• Təqvim

  • Maraq



Qazax Rayon Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasimlərinin keçirilməsi artıq bir ənənə halını alıb


2023-cü il Azərbaycanda “Heydər Əliyev İli”dir. Tarixə nəzər salanda dahi şəxsiyyətin, qüdrətli siyasi xadimin Azərbaycan dövlətinin müstəqilliyinin qorunub-saxlanması, daha da inkişaf etdirilməsi, xalqımız, millətimiz üçün gördüyü işlərin ölçüyəgəlməz miqyasını dərk edirik və əminliklə bir fakt beynimizə hakim olur - Ulu Öndərin əvəzsiz xidmətləri qarşısında təkcə bir il deyil, ümumilikdə, XX əsr Azərbaycan üçün Heydər Əliyev əsridir. Ömrünün 80 ilini öz xalqına, öz Vətəninə xidmətə həsr etmiş dahi azərbaycanlının cəmiyyətin hər bir sahəsində öz imzası, öz adı yazılıb. Təkcə dövlətçilik, daxili və xarici siyasət deyil, eyni zamanda xalqın milli kimliyi, tarixi, adət-ənənələri, milli-mənəvi dəyərlərinin qorunub-saxlanmasında, təbliğində böyük mübarizələrdən keçərək misilsiz xidmətləri ilə dünyada nümunəvi şəxsiyyətə çevrilmişdir. Onun istər yüksək dövlət vəzifəsində tutduğu ali vəzifələrdə, istər adi həyatda insanlara və ailəsinə münasibəti bu deyilənlərin parlaq təzahürüdür. 

Ailə kiçik bir dövlətdir. Ulu Öndər ailəni cəmiyyətin bünövrəsi, özəyi hesab edirdi. Azərbaycanda sağlam cəmiyyətin, güclü dövlətin qurulmasında, möhkəmlənməsində ailənin vacib amil olduğunu qeyd edirdi. Bu mənada Azərbaycana rəhbərliyi dövründə hər zaman ailə, qadın və uşaq hüquqlarını, qadınların cəmiyyətdə rolunu diqqətdə saxlamış, ölkənin ana qanunu Konstitusiyada Azərbaycanın ailə dayaqlarını daha da möhkəmləndirən hüquq və vəzifələrin müəyyənləşdirilməsi üçün Ailə məcəlləsi, ailələrin normal hüquqi əsaslar üzərində qurulması, ailə, uşaq, nikah və valideynlərin hüquqlarının təminatçısı olan əsas hüquqi baza təsbit etmişdir. 

Ümummilli Lider hər zaman Azərbaycan ailəsi konsepsiyasının milli-mənəvi dəyərlər kontekstində inkişafına, qorunmasına ehtiramla yanaşmış, bu sahəyə xüsusi diqqət ayırmışdır. Eyni zamanda, bütün dünyaya əsl məhəbbət, etibar, sədaqət nümunəsi olan Əliyevlər ailəsinin özü elə ailə müqəddəsliyinin ən parlaq nümunəsi kimi bu gün də xalqı və milləti üçün fədakarlıqları heç bir ölçüyə, çərçivəyə sığışmır. Ümummilli Lider öz xatirələrində hər zaman ailəsini, xanımını, övladlarını böyük, sevgi, hörmətlə xatırlayır və deyirdi: “Gənc yaşlarımdan hər zaman dövlət işi ilə bağlı olmuşam, bu işdə uğurlar müvəffəqiyyətlər qazanmağımda ailəmin böyük rolu olub. Zərifə xanım hər zaman ailəmizdə yüksək mənəvi mühüt yaradıb, ailə məsələlərinin hamısı Zərifə xanımın üzərinə düşüb. O, isə bu vəzifəni şərəflə, ləyaqətlə yerinə yetirib”. 

“Ailənin dəyəri o zaman yüksək olur ki, o cəmiyyətə layiqli övladlar, əsl vətəndaşlar bəxş edir. Bu baxımdan Əliyevlər ailəsi bütün dünyaya nümunədir. Bugünkü qüdrətli Azərbaycan Ulu Öndərin miras qoyduğu müqəddəs ali ənənələrin ən böyük əsəridir. Bu baxımdan son vaxtlar ailə quran gənclərin nikah mərasimlərini məhz Ulu Öndərin adını daşıyan, Onun mənalı həyatını, siyasi fəaliyyətini təbliğ edən Mərkəzlərdə keçirməsi artıq ənənə halını alıb. 

Qazax Rayon Heydər Əliyev Mərkəzində də illərdir bu ənənə uğurla həyata keçirilir. Yeni ailə həyatı qurmağa qədəm qoyan gənclər könüllü Mərkəzə gələrək Heydər Əliyevin abidəsini ehtiramla ziyarət edir, sonra Mərkəzdə Ulu Öndərin həyat və siyasi fəaliyyəti ilə yaxından tanış olurlar. Gənclərə muzey əməkdaşları tərəfindən ailə dəyərlərinin qorunmasının vacibliyindən, dahi şəxsiyyətin ailə konsepsiyasından ətraflı məlumatlar verilir, gənclər xatirə kitabına öz ürək sözlərini yazırlar. 

Sonra yeni ailə quran gənclərin yaxınlarının, Mərkəzin və Qazax Rayon Qeydiyyat Şöbəsinin əməkdaşlarının iştirakı ilə gənclər arasında nikah müqaviləsi bağlanır və gənclərə nikah şəhadətnamələri verilir.

Azərbaycanda dövlət ailə siyasətinin müəllifi Ümummilli Lider Heydər Əliyevdir.  Ailələrin daha möhkəm, sağlam təməllər üzərində qurulması vacib məsələdir. Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən nikahlar, qeydiyyat mərasimləri hər bir gənc üçün yeni ailə həyatında uğurlu xoşbəxt günlərin əsasını qoymaqla yanaşı, həm də əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ailə ənənələrinə sadiqliyin nümunəsidir. 

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru

 



Facebook-da paylaş