Ulu Öndər Azərbaycan xalqının yaddaşında böyük siyasətçi, dahi tarixi şəxsiyyət, təcrübəli dövlət başçısı kimi qalıb
12 dekabr müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Azərbaycanı dünyada tanıtmış, suveren dövlətimizi beynəlxalq siyasət olimpinə çıxarmış dahi şəxsiyyət Heydər Əliyev tarixin onun üzərinə qoyduğu xilaskarlıq missiyasının öhdəsindən ləyaqətlə gələrək dövlət müstəqilliyimizi məhv olmaq təhlükəsindən xilas etməklə qədirbilən xalqımızın qəlbində özünə əbədi işıq yandırdı. Azərbaycan xalqının görkəmli oğlu, müstəqil dövlət quruculuğunda gördüyü işləri ilə əbədiyaşarlıq qazanmış Ümummilli Lider Heydər Əliyev illər ötsə belə qədirbilən azərbaycanlıların qəlbində əbədi yaşayır və bundan sonra da yaşayacaq. Dahi şəxsiyyətin hələ neçə nəsillərə örnək olacaq həyatını və siyasi fəaliyyətini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri, göstərdiyi fədakarlıqları, Ulu Öndər məfkurəsini, müəllifi olduğu azərbaycançılıq ideologiyasını və siyasi irsini təbliğ etmək isə hər birimizin borcu olmalıdır. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Ulu Öndərin Anım günü ərəfəsində onu dərin hörmətlə, ehtiramla yad etmək üçün rayon ictimaiyyəti, ziyalılar, tələbələr, şagirdlər dahi şəxsiyyətin abidəsini ziyarət edir, adını daşıyan muzeydə Onun həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edən mühazirələr dinləyir, kitab sərgisi ilə tanış olur, filmlərə baxırlar. Dekabrın 9-da Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun, “Aztelekom” MMC-nin Qərb Regional Filialının Qazax Şöbəsinin, “Azərpoçt” MMC-nin Tovuz Regional Poçt filialının Qazax Müştəri Xidmətləri şöbəsinin rəhbər və əməkdaşları, Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət fənləri Təmayüllü məktəb-liseyin, Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta ümumtəhsil məktəbin direktor və müəllimləri,Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri Qazax Rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Ziyarətçilərə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin müxtəlif dövrləri haqqında geniş məlumat verilib, kitab sərgisi və film nümayiş etdirilib.
Milli iftixarımız, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir tariximizdə əbədiyaşarlıq haqqı qazanmışdır. Qüdrətli şəxsiyyəti ilə seçilən qeyri-adi siyasi istedada malik Ulu Öndəri xalqına möhkəm tellər bağlayırdı. O, bütün ömrünü Azərbaycana, Azərbaycan xalqına həsr etmişdir. Ulu Öndər Azərbaycan xalqının yaddaşında böyük siyasətçi, dahi tarixi şəxsiyyət, təcrübəli dövlət başçısı kimi qalıb. Bu gün xalqımız müdrik şəxsiyyətin xidmətlərini unutmur və onun əziz xatirəsini daim ehtiramla anır. Azərbaycan xalqına qəlbən bağlı olan dahi şəxsiyyət ürəklərdə özünə əbədi olaraq sevgi abidəsi ucaltmış milli Lider, qürur duyduğumuz böyük Azərbaycanlıdır.
























Facebook-da paylaş















