həmişə böyük maraqla qulaq asıb. Kəndin Azərbaycana qaytarılacağı xəbərini əsgərlikdə xidmət edərkən eşidib. Bir neçə gündür ki, xidmətini başa vurub. Ona görə də sevinc sevincə qarışıb. Sevinir ki, yaxın vaxtlarda, nəhayət ki, ata yurduna qayıdacaq. 

Sabir ƏLİYEV,

"Azərbaycan" qəzetinin bölgə müxbiri

26 may 2024-cü il 

https://www.azerbaijan-news.az/az/posts/detail/qazaxda-da-mecburi-kockun-qalmadi-1716682559 




Facebook-da paylaş