Nə qədər Azərbaycan var, nə qədər azərbaycanlılar var Heydər Əliyev daim qəlblərdə yaşayacaq
Mayın 10-u fenomenal dövlət xadimi, dahi lider, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür. Bu gün cəmiyyətimizin hər bir sahəsində Ümummilli Liderin ideyalarının ölməzliyini, əbədiliyini yaşayırıq, hiss edirik. Çünki Azərbaycanın indiki inkişafı, tərəqqisi, ölkəmizin ərazi bütövlüyünün bərpası məhz Ulu Öndərin təməl prinsiplərinə əsaslanıb, reallaşıb. Ulu Öndər Heydər Əliyev uzaqgörən daxili və xarici siyasətlə ölkənin nüfuzunu artırmış, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlamış və bu istiqamətdə mühüm islahatların reallaşdırılmasını təmin etmiş, hüquqi dövlət prinsiplərinin bərqərar olunmasına xidmət edən təşəbbüslər irəli sürmüş və demokratik əsaslar üzərində qurulmuş qanunverici islahatları həyata keçirmişdir. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratmış və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir. Milli ideologiyamızın yaradılması da Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissələrindən biridir. Azərbaycan xalqının Ümummilli Liderinin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən dərin bir məfkurədir. Ona görə də nə qədər Azərbaycan var, nə qədər azərbaycanlılar var Heydər Əliyev daim qəlblərdə yaşayacaq, hər zaman böyük hörmət və ehtiramla yad ediləcəkdir.
Bu il həm də ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Qədirbilən xalqımız dahi insanın 100 illik yubileyini Onun adı ilə bağlı olan bir ildə böyük hörmətlə, ehtiramla qeyd edir, bu istiqamətdə ölkənin hər yerində silsilə tədbirlər həyata keçirilir.
Dahi şəxsiyyətin, fenomenal insanın 100 illik yubileyinin qeyd edilməsi istiqamətində Qazax Rayon Heydər Əliyev Mərkəzində təşkil edilən silsilə tədbirlər bu gün də davam etdirilməkdədir.
Mayın 5-də “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun, Qazax Rayon Mədəniyyət Mərkəzinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsinin, “Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin rəhbər və əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, Qazax rayon Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəbin, Qazax rayon Abbasəli Məhərrəmov adına Yuxarı Əskipara kənd tam orta məktəbin direktor, müəllim və şagirdləri, Qazax şəhər 3 saylı Körpələr Evi-Uşaq bağçasının, Dəmirçilər kənd Körpələr Evi-Uşaq bağçasının müəllim və körpə fidanları dahi insanın abidəsi önünə gül dəstələri düzüb, Onun mənalı həyatının və siyasi fəaliyyətinin hər bir anı haqqında geniş mühazirələr dinləyib, dünya şöhrətli siyasətçiyə həsr edilmiş filmlərə və sərgiyə baxış keçiriblər.
Facebook-da paylaş