• Təqvim

  • Maraq



Ədalətin və ərazi bütövlüyün təmin edilməsi yolunun başlanğıcı


Düşmən üzərində möhtəşəm qələbəmizdən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə müntəzəm xarakter almış səfərləri və səfərlər zamanı ermənilərin ölkəmizə qarşı əsassız ərazi iddiaları, müharibənin başlanması, müharibənin gedişi, əhəmiyyəti, ermənilərin törətdikləri vandalizm, onların ərazilərimizdə qanunsuz fəaliyyəti, tarixi torpaqlarımızda düşmən vəhşiliyinin izlərinin silinməsi uğrunda yenidənqurma və bərpa işləri, müharibədən sonra şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısı, Böyük qayıdış və s. haqqında çıxışları qələbəmizin əzəmətinin bir daha sübutudur. Qələbədən sonra Prezident İlham Əliyevin ilk səfəri məhz Füzuli, Cəbrayıl rayonlarına olmuş, hər səfər işğaldan azad edilmiş ərazilərdə yeni infrastruktur obyektlərin, yeni yolların, körpülərin, yaşayış məskənlərinin təməlqoyma və açılış mərasimləri böyük iqtisadi, mədəni və siyasi əhəmiyyət kəsb edərək həmin ərazilərin nəqliyyat-kommunikasiya mərkəzlərinə çevrilməsi məqsədi daşımışdır. Hər səfərindəki çıxışı, hər çıxışındakı mesajları yeni bir tezis, yeni bir ümid işığı, gələcəyə böyük inam ifadə edən dövlət başçımız tarixi ədalətin bərpasını reallaşdıran Dəmir yumruğun xalq-iqtidar birliyinin mücəssəməsi olduğunu və xalqımız var olduqca, Azərbaycan var olduqca xalqımızın milli həmrəyliyinin simvolu kimi ərazilərimizin bütövlüyünə, dövlətimizin suverenliyinə qarşı hər hansı təhlükənin olacağı təqdirdə hələ də yerində olduğunu bəyan edir. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə hələ də mina təhlükəsi və ya düşmən təxribatı təhlükəsinin olmasına baxmayaraq bütün bölgələrimizə ailəvi səfərləri ilə həm də ölkəmizin, dövlətimizin dünyada sülh, əmin-amanlıq missiyasına xidmət etdiyinin mesajını verir Qalib lider, Qalib sərkərdə. 

Bu səfərlər içərisində məhz Füzuliyə ilk və ən çox səfər etməsinin əhəmiyyəti isə azadlığa gedən yolun Füzuli-Cəbrayıl istiqamətində müdafiə xətləri açılmaqla başlandığının simvoludur. 27 sentyabr 2022-ci il tarixində dövlət başçısı və birinci xanımın Füzuli rayonuna növbəti səfəri olmuş və səfər zamanı Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoymuşlar. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xatirə lövhəsinin önündə çıxış edərək bir sıra məqamlara yenidən toxunmuş və bəzi fikirlər söyləmişdir. Torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş oğullarımızın əziz xatirəsinin bütün Azərbaycan xalqı tərəfindən hörmət və ehtiramla yad edilməsindən danışaraq bildirmişdir ki, şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Biz öz şəhidlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik. 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. İşğaldan azad olunmuş torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarır. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Milli həmrəylik Azərbaycan xalqının təbii güc mənbəyidir. Bütün Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində birlik, iradə göstərmişdir. Şəhidlərimizin şərəfinə Qaraxanbəyli kəndinin yaxınlığında qaya parçasında abidə ucaldılıb. Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilmişdir. Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı - Füzuli rayonunun kəndləri və Cəbrayıl rayonunun kəndləri - Böyük Mərcanlı və Nüzgar kəndi müharibənin ilk günündə azad edilmişdir. Azərbaycan əsgər və zabitləri öz canını fəda edirdi ki, xalq ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və öz torpaqlarına qayıtsın. Füzuli istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın.

Prezident böyük qürur hissi ilə qeyd etdi ki, 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edilmişdir. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur olmuşdur.

Dövlətimizin başçısı həmçinin qeyd etdi ki, şərəfli missiya bu gün yaşayan nəslin üzərinə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Hər bir azərbaycanlı fəxr edir ki, bu torpağın övladıdır. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq. Azərbaycanın hər bir vətəndaşı vəd verməlidir ki, daim müstəqilliyin keşiyində duracaqdır. Azərbaycan xalqı qoymayacaq ki, bir daha düşmən başını qaldırsın, qoymayacaq ki, bir daha bizim üçün təhdid yaratsın. 

Prezident eyni zamanda onu da vurğuladı ki, bütün təhdidlərin qarşısı alınacaqdır. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır.

Ceyhunə HÜSEYNOVA, 

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru



Facebook-da paylaş