• Təqvim

  • Maraq



Ulu Öndər Heydər Əliyevin ideyaları bu gün də yaşayır və qalib gəlir


Tariximizdə müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamlarının sayəsində Azərbaycan əsrlərdən bəri formalaşdırmış olduğu milli dövlətçilik ideyasını, bütöv bir millətin etnik-siyasi potensialını qoruyub saxlaya bilmişdir. Ən yeni tariximizdə bu missiyanı dahi şəxsiyyət Heydər Əliyev üzərinə götürmüş və şərəflə, ləyaqətlə öhdəsindən gəlmişdir. Məhz Heydər Əliyev sayəsində Azərbaycan öz müstəqilliyinə nail olmuş, dünya dövlətləri sırasında öz mövqeyini qoruyub saxlaya bilmiş, üzərinə düşən xilaskarlıq missiyasını şərəflə yerinə yetirməkdən ötrü zamanın bütün ağırlığını öz çiyinlərinə götürərək dövlətimizi dünyanın xəritəsindən silinmək təhlükəsindən, xaos və hərc-mərclikdən qurtarmışdır. Böyük düha sahibi Heydər Əliyev öz misilsiz xidmətləri ilə Azərbaycan xalqının və onun tarixinin ən qüdrətli şəxsiyyətinə çevrilmişdir. Heydər Əliyevin həyatı və fəaliyyəti nəhəng və qüdrətli məktəbdir. 

12 dekabr 2003-cü il! Bu tarix müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, dahi rəhbər, böyük xilaskar, Ulu Öndər Heydər Əliyevin anım günündən 20 il ötməsinə baxmayaraq O, bizim qəlbimizdə əbədi yaşayır və yaşayacaq.

2001-ci ilin 14 iyul tarixində Ulu Öndər Heydər Əliyevin xarici ölkələrin media rəhbərləri ilə olan görüşdə söylədiyi: “Mənim həyatımda çox şey olubdur. Ancaq mühüm olanı odur ki, mən bütün bu sınaqlardan, bütün bu çətinliklərdən keçmişəm və yaşayıram. Yəqin ki, hələ çox illər yaşayacağam. Belə taleyi olan insan indi çətin ki, tapılsın. Çünki mən 14 il burada işləmişəm, respublikaya rəhbərlik etmişəm, sonra 5 il Moskvada Siyasi Büronun üzvü, Sovetlər İttifaqı kimi fövqəldövlətin Nazirlər Soveti sədrinin birinci müavini işləmişəm. Sonra isə təqib dövrü olmuş və o təxminən üç il davam etmişdir. Sürgün dövrü də olmuşdur - mən məcbur olub Moskvadan Bakıya gələndə, mənə burada yaşamağa imkan vermədilər. Mən Vətənimə - doğulduğum, hazırda blokada vəziyyətində olan Naxçıvana getdim. Orada üç il yaşadım. Ondan sonra artıq 8 ildir Bakıda yaşayır və vaxtilə tikdiyim həmin bu binada işləyirəm. İnsanların taleyi müxtəlifdir. Kimsə öz taleyindən razı olur, kimsə narazıdır. Bütün bu çətinliklərə baxmayaraq, mən öz taleyimdən çox razıyam. Çünki qısa ömür, qısa tale o qədər də maraqlı deyildir. Amma insan cürbəcür hadisələrlə qarşılaşanda, hər cür sınaqlardan çıxanda, yəqin ki, həm də daha çox təcrübə toplayır, daha da mətinləşir və bu mənada mən öz taleyimdən çox razıyam. Sabah nə olacağını bilmirəm, amma onu bilirəm ki, bundan sonra daha yaxşı olacaqdır” fikirlərini bu gün hər birimiz yaxşı xatırlayırıq. 

Tərcümeyi-halın əlamətdar tarixlərinə gəlincə Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda (Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub.

Hər kəsə yaxşı məlumdur ki, Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrilmişdi. Ulu Öndər 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə sənaye, o cümlədən yüngül sənaye və kənd təsərrüfatı ən parlaq inkişaf dövrünü yaşamışdır. Əgər Azərbaycan SSRİ miqyasında yalnız xammal mənbəyi kimi çıxış edərək inkişaf tempinə görə ən geridə qalmış respublika kimi səciyyələndirilirdisə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və bütün sahələrdə mütəmadi inkişaf göstəriciləri qeydə alındı.

Bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərin qorunması istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyilləri qeydə alındı. Mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər, təqaüdlər ayrıldı. Bütün bunlar isə cəmiyyətin intellektual təbəqəsinin fəaliyyətinin səmərəlilik səviyyəsini daha da artırdı. Bütövlükdə, 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu.

Milli-ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə Ulu Öndər Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu. Bunun ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı ki, bu da olduqca mühüm əhəmiyyətə malik idi.

Böyük şəxsiyyətin prinsipial mövqeyi bu gün də hər birimizə örnəkdir. Ulu Öndər Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Siyasi iradənin təcəssümü olan 20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi də Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi.

Öz xalqına sadiqliyinin təcəssümü olan prinsipial vətəndaş mövqeyinə gəlincə Ulu Öndər Heydər Əliyev keçmiş Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə cavab olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

Ölkəmizin yeni tarixi, Ulu Öndərin doğma Vətənə qayıdışı bu gün də qürurla xatırlanır. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev qısa müddət Bakıda qaldıqdan sonra Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Soveti sədrinin müavini olub.

Heç kəsə sirr deyil ki, 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmiş, idarəetmə qabiliyyəti aşağı olan ölkələrdə çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun ağırlığı, ölkə hakimiyyətinin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini maksimum dərəcədə mürəkkəbləşdirmişdi. Mövcud durum 1991-ci ilin sentyabr ayında Ulu Öndər Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Məclisinin sədri seçilməsinədək olan mərhələdə daha da kəskinləşdi. Ali Məclisin sədri seçilən Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində sabitlik təmin edildi və muxtar qurumun sosial-iqtisadi vəziyyəti yaxşılaşdırıldı. 

Ulu Öndər Heydər Əliyev həm də milli dövlətçilik ənənələrini yaşatdı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.

Milli həmrəyliyin uğurlu gələcəyini təmin etmiş tarixi qərara gəlincə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. 

Ulu Öndər Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı. Böyük dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır.

Ölkədə gərgin və böhranlı vəziyyətdə xalq ümidini dahi siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevə bağlamış, 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı Ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ulu Öndərin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkənin ən böyük və effektiv siyasi qüvvəsinə çevrilmişdir. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi.

Əlamətdar hadisələrdən biri də o oldu ki, xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və iyunun 24-dən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Prezident seçilməsi Azərbaycan xalqını qurtuluşa aparan yolun ilk addımıdır. Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. 

Azərbaycan xalqı haqlı olaraq Ulu Öndər Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Ulu Öndərin rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir. Xalqla iqtidar arasındakı birlik ölkənin uğurlarının əsas səbəbidir.

Əminliklə deyə bilərik ki, atəşkəsin əldə olunması Ulu Öndər Heydər Əliyevin siyasi nüfuz və peşəkarlığının nəticəsi idi. Hərbi uğursuzluqlarla üzləşdiyini və daha irəliləyə bilmədiyini görən təcavüzkar Ermənistanın rəhbərliyi 1994-cü ilin mayında danışıqlar masası arxasında oturmağa, cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan Bişkek protokolunu 1994-cü il mayın 8-də imzalamağa məcbur oldu. Protokol mayın 12-də qüvvəyə mindi və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırıldı. Atəşkəsin əldə olunması Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi və ordu quruculuğu prosesinin uğurla aparılması baxımından mühüm bir mərhələ oldu. 

Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu sıraya təkmil siyasi sistemin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, həmçinin, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması aid edilə bilər. Eyni zamanda, həmin dövrdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Bu, müstəqil Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edən çox mühüm vasitə oldu.

Yeni iqtisadi inkişaf mərhələsinin təcəssümü olan “Əsrin müqaviləsi” 1994-cü ilin sentyabr ayının 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında bağlanmışdır. “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. Həmin müqavilə daha sonra 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmışdır. Ulu Öndər Heydər Əliyev söylədiyi: “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır” sözlərinin real əməldə şahidi oluruq.

Dayanıqlı inkişafının bünövrəsini qoymuş illərə gəlincə 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır. Həmin dövrdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu.

Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı həyata keçirilən ilk tədbirlər və hazırlanan Dövlət Proqramları bilavasitə Ulu Öndər Heydər Əliyevin gərgin əməyinin nəticəsidir. Onların yaşayış şəraitinin daha da yaxşılaşdırılması, ağır vəziyyətdə yaşadıqları çadır düşərgələrinin ləğvi üçün konkret addımlar atılırdı. 2001-2002-ci illər ərzində Ulu Öndər imzaladığı üç fərmana əsasən, qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və onların məskunlaşma, məşğulluq problemlərinin həlli üçün Dövlət Neft Fondundan 359 milyard manat vəsait ayrılmış və bunun müqabilində 18 qəsəbə salınmış, 6076 mənzil tikilmiş, yüzlərlə zəruri infrastruktur obyektləri inşa edilmişdir. 1993-2003-cü illər arasında qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilən vəsaitin həcmi 90 dəfə, yemək xərcləri üçün müavinət 60 dəfə, kommunal xidmət xərcləri üçün kompensasiya 120 dəfə artırılmışdır. Azərbaycan həqiqətlərinin təbliğatı da Ulu Öndərin adı ilə bağlıdır. Ulu Öndər qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazilərə daim baş çəkirdi, xarici səfərləri zamanı onların vəziyyətinin dünya ictimaiyyətinə çatdırılmasına çalışırdı. Ölkəyə gələn bütün nümayəndə heyətlərinin rəhbərlərinin, xarici ölkələrin başçılarının məcburi köçkünlərin yaşayış tərzi ilə mütləq tanış olmaları Ulu Öndər tərəfindən bir vəzifə kimi qarşıya qoyulmuşdu.

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb. Belə ki, ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Yaradılmış yeni Nazirlik gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etdi. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.

Qadınların dövlətin idarəolunma prosesində iştirakını dəstəkləyən Ulu Öndər Heydər Əliyevin xidmətləri danılmazdır. Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi.

Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.

Ulu Öndər xarizması hər kəsə nümunədir. Heydər Əliyevin ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi.

Peşəkar rəhbər obrazı da dahi şəxsiyyətə məxsusdur. Ulu Öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir.

Ümummilli dəyərlərə və demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan Ulu Öndər hər zaman xatırlanacaqdır. Ümummilli Liderin xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, polad iradəsi, mərdanə qətiyyəti, həssas qəlbi, möhkəm səbri, çox hövsələliyi, ədalətli olması, həmişə obyektiv mövqe tutması, yüksək intellekti və ziyalı mövqeyi, dolğun tədbirliliyi və analitik təfəkkürü, sadə davranışı bir dövlət başçısı kimi onun ən yüksək keyfiyyətlərdəndir.

Dahi orator olan Ulu Öndərin nitqi dərin və konkret idi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi. Ümummilli Liderin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi. Ulu Öndərin nitq və çıxışlarında artıq söz və ifadə, qeyri-dəqiq fakt və rəqəm olmur, fikirlərini son dərəcə cilalanmış şəkildə ifadə edirdi.

Bu gün əminliklə söyləyə bilərik ki, Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında Ulu Öndər misilsiz səylər göstərmişdir. Ulu Öndər Heydər Əliyev dəfələrlə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdir.

Azərbaycançılıq məfkurəsi də Ümummilli Liderin adı ilə bağlıdır. Müəllifi Ulu Öndər Heydər Əliyev olan milli ideologiya xalqın birliyini təmin edir. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən Azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amildir.

Ulu Öndər Heydər Əliyevin senzuranın ləğv olunması ilə bağlı qərarı ölkədə  demokratik ənənələrin dərinləşməsinə xidmət edən tarixi təşəbbüsdür. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Sözügedən fərman kütləvi informasiya vasitələrinin ölkədə sürətli inkişafını təmin edən əsas amillərdən birinə çevrildi. Milli mətbuatın inkişafı da dahi rəhbərin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşləri və onun mövcud istiqamətdəki institusional təşəbbüsləri mətbuatın davamlı inkişafına səbəb olmuşdur. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür. 

Ulu Öndər Heydər Əliyevin dövlət siyasətində ordu quruculuğu mühüm yer tuturdu. Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ulu Öndər 1971-ci ildə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il yanvarın 20-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında fərman imzalamışdır. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşdırılması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. 2001-ci il 20 avqust tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmış və bununla həmin təhsil ocaqlarının respublika üzrə hərbi təhsil müəssisələri sistemində statusu yüksəldilmişdir.    

Müstəqil dövlətin yeni Konstitusiyası da dahi şəxsiyyətin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Ulu Öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”. 

Azərbaycan dilinin adını özümüzə qaytarmış Ümummilli Liderin bu sahədə xidmətləri danılmazdır. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytarmışdır. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.

Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiram və minnətdarlıqla yad edir. Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişdi. Bəli, xalqımız nə 12 dekabrı, nə də böyük oğlunu heç vaxt unutmur. Nə qədər Azərbaycan dövləti var, Azərbaycan xalqı var Ulu Öndər Heydər Əliyev daim ən ülvi məhəbbətlə, hörmət və ehtiramla yad olunacaq, anılacaq. Həmin gündən 20 il ötməsinə baxmayaraq Azərbaycan xalqının görkəmli oğlu, müstəqil dövlət quruculuğunda gördüyü işləri ilə əbədiyaşarlıq qazanmış Ümummilli Lider Heydər Əliyev illər ötsə belə qədirbilən azərbaycanlıların qəlbində əbədi yaşayır və bundan sonra da yaşayacaq. Dahi şəxsiyyətin hələ neçə nəsillərə örnək olacaq həyatını və siyasi fəaliyyətini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri, göstərdiyi fədakarlıqları, Ulu Öndər məfkurəsini, müəllifi olduğu azərbaycançılıq ideologiyasını və siyasi irsini təbliğ etmək isə hər birimizin borcu olmalıdır.

GOYEZEN.AZ



Facebook-da paylaş