Ulu Öndər Heydər Əliyev tərəfindən başladılan Azərbaycanın bütövlüyü kimi tarixi missiyanı cənab Prezident İlham Əliyev uğurla başa çatdırdı
İllər keçir, zaman
dəyişir, xalq olaraq Heydər Əliyevin xalqımız qarşısında, dövlətimizin müstəqilliyinin
dönməz və əbədi olması yolunda əvəzsiz
xidmətlərini millət olaraq indi daha dərindən dərk edirik. XX əsr Azərbaycan
üçün mürəkkəb ziddiyyətli hadisələrlə zəngin bir dövr olmuşdur. Yenicə müstəqilliyinə
qovuşmuş bir ölkə və səriştəsiz, siyasətdən kənar insanlar. Xalq və dövlət bu
iki tərəfin ziddiyyətli proseslərinin müşahidəçisinə çevrilmişdi. Dövlətin müstəqilliyi təhlükə qarşısında olan bir dövrdə
Heydər Əliyev şəxsiyyəti xilaskarlıq missiyasına sadiqlik nümayiş etdirdi və
idarəçilik sükanı arxasına keçdi. Zəmanəmizin görkəmli siyasi xadimi Heydər
Əliyevin səmərəli fəaliyyəti sayəsində Azərbaycanın dövlətçilik ənənələri bərpa
edildi, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkəmizin dinamik iqtisadi
inkişafı, beynəlxalq nüfuzu ən yüksək mərhələyə çatdı. Xilaskarlıq missiyasını
həyatı və sağlamlığı bahasına yerinə yetirən Heydər Əliyev xalqı və milləti
qarşısında xidmətlərinə, var qüvvəsini və bacarığını Azərbayacanın yüksəlişinə
və tərəqqisinə sərf etməsinə görə Ümummilli Lider, Ulu Öndər, Millətin atası,
Xalqın Böyük oğlu kimi şərəfli adlara layiq görüldü. 1993-cü ildən qədəmlərini
atdığı bu məsuliyyətli və çətin missiyanın həyata keçirilməsi heç də hamar,
asan olmadı. Çünki Heydər Əliyev son dərəcə çətin və ziddiyyətli bir dövrdə Azərbaycana
gəldi və Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcını
qoydu. Heydər Əliyevin
xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsi dövrü ölkənin anarxiya, xaos, hərcmərclik
dövrləri idi. Bütün bu çatışmamazlıqları yalnız Heydər Əliyev kimi tarixi şəxsiyyət
öz siyasi savadı, idarəçilik bacarığı ilə yoluna qoya bilərdi. Öz dərin zəkası,
iti ağlı, mətin iradəsi ilə xalqdan güc alaraq ölkənin iqtisadi-siyasi,
sosial-iqtisadi, elmi-mədəni həyatını kökündən dəyişdirdi, ölkədə sabitliyi təmin
etdi. Azərbaycanın parlaq gələcəyinin bərqərar olması üçün gecə-gündüz bilmədən
fəaliyyət göstərən Heydər Əliyev dünya xəritəsinə suveren və müstəqil Azərbaycan
dövlətini bəyan etdi. Heydər Əliyevin
xalq arasında nüfuzundan qorxaraq vəsvəsəyə düşən daxili düşmənlər xarici
havadarların dəstəyi və məkrli planları ilə dəfələrlə dövlətə qarşı çevrilişlər,
silahlı müdaxilələr etməyə cəhd etdilər. Necə ki, Heydər Əliyevin zəkası,
uzaqgörənliyi, siyasi iradəsi sayəsində cəmiyyətimizin bütün sahələrini əhatə
etmiş siyasi-iqtisadi, hərbi böhrandan ölkə xilas edilmişdisə, bu zaman da "Xalq-Heydər,
Heydər–xalq” birliyi, xalq və hakimiyyət həmrəyliyi sarsılmaz gücə çevrilərək
dövlətə qarşı hazırlanmış silahlı çevrilişlərin qarşısını aldı. Azərbaycanın böyük
oğlu, dahi siyasətçi Heydər Əlirza oğlu Əliyev mənsub olduğu xalqı öz ətrafında
birləşdirmək, onu öz dövlətinin müstəqilliyinin qorunması uğrunda mübarizədə
birgə vahid olmağa səsləmək, xalqla birgə olaraq dövləti hər cür təhlükədən
qorumaq kimi şərəfli məsuliyyətli bir işin öhdəsindən çox məharətlə gəlmiş,
xalqın hörmətini, ehtiramını qazanmışdır. Xalqı hər zaman ona inanmış, onun
bütün çağırışlarına yekdilliklə səs vermişdir. Bu gün tam əminliklə
söyləyə bilərik ki, Ulu Öndər Heydər Əliyev tərəfindən başladılan Azərbaycanın
bütövlüyü kimi tarixi missiyanı cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər
Ali Baş Komandanı İlham Əliyev uğurla başa çatdırdı. 2020-ci ilin 27
sentyabrından başlayan və 10 noyabrda Azərbaycanın tarixi Qələbəsi ilə başa
çatan 44 günlük Vətən müharibəsində, haqq savaşında böyük Zəfər bizim oldu. Öz
çıxışlarında hər zaman "Qarabağ Azərbaycandır!” söyləyən Ali Baş Komandan 44
günlük savaş müddətində öz sözləri ilə, dəyərli fikirləri ilə, düşmənə verdiyi
layiqli mesajları ilə bunu anbaan çatdırdı. İşğaldan azad olunmuş
torpaqlarımıza etdiyi səfərlərlə, səfər zamanı səsləndirdiyi tarixi çıxışları
ilə bütün dünyaya sübut etdi ki, Azərbaycanın müstəqilliyi, bütövlüyü Onun üçün
tarixi missiya idi və O, bu missiyanın öhdəsindən layiqincə gəldi. Bütün dünya
güclü Azərbaycan dövləti ilə yanaşı, güclü lider İlham Əliyevi də bir daha
yaxından tanıdı, izlədi. Ceyhunə HÜSEYNOVA, Qazax Rayon Heydər
Əliyev Mərkəzinin direktoru
Facebook-da paylaş