• Təqvim

  • Maraq



"Şəhid övladımın xatirəsi həmişə əziz tutulur"

Razılıq---------------------------------------------------------


Respublika mətbuatı Qazax haqqında

2020-ci ilin 27 sentyabr tarixi Azərbaycan xalqının yaddaşına bizi böyük Qələbəyə, şanlı Zəfərə aparan yolun başlanğıc tarixi kimi yazıldı. Qarabağ adlı haqq savaşımıza məhz o gün başladıq. 

44 gün davam edən savaşda Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Qələbə qazandı. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində azad edildi. 8 Noyabr yaddaşlara Zəfər Günü kimi yazıldı. 

Bu müqəddəs yolda zabit və əsgərlərimizin bir qismi şəhid, bir qismi qazi oldu. Vətən müharibəsində qanı ilə tarix yazaraq 25 yaşında şəhidlik zirvəsinə ucalan oğullardan biri də mənim övladım, tibb xidməti leytenantı Adil Əfəndiyev oldu. Oğlum döyüş meydanında göstərdiyi igidliyə görə Ali Baş Komandanın sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif edildi. 

Övladımın şəhidliyindən 4 il keçsə də, onun xatirəsi daim əziz tutulur. Keçirilən bütün tədbirlərdə oğlumun da adı böyük hörmətlə çəkilir, onun göstərdiyi qəhrəmanlıqlar təkrar-təkrar yad edilir. Bu dəfə də Zəfər Günü münasibətilə keçirilən tədbirlərdə oğlumun haqqında yüksək fikirlər səsləndirildi. 

Adil Əfəndiyev 2012-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyi bitirmiş, elə həmin il Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 2018-ci ildə universitetin Hərbi tibb fakültəsinin "Hərbi həkim işi" ixtisasını bitirən A.Əfəndiyev təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda həkim kimi hərbi xidmətə başlamışdır. "N" saylı hərbi hissənin qərargah və təchizat bölüyünün tibb məntəqəsinin rəisi olmuşdur. Vətən müharibəsinin ilk günlərindən cəbhəyə yollanan tibb xidməti leytenantı Adil Əfəndiyev oktyabrın 10-da Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə şəhidliyə qovuşmuşdur.

Qəhrəman şəhidin adını əbədiləşdirmək üçün Qazax Rayon Mərkəzi Xəstəxanasının qarşısında bulaq-abidə kompleksi inşa olunmuş, yaşadığı evin önündə barelyefi vurulmuşdur. 

Qədir ƏFƏNDİYEV,

şəhid atası

“Azərbaycan” qəzeti, səhifə 15

24 noyabr 2024-cü il

https://www.azerbaijan-news.az/az/posts/detail/sehid-ovladimin-xatiresi-hemise-eziz-tutulur-1732401936/345524 




Facebook-da paylaş