Əsl insan unudularmı?..
Heç zaman unudulmaz. Çünki Babək Qubanov xalqımızın əsl övladı idi. Namuslu, doğru-dürüst, insanlığın təcəlləsi idi, insanlığın ali nümayəndəsi Osmanoğlu Sarıvəlli yadigarı. Əsl ziyalılığın timsalı idi Azərbaycanımız üçün, Türkiyəmiz üçün. Estetika elminin mayağı idi, musiqişünaslıq elmimizin dayağı idi, təməli idi, özülü idi. Ömrünü sadəcə elmə həsr etməklə ülvi idi, pak idi, Türk dünyasına və Batı dünyasına xidmət etmək məramı idi və bunu uğurlu əməlləri ilə başardı. Bu məramla yaşadı, bu amalın daşıyıcısı, öndəri oldu ömür boyu. Öz adının sərkərdəsi idi elm camiamızda. Xocaların xocası oldu həm Atatürk Universitetində, həm də Gaziantep Konservatoriyasında. Nə məmurlarımız unutdu, nə müəllimlərimiz, nə də ki, Babək müəllimdən dərs almış keçmiş tələbələri. Yeri hiss olunur daima.
Səhhəti ilə bağlı sözləşməsi uzadılmadıqda həvəsdən düşmədi, yenə çalışdı, yazdı, yaratdı, elmi məqalələrini yayınlatdı, son 52 və 53-cü kitablarını bitirməyə çalışdı. Və ömrünün son kitap adlı final akordunu vurmaqla bitirə bildi. Belə ülvi məramla ömrünü başa vurdu.
Könül sındırmaqadan çox uzaq idi. Ona görə də hər bir muhatapı ilə yalnız xoş sözlər, ümidləndirici, həvəsləndirici sözlər söyləməklə tərəfmüqabilinin qəlbində inam ruhu işıqlandırırdı. Hər bir tələbəsinin uğurunu görəndə çox sevinərdi. Çünki qəlbi böyük, düşüncələri intəhasız, məfkurəsi geniş idi. Nə yerə, nə göyə sığmaz idi əsl insanımız-insanlıq aləminin fatehi, zirvəsi Babək Osmanoğlu Qurbanov. Xalq şairimiz Osman Sarıvəllinin övladı olmaq şərəfinin yükünü müdam çalışmasıyla sübut etdi hörmətli professorumuz Babək Qurbanov. Əsilzadə idi təbiəti, əsillikdən yoğrulmuşdu mayası. Çünki Səyalı ana kimi bir ananın xeyir-duasını almışdı körpəlikdən. Başucalığı gətirdi öz fanatik çalışmasıyla, mübarək əməlləri ilə ana vətənimiz Azərbaycanımıza. Onu tanıyanlara, sevənlərə, hörmət bəsləyənlərə nümunə oldu. İnsanlıq nə olduğunu şəxsində öz xarakteri və təbiəti ilə, elm dünyamızın nümayəndələrinə örnək hərəkətləri və rəftarı ilə göstərə bildi. Çünki əqidəsi saf idi, məsləki pak idi, məramı munis idi, xəyalları ülvi idi. Ülviliyin nişanəsi idi Babək Osmanoğlumuz.
Haqq dünyasına qovuşmadan öncə bilərdimi ki, Azərbaycan xalqı Qarabağ zəfərini qazanacaq? Heç ağılasığmaz bir xəstəlik "COVID-19” adında dünyamızı işğal edəcək? Əfsanələrdə olmayan hadisələr gerçək oldu. Birincisinə sevindik, Qarabağımız işğaldan azad olundu qəhrəman baş komutanımızın əmri ilə igid əsgərlərimizin, qazilərimizin mərd və mübarizliyi sayəsində. Neçə min şəhidlərimizin qanı-canı ilə xilas oldu Azərbaycanımız. Kaş bu qələbəli günü görəydi Babək müəllim. Çox arzu edərdi Qarabağımızın zəfərini, Azərbaycan və Türk dostluğunun dünyaya hayqıran çoşğusunu...
27-dən 28 marta keçən gecədə yuxuma gəldi əzizimiz Babək müəllim. Sərsəm ayılıb xəyala daldım ki, bu gün Haqqın rəhmətinə qovuşduğu gündür. Nə etməliyəm? - deyə düşündüm. Xatirəsini necə bəyan edim deyə xəyala daldım. Nəhayət tapdığıma sevindim. Bu gün xor dərsindən viza imtahanı idi. Düşündüm ki, onsuz da bir aydır Türkiyəmizin "İstiqlal marşı”nın dirijorluğunun sirlərini öyrətmişəm. Öncə tələbələri bir dəqiqəlik sayqı duruşuna qaldıraram və ardından mənim şefliyimlə birlikdə xor halında oxuyub imtahana başlayaram. Planım yerinə düşdü. Tələsik konservatoriyada keçmiş fotoqrafçımız Babək müəllimin etibarlı dostu Ayhan Kılıça fikrimi bəyan etdim.
Babək Qurbanov və Ayhan Kılınç
Və oxucularımıza təqdim etdiyim bu videogörüntünü çəkməsini xahiş etdim. 10:30-da imtahan üçün dərsə girdiyimdə məramımı tələbələrimə də bildirdim. Və hər kəs gözləmədiyi bu təklifimi qeyd-şərtsiz qəbul etdi. Babək müəllimi anmaq - ruhunu şad etmək üçün əl işarətimlə hər bir tələbə eyni anda ayağa qalxdı. Bir dəqiqəlik sükünətdən sonra piyanoda "Sol” və "Do” səslərini vurub məqama keçdim. Xor halında hamı birlikdə dirijorluq edə-edə oxudu və Ayhan bəy də kameraya aldı. Babək müəllimin anım gününü təqdim etdiyim bu görüntünü dəyərli Vətən övladlarımıza çatdırıram.
https://www.youtube.com/watch?v=t-98ZA5fhwE
Babək müəllimin anım günü. 28 mart 2022-ci il
Babək müəllimin anım günü tədbirlərinin Gaziantep Konservatoriyasının müəllim və tələbələrinin birlikdə hazırladıqları daha iki konsertlə gerçəkləşməsi mənim üçün sürpriz oldu. 30 mart 2022-ci il tarixində keçmiş müdürümüz – Sənətşünaslıq namizədi Hakan Tatyüzün (Hakan Bəyin elmi rəhbəri Babək Qurbanov idi) Gaziantep Universiteti, Atatürk Kültür Mərkəzində təşkil etdiyi "Məzuniyyət törəni” adlı konsertin bir məqamında Babək müəllimin rəsminin orkestr və xor üzvlərinin arxasından yansıtılması səmimiyyətimlə etiraf etməliyəm ki məni çox həyəcanlandırdı. Kədərləndiyim üçün duyğularıma hakim ola bilmədim. Gözlərimdən damlalar, ürəyimdən niskil dolu qara qanlar axa-axa oğlum Əliyə bu görüntünü qiymətli oxucularımız üçün çəkməsini xahiş etdim. Təqdim etdiyimiz həmin görüntü Babək müəllimin ruhuna vəfa borcunun, etibarın göstərgəsidir.
Babək Qurbanov, Hakan Tatyüz və İlqar İmamverdiyev
Gaziantep Konservatoriyasının müəllimi Hakan Tatyüzün düzənlədiyi "Məzuniyyət Törəni” 31 mart 2022-ci il
Babək müəllimin 3-cü dəfə anım günü bu il mayın 13-də yenə Gaziantep Atatürk Kültür Mərkəzində olduğunu oxucularımızla paylaşmaq istərdim. Azərbaycanın peşəkar piyanoçusu Professor Əfqan Zəki Salehin tələbələri ilə birlikdə Fəxri Çepik bəyin yardımı və müdürümüz Dos.Dr.Zinnur Gərəyin təşkilatçılığı ilə düzənlədiyi "Hasat Zamanı” adlı konsert, unudulmaz alimimiz, estetikçi musiqişünas bəstəkarımız Babək Osmanoğluna mənəvi vəfa borcunun daha bir rəmzi oldu. Bu konsertdə diqqətimi çəkən Babək Qurbanovun "Xatirə” və "Şəhidlər” adlı iki əsərinin skripka və fortepianoda səsləndirilməklə bərabər, həm də rəsminin titrdə yansıtılması idi.
"Hasat Zamanı” adlı konsertdə Babək müəllimin iki "Xatirə” və "Şəhidlər” adlı əsəri səsləndirilərkən
Oxucularımıza bir məsələni açıqlamaq istərdim ki, Professor Əfqan Zəki Saleh 2016-cı ilin 19 dekabr tarixində Babək Qurbanovun "Şəhidlər” adlı duyğusal ruhlu əsərini Gaziantep Universiteti "Mavera Kültür Mərkəzi”nin möhtəşəm səhnəsində Babək müəllimin bir tamaşaçı kimi iştirak etməsi zamanı çalmışdır. Bu uğurlu çalğıya heyran olduğunu söhbətimiz sırasında Babək müəllim etiraf etmişdir. Əfqan müəllimin bu diqqəti Babək Qurbanovun bəstəkarlıq və musiqişünaslıq sənətinə olan xüsusi sayqının, dərin hörmətin əlaməti idi ki, hətta, əsərlərinin kitab halında yayınlanması prosesində notların redaktorluğunu da öz öhdəsinə götürmüşdü.
Daha sonra 14 mart 2021-ci il tarixində Tibçilər günündə "Şəhidlər” adlı əsərini bir daha səsləndirməsi Əfqan müəllimin qəlbində Babək Qurbanov adlı şəxsiyyətin, elm xadiminin mənəvi ruhunun yaşadılmasının isbatı idi.
9 iyun gələndə Babək müəllimin ad gününü Gaziantep Konservatoriyasında hər zaman genel sekretarımız Aysel Bayrakdar Akyılmaz başda olmaqla tort kəsib, şam yandırmaqla keçirərdik. Təhsil üzrə müşavirimiz dosent, doktor Nəcibə xanım Nəsibova da Böyük Elçiliyimizdən təmsili olaraq üzərinə xoş sözlər yazılmış gül dəstəsi göndərərdi əzizimiz Babək Qurbanovun bu əlamətdar gününə.
Azərbaycan Türkiyə Böyükelçiliyinin Təhsil üzrə müşaviri dosent, doktor Nəcibə xanım Nəsibovanın Prof.Dr. Babək Qurbanovun ad gününə göndərdiyi gül dəstəsi
Təəssüf ki, o mübarək günlər bir daha geri dönməz. Geri dönsə də Babək müəllim adlı ustadım bir daha geri gəlməz. Çünki Haqq dərgahında "etibarlı əllərdədir”.
Ruhun şad olsun Babək müəllim. İlqar ömrünün bəzəyi bəzəksiz qaldı, şənliyim şənliksiz qaldı. Tarım, sazım Babək Qurbanov adlı dinləyicidən üç ildən artıqdır məhrum qaldı. Şənliyim, nəşəm, təbəssümüm, kefim səninlə torpağa gömülüb əzizim Babək müəllim. Neçəki, varam yaşayacaqsan qəlbimdə atam Cəmil Əkbər kimi. Böyük şəxsiyyətləri itirən böyüksüz qalarmış. Çox yaxşı anlayıram bu həqiqəti Babək müəllim. Məkanın cənnət olsun insanlığın əlası!
İlqar Cəmiloğlu İMAMVERDİYEV,
Sənətşünaslıq elmləri doktoru, Gazianep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının professoru
3 iyun 2022-ci il, saat 13:35
Facebook-da paylaş