“Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət Prezident İlham Əliyev tərəfindən uğurla başa çatdırılır” mövzusunda növbəti mühazirə keçirilib
Qazax Rayon Heydər Əliyev Mərkəzinin 2021-ci il üçün Tədbirlər Planına əsasən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik məfkurəsini gənc nəsillərə çatdırmaq məqsədilə rayonun orta ümumtəhsil məktəblərində şagirdlərə "Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir” mövzusunda mühazirələrin oxunması davam edir. Növbəti mühazirənin oxunması aprelin 29-da Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin VIII sinif şagirdlərinin iştirakı ilə baş tutub.
Məktəbin direktoru Tahirə Comərdovanın, Uşaq Birliyi Təşkilatının rəhbəri Mehriban Əliyevanın və məktəbin psixoloqu Mehriban Qasımovanın da iştirak etdiyi "Açıq dərs”də Ulu Öndərin həyat və fəaliyyətinə, müstəqil Azərbaycanın parlaq gələcəyi naminə gördüyü misilsiz işlərə bir daha nəzər salınıb.
Mərkəzin direktoru Ceyhunə Hüseynova Azərbaycanın ən yeni tarixində milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan Azərbaycan xalqının böyük oğlu, Dahi şəxsiyyət Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən geniş məruzə ilə çıxış edərək məktəblilərə ətraflı məlumat verib. Ulu Öndərin banisi olduğu dövlətçilik irsinin əbədiyaşarlığını təmin edəcək qüdrətli mənəvi-siyasi irsinin layiqli davamçısı - dövlət başçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi səmərəli sosial-iqtisadi, Azərbaycanın dayanıqlı inkişafını təmin edən strateji daxili və xarici siyasətindən bəhs edən geniş mühazirə ilə çıxış edib.
Məktəbin direktoru Tahirə Comərdova çıxış edərək "Açıq dərs”in təşkil edilməsini yüksək qiymətləndirib və təşkilatçılara minnətdarlığını bildirib. T.Comərdova qeyd edib ki, İlham Əliyev fenomeni bu gün müstəqil Azərbaycanın siyasi simasını müəyyənləşdirir. Dövlət başçısının yeni dövrlə səsləşən çoxşaxəli islahatları məhz Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu möhkəm təməl üzərində davam etdirilir.
Dərsin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş