• Təqvim

  • Unutma

  • Maraq



Qanlı Yanvar hadisələrinin ilk hüquqi qiyməti


Ulu Öndər Heydər Əliyev hər zaman xalqının və millətinin yanında olmağı bacaran, tarixi yaradan və tarixi hadisələrə düzgün qiymət verən dövlət xadimi, müdrik bir siyasətçi kimi Azərbaycan tarixində iz qoymuş müdrik şəxsiyyətdir. 1990-cı ildə təqaüddə olmasına baxmayaraq Sovet İttifaqının çökməsinin qarşısının alınması məqsədilə Azərbaycanda törədilmiş qanlı hadisələrə biganə qalmamış, faciə baş verəndən dərhal sonra Moskvadakı daimi nümayəndəliyə gələrək öz etiraz mövqeyini nümayiş etdirmiş, ağır günlərdə xalqının yanında olduğunu, xalqla bərabər olduğunu bildirmişdir. Həmin siyasi dövr üçün bu böyük cəsarət demək idi. Çünki Sovet İttifaqının dağılmağına hələ iki il qalırdı. Bu baxımdan 20 Yanvar hadisələrinə siyasi etiraz bildirmək Heydər Əliyevin şəxsində mükəmməl bir tarixi nümunədir.

20 Yanvar faciəsi xalqımıza qarşı törədilmiş bəşəri cinayətdir. Eyni zamanda xalqımızın qəhrəmanlıq nümunəsidir. 20 Yanvar faciəsi ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqımızın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunmuş bir tarixdir. Həmin gün Yumruq halına gəlmiş xalqımız heç bir hərbi gücün ram edə bilməyəcəyi qüdrətli bir sipərə dönmüşdü. Lakin həmin gün öz hüquqları, ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış xalqımız sovet ordusunun zirehli tankları, tərkibində ermənilərin də olduğu xüsusi təyinatlı hərbi dəstələri ilə üzləşmişdi. İmperiya ordusu heç nəyə baxmadan dinc vətəndaşlarımızı qətlə yetirir, tankların tırtılları altında əzirdi. Bu hadisə SSRİ rəhbərliyinin əsl mahiyyətini göstərdi. Qanlı yanvar hadisələri zamanı Bakı şəhərində 131 nəfər qətlə yetirildi, 800 nəfər yaralandı, həbs olunan və itkin düşənlərin sayı 1000 nəfərdən çox oldu. 200 ev və mənzil talan edilərək yandırıldı, 80 avtomaşın, külli miqdarda şəxsi və dövlət əmlakı məhv edildi. Sovet ordusunun vəhşilikləri təkcə yanvarın 19-u gecəsi ilə məhdudlaşmadı və bir müddət müxtəlif yerlərdə dəhşətli qətliamlar davam etdirildi. Azərbaycan xalqı informasiya blokadasına alındı. Mərkəzi mətbuat və Rusiyanın kanalları hadisəni təhrif edən yalan məlumatlar yaydı. Bakının hakimiyyət orqanları bu qırğına etiraz edəcək qədər güclü və cəsarətli deyildi. Respublika rəhbərliyi törədilmiş faciənin mahiyyətini hər vasitə ilə ört-basdır etməyə cəhd göstərirdi. Xalqın tələbi və deputatlardan bir qrupunun təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvarın 22-də Yanvar faciəsi ilə bağlı çağırılmış sessiyasına respublikanın o zamankı əksər siyasi və dövlət rəhbərlərinin gəlməməsi isə onların xalqın taleyinə biganə qaldıqlarını, törədilmiş cinayətdə bu və ya digər dərəcədə iştirak etdiklərini bir daha təsdiq etdi. O dövrkü respublika rəhbərləri şəhidlərin - 20 Yanvar qurbanlarının dəfn mərasiminə gəlməyi belə özlərinə sığışdırmadılar.

 

Xalqın mübarizəsini, tökdüyü qanı öz siyasi ambisiyaları üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra faciəyə siyasi qiymət vermək üçün heç bir iş görmədi. Odur ki, hadisələrdən xeyli müddət keçsə də, keçmiş SSRİ-nin və o zamankı Azərbaycan rəhbərliyinin tərəfindən xalqımıza qarşı törədilmiş ağır cinayət açılmamış qalmışdı. Azərbaycanda Sovet hakimiyyəti mövcud olduğu dövrdə 20 Yanvar faciəsi ilə əlaqədar geniş xalq kütlələri tərəfindən yığılıb Dövlət İstintaq Komissiyasına təhvil verilən konkret dəlil və sübutlar qəsdən Azərbaycandan çıxarılıb aparıldı. Azərbaycanın o zamankı prokurorluq və hüquq-mühafizə orqanları müvafiq istintaq tədbirləri həyata keçirməmiş, hətta 20 Yanvar faciəsi ilə bağlı bir sıra məxfi sənədlər, o cümlədən mühüm arxiv sənədləri bütövlükdə və ya qismən məhv edilmişdi.

20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz məhz Azərbaycan xalqının böyük oğlu, dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirilmişdir. Hər zaman xalqının, millətinin xilaskarı missiyasını məsuliyyətlə, şərəflə üzərinə götürdüyü kimi, bu hadisədə də Heydər Əlirza oğlu Əliyev xalqının yanında oldu. Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.

Ulu Öndər Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlamanı tələb etdi: "Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır”. Lakin başı hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində heç bir iş aparmadılar. 1993-cü ilə qədər bu sahədə faktiki olaraq heç bir tədbir görülmədi. 1990-cı ilin 22 yanvar tarixli sessiyası bu məsələyə qiymət verilməsi sahəsindəki işini yarımçıq qoydu, sonrakı sessiyalar da bu məsələnin müzakirəsini davam etdirmədi. Yanvar hadisələrini təhqiq etməli olan Ali Sovetin komissiyasının da işi yarımçıq qaldı.

Xalqın taleyinə məsuliyyət daşımalı olan rəhbərlərin bu cür biganəliyi onların öz xalqına xəyanəti idi. Qanlı Yanvar hadisələrinə ilk hüquqi qiymət Heydər Əliyev tərəfindən verildi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. 20 Yanvar hadisələri ilə bağlı həqiqətlərin ifşa olunması istiqamətində Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider Heydər Əliyev dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı.

Ulu Öndər Heydər Əliyev - "Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”- deyirdi. Beləliklə, xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya məhz Heydər Əliyevin təkidi və rəhbərliyi sayəsində siyasi qiymət verildi. Çünki Azərbaycan tarixinin, azadlıq uğrunda mücadiləsinin şanlı səhifələrindən biri kimi 20 Yanvar faciəsi xalqımızın müstəqillik yolunda çarpışmasının dolğun mənzərəsini əks etdirməli idi. Odur ki, Heydər Əliyev dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də ciddi məşğul olaraq bu hadisəyə düzgün və siyasi qiymət verilməsi istiqamətində misilsiz işlər gördü. Çünki Heydər Əliyev əsl vətənpərvər, xalqını və millətini təmənnasız sevən tarixi şəxsiyyət, ən böyük azərbaycanlı idi.

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru



Facebook-da paylaş