• Təqvim

  • Maraq



Vətənə və xalqa həsr olunan ömür


Danılmaz həqiqətdir ki, Azərbaycanın bu gün müstəqil dövlət kimi mövcudluğu, inamla gələcəyə doğru tərəqqisi, inkişafı məhz uğurlu, bacarıqlı və səriştəli lider amili ilə birbaşa bağlıdır. Təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası dayanan Azərbaycan dövləti məhz Ulu Öndər siyasi kursunun uğurlu davamı sayəsində inkişafa və tərəqqiyə nail olub. Məhz İlham Əliyevin liderlik xüsusiyyətləri nəticəsində Azərbaycan xalqın iradəsinə əsaslanan, müstəqil siyasət aparan, müstəqillik yolundan dönməyən, suveren, Avropa ilə Asiyanı təkcə coğrafi cəhətdən deyil, həm də siyasi, iqtisadi, mədəni nöqteyi nəzərdən birləşdirən bir dövlətdir. 

2003-cü ildən öz xalqının, dövlətinin parlaq gələcəyinin və rifahının qarantı missiyasını möhtəşəm qələbə ilə ləyaqətlə və şərəflə ən yüksək zirvəyə çatıran İlham Əliyevin əsl vətənpərvərlik və milli birlik ideallarına bağlılığını xalqına xidmətdə, cəmiyyətin hər bir sahəsində görürük və hiss edirik. Ömrünü xalqının, Vətəninin rifahına, bütövlüyünə, inkişafına həsr edən yeni əsrin yeni liderinin həyat yoluna nəzər salanda görürük ki, böyük liderlər təsadüfən lider olmur, Onlar Tanrının verdiyi ömrü xalqın bilərək öz həyatını deyil, xalqın həyatını yaşayırlar. Və yalnız belə olanda hər zaman xalqdan dəstək alaraq, xalqa arxalanaraq lider ömrü Vətən-xalq taleyinə həsr olunur. 

“2003-cü ildən - Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq” – deyir Prezident İlham Əliyev. Təbii ki, bu inamlı addımların, uğurların təməlində həm də yüksək təhsil dayanır. 

Xalqına həsr edilmiş lider ömrünə qısa nəzər salaq. 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuş İlham Heydər oğlu Əliyev 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb. Dünyada tanınmış dövlət xadimi səviyyəsinə qədər ucalmağa səbəb olmuş peşə fəaliyyəti də hər birimizin gözləri önündədir. Prezident İlham Əliyev 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. 

Beynəlxalq təşkilatların fəaliyyətində iştirakı da hər birimizə yaxşı məlumdur. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 

Və ötən bu illər ərzində Azərbaycanın yalnız gələcəyi üçün deyil, həm də keçmişi üçün mübarizə apararaq tariximizi qoruyub, dövlətimizin yeni elmi, milli siyasət konsepsiyasının və təbliğatının həyata keçirilməsində mühüm işlər görüb. Müstəqil dövlət quruculuğuna, siyasi sabitliyin möhkəmləndirilməsinə, yüksək iqtisadi artım templərinə nail olunmasına, Azərbaycanın qısa müddətdə dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına qoşulmasına Prezident və Vətənini, xalqını sevən əsl vətəndaş İlham Əliyev kimi öz imzasını atıb. Xalqımız öz liderini sevir, Onun yorulmaz fəaliyyətini, dönməz və prinsipial mövqeyini dəstəkləyir və yüksək qiymətləndirir. Ən əsası da xalq hər zaman öz rəhbərinin yanında olub, bundan sonra da olacaq. Daim güclü Azərbaycan naminə Prezidentinin ətrafında yumruq tək birləşəcək.

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru



Facebook-da paylaş