• Təqvim

  • Unutma

  • Maraq



Su təmiz arxa gələr...

Qazaxlılar buna görə bütün arx və kanalları təmizləyiblər


Respublika mətbuatı Qazax haqqında

– Rəcəb müəllim, əkib-becərə bilmirik, çünki suyumuz yoxdur... 

– Su olsaydı, bir dənə də olsun boş torpaq sahəsi qoymazdım... 

– Ağaclarım hamısı qurudu, çünki su olmadı... 

Bu gileylər, şikayətlər 5-6 il qabaq olub. Rayon İcra Hakimiyyətinə qəbula gələn müxtəlif kənd sakinlərinin dilindən çıxan sözlərdir. 

...Vəziyyət ciddi şəkildə müzakirə olundu. Kənd təsərrüfatı idarəsinin, suvarma ilə məşğul olan təsərrüfat rəhbərlərinin, icra nümayəndələrinin, bələdiyyə sədrlərinin iştirakı ilə vacib məsələ dərindən araşdırıldı. Məlum oldu ki, su kifayət qədər var. Sadəcə, yerlərdə bu işlə ciddi şəkildə məşğul olanlar yoxdur. Daha dəqiq desək, su itkisinin qarşısı qətiyyən alınmır, arxlar, su kanalları aylarla təmizlənmir, yerli icra strukturları adamları bu işə lazımınca səfərbər etmirlər, iməciliklər təşkil olunmur... 

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu vacib məsələni tamamilə öz nəzarəti altına götürdü. Artıq hər günün sonunda icra hakimiyyətinə məlumat gəlirdi: “Aslanbəyli kəndində əllə 3 kilometr arx təmizləndi...”, “Orta Salahlıda texnika ilə 9 kilometr kanal təmizləndi...” Çaylıda… 

Beləcə bir də baxdılar ki, əməlli-başlı su gəlir. Biri yonca, digəri çuğundur, başqa birisi həyətyanı sahəsini suvarmağa başladı. Təkcə 2016-2017-ci ildə 273 kilometr məsafədə lildən təmizlənmə işləri aparıldı ki, bunun da 153 kilometri texnikanın, 120 kilometri isə kənd adamlarının, köməyə gələn digər mütəxəssislərin əl əməyi ilə həyata keçirildi. Kəndlilər sevinirdilər. Demək problem suyun çatışmazlığında deyil, adamların tənbəlliyində, səfərbər olunmamasında, bir sıra məsuliyyətli şəxslərin təşəbbüskarlıq göstərməməsində imiş. “Suyumuz yoxdur” deyən adamlar indi özləri kəndin rəhbər işçilərinin yanına gedirdilər ki, “nə vaxt yığışırıq arxları gildən, daş-kəsəkdən, kol-kosdan təmizləməyə?” 

Qazaxda 2018-ci ildə 302,44, 2019-cu ildə 303,23, 2020-ci ildə 331,49, 2021-ci ildə 295,53, bu il isə 347,60 kilometr məsafədə arx və kanallarda təmizlik işləri aparılıb. Yəni bütövlükdə son 6 ildə 1855,07 kilometr məsafədə təmizlik işləri görülüb ki, bu da təxminən, Bakıdan Moskvayadək olan bir məsafəyə bərabərdir… 

– Bir baxın, 22 hektar sahədir, su olmasaydı, ildə heç 4 dəfə biçin apara bilərdimmi? – deyə Birinci Şıxlı kəndində fermer Natiq Məmmədov göz işlədikcə uzanıb gedən və ara-sıra artıq cücərməyə başlayan yonca sahəsini göstərir.

– 4 ailə ilə müqavilə bağlamışam, sağ olsunlar, yaxşı da işləyirlər, hərəsi də hər ay 600-700 manat maaş alır, nəyi pisdir, – deyir. Öyrənirəm ki, fermerin 30 başa yaxın sağılan inəyi, 200-dək iribuynuzlu heyvanı, 150 baş qoyunu var. 

– Bir ara kənddə transformatorumuz yanmışdı, naəlac qalmışdıq, bir də gördük rayon rəhbərliyi yanımızdadır, işıq idarəsinin məsul işçilərini də gətiriblər. Bir anda nə lazımdırsa, təşkil elədilər. İşığımız da yandı, suyumuz da gəldi, deyə N.Məmmədov bu sahədə rayonda artıq bir sistem yaradıldığını xüsusi qeyd edir. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən “Rayon ərazisində kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, suvarma suyu ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə işçi qrupunun yaradılması barədə” bu ilin oktyabr ayında növbəti sərəncam imzalanıb. Hər il də belədir. Kənd adamları artıq bilirlər ki, gözləmə mövqeyi tutmaq mümkün deyil. Özü də onların köməyinə suvarma müəssisələrinin kollektivləri də gəlir. Axı, kanalları və arxları təkcə əllə təmizləmək mümkün deyil. Ona görə də adıçəkilən təşkilatların texnikası köməyə gəlir, suvarma mənbələri təmizlənir. 2022–2023-cü ildə 174 kilometri texnika, 155 kilometri isə əl əməyi olmaqla 329 kilometrdən çox məsafədə təmizlik işlərinin aparılması nəzərdə tutulub. Artıq xeyli vaxtdır ki, kəndlərin hamısında təmizlik işlərinə start verilib. Maraqlıdır ki, əkin sahələrinin hektarı ildən-ilə artır, kəndli daha çox əkib-becərməyə can atır. Hamı etiraf edir ki, ötən il aparılan təmizlik işlərinin nəticəsidir ki, builki işlər daha rahat şəkildə həyata keçirilib. 

Rayon Statistika İdarəsinin rəisi Faiq Paşayev deyir ki, Qazaxda su probleminin tədricən həll edilməsi əkilən torpaq sahələrinin nəzərəçarpacaq dərəcədə artması ilə müşahidə olunur. Rаyonda əkin sahələrinin qəti uçotu aparılmış və məlum olmuşdur ki, 2022-ci ilin məhsulu üçün 18 min 970 hektardan çox sahədə payızlıq və yazlıq bitkilər əkilmişdir. Bu isə əkin sahəsinin keçən ilə nisbətən 1460 hektar artması deməkdir. Əkilmiş sahənin 11 min 312 hektarı payızlıq taxıl sahəsidir ki, bunun 4863 hektarını buğda, 6449 hektarını isə arpa sahəsi təşkil edir. 

…Su dirilikdir, su həyatdır, su çörəkdir, su dolanışıqdır. Onsuz heç nə eləmək mümkün deyil. Qazaxda bu işlərə ciddi yanaşıldığından problemlər də ildən-ilə azalır, torpağa bağlı adamların sayı durmadan artır. Halbuki bir vaxtlar Qazaxın ucu-bucağı görünməyən çölləri insan nəfəsinə həsrət idi, torpağın bağrını kotan yarmırdı, nə yığan varıydı, nə biçən. Çünki bir tərəfdən su çatmırdı, digər tərəfdən, adamlar sanki laqeydləşmişdilər. İndi bunlar arxada qalıb. 

Qazaxda işləməyənə, torpağı əkib-becərməyənə, qollarını çırmalayıb arx, kanal təmizləməyənə pis baxırlar. İşə münasibətin dəyişməsi dönüşə gətirib çıxarıb və bu dönüş rayonda əməlli-başlı hiss olunur. 

Hamlet QASIMOV, 

“Xalq qəzeti”nin bölgə müxbiri

20 dekabr 2022-ci il, səhifə 9




Facebook-da paylaş