• Təqvim

  • Maraq



Qazax Rayon Heydər Əliyev Mərkəzi tərəfindən “Zəfər yolu” başlığı altında keçirilən inşa müsabiqəsinə yekun vurulub


Qazax Rayon Heydər Əliyev Mərkəzinin Tədbirlər Planına əsasən 2021-ci il 27 sentyabr – 8 noyabr tarixlərində Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması istiqamətində silsilə tədbirlər keçirilir.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 7-19 oktyabr 2021-ci il tarixlərində orta məktəb şagirdləri arasında "Zəfər yolu” başlığı altında keçirilən inşa müsabiqəsinə yekun vurulub.

"Zəfər yolu” inşa müsabiqəsinə təqdim olunan inşalar müəllimlərdən və mərkəzin elmi işçilərindən ibarət münsiflər heyəti tərəfindən yoxlanıldıqdan sonra 3 nəfər şagird I, II, III yerin qalibi olublar. 7 nəfər şagird isə həvəsləndirici Diplomlara layiq görülüblər.

Oktyabrın 22-də münsiflər heyəti tərəfindən müəyyən edilmiş qiymətləndirmə keçirilib. Tədbirdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov, müsabiqə qaliblərinin təhsil aldıqları məktəblərin direktor və müəllimləri  iştirak ediblər.

Tədbir Mərkəzin ekspozisiya zalında yerləşdirilmiş monitorda Mərkəzin hazırladığı "Qarabağ Azərbaycandır!” filminin nümayişi ilə başlayıb.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova giriş sözü ilə çıxış edərək Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbədən ətraflı danışıb. Qeyd edib ki, 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu bir daha nümayiş etdirdi. Rəşadətli Ordumuz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük ruh yüksəkliyi ilə torpaqlarımızı işğaldan azad edərək qələbəyə doğru inamla irəlilədi.


Sonra MİHİ Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov müsabiqə iştirakçılarını təbrik edib, gələcəkdə daha böyük uğurlar qazanmalarını arzulayıb. Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində tarixi Qələbəsi barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması məqsədilə təşkil olunmuş "Zəfər yolu” başlığı altında inşa müsabiqəsinin keçirilməsinin əhəmiyyətindən danışıb.

Müsabiqənin yekun nəticələrinə əsasən Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Nigar Yusifova I yerə, Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbin 9-cu sinif şagirdi Nərmiyyə Həsənova II yerə, Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbin 9-cu sinif şagirdi Zöhrə Mustafayeva III yerə layiq görülüblər. Qaliblər Diplom və hədiyyələrlə mükafatlandırılıblar. 

Digər 7 nəfər - Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Şəbnəm Hüseynli, Aslanbəyli kənd tam orta məktəbin 10-cu sinif şagirdi Mərvə Vəliyeva, Səməd Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Murğuz Mustafayev, Valeh Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbin 10-cu sinif şagirdi Məryəm Kazımova, Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin 11-ci sinif şagirdi Lamiyə Qocayeva, Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin 11-ci sinif şagirdi Eminə Yusifzadə, Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin 10-cu sinif şagirdi Sahibə Bənnayeva isə inşa müsabiqəsində iştirak etdiklərinə görə həvəsləndirici Diplomla təltif olunublar.






GOYEZEN.AZ



Facebook-da paylaş