• Təqvim

  • Maraq



Qazaxda 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Mülki müdafiə sahəsində innovativ texnologiyalar” mövzusunda tədbir keçirilib


Martın 1-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Mülki müdafiə sahəsində innovativ texnologiyalar” mövzusunda tədbir keçirilib.

Qazax Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin Mülki müdafiə idarəsinin Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi, mayor Fuad Muradov, Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin Mülki müdafiə idarəsinin Mülki müdafiəyə hazırlıq şöbəsinin baş zabiti, baş leytenant Allahverdi Abdullayevmədəniyyət müəssisələrinin kollektivləri, Qızıl Aypara Cəmiyyətinin Qazax rayon bölməsinin könüllüləri, Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları iştirak ediblər. 


Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını və qonaqları rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. A.Hümbətov “Mülki müdafiə sahəsində innovativ texnologiyalar” mövzusuna həsr olunmuş tədbirin əhəmiyyətindən söz açaraq bu günün vacibliyini bir daha vurğulayıb. A.Hümbətov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın təhlükəsiz həyat və fəaliyyətinin təmin edilməsi işinə xüsusi diqqət və qayğı göstərmiş, ölkənin mülki müdafiə sisteminin təkmilləşdirilməsi və dinamik inkişafının təmin edilməsi qayğısına qalmışdır. Dahi şəxsiyyətin müasir müstəqil Azərbaycan dövlətinin tarixində əvəzsiz rolu vardır. Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin bir daha diqqətinin əsas vəzifəsi əhali və ərazilərin fövqəladə hadisələrdən mühafizəsi olan mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etməkdir. 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunması ilə bağlı ölkəmizdə, o cümlədən rayonumuzda mülki müdafiənin təbliği sahəsində müxtəlif tədbirlərin, o cümlədən sərgilərin, konfransların, açıq dərslərin, təlimlərin keçirilməsi böyük əhəmiyyətə malikdir. Müasir dövrün aktual məsələlərindən olan fövqəladə hal risklərinin qiymətləndirilməsi baş verə biləcək təbii və texnogen xarakterli fəlakətlərin əvvəlcədən proqnozlaşdırılması əlverişli üsul hesab olunur, fəlakətlərə cavab tədbirlərinin effektivliyini və səmərəliliyini təmin etmək üçün xüsusi informasiya texnologiyalarının və rabitə vasitələrinin böyük rolu vardır. Ötən dövr ərzində Respublika Prezidenti İlham Əliyevin bu sahədə verdiyi Sərəncamlar nəticəsində əhalinin və ərazinin təhlükəsizliyi sahəsində böyük işlər görülmüşdür. 2024-cü ildə 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Mülki müdafiə sahəsində innovativ texnologiyalar” mövzusunda keçirilən tədbir də həmin silsilə tədbirlərin davamıdır. 


A.Hümbətov vurğulayıb ki, bəşəriyyətin bütün tarixi göstərir ki, yeni texnologiyaların inkişafı üçün əsas stimul həmişə dövlətin üzləşdiyi təhlükələrə reaksiya olub. Milli və dini zəmində münaqişələrin kəskinləşməsi, terrorizm, prinsipial olaraq yeni silahlı mübarizə vasitələrinin meydana çıxması və s. kimi hadisələr əhalinin müdafiəsi sahəsində innovativ yanaşmadan - yeni bilik və texnologiyalardan istifadəni zəruri edir. “İnnovativ mülki müdafiə” konsepsiyasının üç əsas komponenti var ki, buraya yaranan təhlükələrə qarşı mübarizə aparan əhalinin, ərazilərin, maddi və mədəni dəyərlərin mühafizəsinin müasir üsullarının mövcudluğu, ən son mühafizə və xilasetmə texnologiyalarından istifadə, yüksək peşəkar, səriştəli kadrların hazırlanması sisteminin mövcudluğu daxildir. Mülki müdafiə sahəsində yeniliklər texnoloji və maddi-texniki olanlara bölünür. Proses innovasiyaları yeni biliklərin toplanması, yeni informasiya və təşkilati texnologiyaların inkişafı və yaradılmasını əks etdirir. Maddi-texniki sahədə innovativ fəaliyyət - yeni texniki mühafizə vasitələrinin işlənib hazırlanmasından və mövcud texniki mühafizə vasitələrinin təkmilləşdirilməsindən, qəza-xilasetmə işlərinin aparılmasından, mülki müdafiə tədbirlərinin idarə edilməsindən ibarətdir. 


Eyni zamanda, innovativ yanaşmalar ənənəvi, təcrübədə sınaqdan keçirilmiş fəaliyyət vasitələrindən, metodlarından imtina etməyi nəzərdə tutmur. Söhbət onların əsasında yeni, daha qabaqcıl texnologiyaların hazırlanmasından gedir. Yarandığı gündən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi yeni texnologiyalar və xilasetmə vasitələrinin tətbiqi yolunu tutmuşdur. Bunun sayəsində indi mülki müdafiənin "yeni görünüşü" formalaşmışdır ki, bu da əsaslı şəkildə yeni normativ hüquqi bazanın yaradılması, mülki müdafiənin mahiyyətinin və təşkilati əsaslarının dəyişdirilməsi ilə xarakterizə olunur. Hazırda mülki müdafiə əhalinin, maddi və mədəni sərvətlərin təkcə hərbi təhlükələrdən deyil, həm də təbii, texnogen xarakterli fövqəladə hallardan və terror aktlarından mühafizəsi tədbirləri sisteminə çevrilmişdir. Prinsipcə yeni informasiya texnologiyalarının tətbiqinə əsaslanan monitorinq, laboratoriya nəzarəti və fövqəladə halların proqnozlaşdırılması sistemi formalaşdırılıb və fəaliyyət göstərir. 

 

Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin Mülki müdafiə idarəsinin Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi, mayor Fuad Muradov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. F.Muradov mülki müdafiənin - dinc dövrdə və ya müharibə dövründə əhalinin (Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemi olduğunu bildirib. Mülki müdafiənin 3 məqsədi və 6 prinsipi olduğunu diqqətə çatdırıb. Mülki müdafiənin fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsi, fövqəladə hadisələr zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum azaldılması, fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması kimi məqsədi olduğunu söyləyib. Mülki müdafiənin təşkil edilmə prinsiplərindən söz açan natiq Azərbaycan Respublikasında mülki müdafiənin ümumdövlət müdafiə sisteminin tərkib hissəsi olmaqla bir sıra prinsiplər əsasında təşkil edildiyini qeyd edib. Ərazi prinsipi (mülki müdafiə tədbirlərinin Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilməsi), fərqli və kompleks yanaşma prinsipi (Azərbaycan Respublikasında mülki müdafiə tədbirlərinin ayrı-ayrı bölgələrin, şəhərlərin, istehsal və sosial təyinatlı obyektlərin hərbi-strateji, iqtisadi və digər xüsusiyyətləri nəzərə alınmaqla planlaşdırılması və əlaqələndirmiş şəkildə həyata keçirilməsi), kütləvilik və məcburilik prinsipi (mülki müdafiə tədbirlərinin Azərbaycan Respublikasının bütün əhalisini əhatə etməsi və məcburi xarakter daşıması), daimi hazırlıq prinsipi (Azərbaycan Respublikasının mülki müdafiə sisteminin fövqəladə hadisələr zamanı dərhal və səmərəli fəaliyyətə başlamağa hazır vəziyyətdə olması), dərhal xəbərdarlıq prinsipi (baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr haqqında Azərbaycan Respublikasının əhalisinə dərhal məlumat verməsi), qarşılıqlı əlaqə prinsipi (mülki müdafiənin təmin edilməsində iştirak edən Azərbaycan Respublikasının dövlət orqanlarının və mülki müdafiə qüvvələrinin sıx və uzlaşdırılmış fəaliyyət göstərməsi) prinsiplərin olduğunu diqqətə çatdırıb. F.Muradov vurğulayıb ki, 18 dekabr 1990-cı ildə BMT-nin Baş Assambleyasının IX sessiyasında qəbul olunmuş qətnamə ilə hər il 1 mart Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd edilir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, 1993-cü ildən bu təşkilatın üzvlüyünə qəbul olunmuş və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. Ümumdünya Mülki Müdafiə Günü hər il konkret bir mövzuya həsr olunur və buna müvafiq müxtəlif tədbirlər təşkil olunur. Mülki müdafiə sahəsində innovativ texnologiyalar, əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi üçün istifadə olunan yeni və ya yaxşılaşdırılmış texniki vasitələr, metodlar və sistemlərdir. Bu texnologiyalar, fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, mülki müdafiə qüvvələrinin hazırlığı və fəaliyyəti, mülki müdafiə xidmətlərinin təşkili və idarə olunması sahələrində tətbiq edilir. Mülki müdafiə sahəsində innovativ texnologiyaların istifadəsi Azərbaycan Respublikasının rəqəmsal inkişaf strategiyasının bir hissəsidir. Bu məqsədlə “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. Bu agentlik, mülki müdafiə sahəsində rəqəmsal texnologiyaların tətbiqinə, mülki müdafiə sistemində rəqəmsal transformasiyanın həyata keçirilməsinə, mülki müdafiə sahəsində innovativ layihələrin dəstəklənməsinə, mülki müdafiə sahəsində rəqəmsal texnologiyaların inkişafına yönəlmiş beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və digər istiqamətlərdə fəaliyyət göstərir. Mülki müdafiə sisteminin fəlakətləri proqnozlaşdırmaq və qarşısını almaq, bu işlərə hazırlaşmaq və qarşı durmaq, nəticələrini aradan qaldırmaq üçün istifadə edə biləcəyi vasitələr – dronlar, peyklər, robotlar, ağıllı sensorlar, 3D texnologiyaları, coğrafi informasiya sistemləri, süni intellekt mülki müdafiə sahəsində istifadə oluna biləcək innovasiya texnologiyalarıdır. Bu innovasiyalar MM orqanlarının təbii fəlakət və qəzalardan tutmuş kiçik şəhər insidentlərinə qədər müxtəlif böhran vəziyyətlərinə hazırlaşmaq və onlara reaksiya vermək üsullarını kökündən dəyişir. Fövqəladə rabitə (əlaqə) sistemlərinin təkmilləşdirilməsi, o cümlədən genişləndirilmiş imkanları olan qoşulmalar və rəqəmsal kommunikasiya platformaları xilasetmə xidmətləri və əhali arasında daha etibarlı məlumat mübadiləsini təmin edir. Bu yenilikləri inteqrasiya etməyə davam etməklə, mülki müdafiə orqanları fövqəladə hallara daha sürətli və daha koordinasiyalı cavab tədbirləri təqdim edərək öz səmərəliliyini əhəmiyyətli dərəcədə artıra bilər. Bu texnologiyalar xüsusilə mülki müdafiə sisteminin müxtəlif strukturlarının koordinasiyasını təkmilləşdirməyə və əhalinin fəlakət risklərinin azaldılmasına cəlb edilməsinə kömək edir. Onların risklərin və fövqəladə halların məhdudlaşdırılması sistemlərinə inteqrasiyası, şübhəsiz ki, həm əhalinin, həm də mülki müdafiə sisteminin təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaqdır. MM sistemində müasir texnologiyaların tətbiqi fövqəladə halların idarə olunmasında yeni səhifələr açır. Bu texnologiyaların tətbiqi təkcə böhran vəziyyətlərinə hazırlığı və onlara qarşı reaksiyanı yaxşılaşdırmır, həm də insanların həyatını qorumağa və fəlakətlərin cəmiyyətə təsirini azaltmağa kömək edir. Beləliklə, BMT bütün dövlətləri həm təbii, həm də texnogen mənşəli fəlakətlərin risklərinin məhdudlaşdırılmasının bütün mərhələlərində innovativ texnologiyaların işlənib hazırlanmasında və inteqrasiyasında daha geniş şəkildə iştirak etməyə çağırır.

Qazax Rayon Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova, Qızıl Aypara Cəmiyyətinin Qazax rayon bölməsinin sədri Qurban Qurbanlı, Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini Nəsimi Nəsibov, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev mövzu ətrafında çıxış edərək bu günün əhəmiyyətini vurğulayıblar. 


Tədbirdə mövzu ilə bağlı slayd təqdimatı olub və tədbir iştirakçılarını maraqlandıran sualların cavablandırılıb. 

Tədbirin 2-ci hissəsində Qazax Rayon Mədəniyyət Mərkəzinin şəxsi heyətinin və mülki müdafiə qüvvələrinin xəbərdarlıq siqnalı üzrə toplanışı olub. Mərkəzin qərargah rəisi hazırlıq barədə Mərkəzin mülki müdafiə rəhbərinə raport verib. 

Qazax Dövlət Rəsm Qalereyasının dərnək üzvlərinin rəsm işlərindən ibarət “Fövqəladə hadisələr uşaqların gözü ilə” adlı sərgiyə baxış keçirilib. 

Mülki müdafiəyə hazırlıq şöbəsinin baş zabiti, baş leytenant Allahverdi Abdullayev tərəfindən fərdi mühafizə vasitələrindən istifadə qaydaları tədbir iştirakçılarına izah edilib. 

QAC Qazax rayon bölməsinin könüllüləri tərəfindən ilk tibbi yardım, tibbi mühafizə vasitələrindən istifadə qaydaları nümayiş olunub.

Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən yanğınsöndürmə vasitələrindən istifadə qaydaları nümayiş etdirilib.

Mədəniyyət Mərkəzinin qüvvələri QAC Qazax rayon bölməsinin könüllüləri ilə birgə xəsarət alanlara ilk tibbi yardımın göstərilməsi və onların xilasedicilərin köməyi ilə hadisə yerindən çıxarılmasını əyani formada göstəriblər.



Facebook-da paylaş