2 Fevral – Azərbaycan Gəncləri Günü Ümummilli Lider Heydər Əliyevin gənclərə ən böyük töhfəsidir
Ulu Öndər Heydər Əliyevin 8 dekabr 2002-ci ildə səsləndirdiyi “Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır” dəyərli sözləri bu gün də hər bir gənc üçün bir yol xəritəsi, ən qiymətli tövsiyədir.
Hər kəsə yaxşı məlumdur ki, dövlətin gənclər siyasəti hər zaman prioritet məsələ kimi Ulu Öndər Heydər Əliyevin nəzarətində olub. “Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi” adlandıran Ulu Öndər gənc nəslə qayğını əsirgəməyib. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir.
Uğurlu təcrübənin inkişaf etdirilməsi ənənəsi də dahi rəhbərin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirildi. 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndər ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir.
Azərbaycan gənclərinin forumları mühüm əhəmiyyət daşıyır. Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanılmışdır.
Dövlət və cəmiyyətin inkişafında Azərbaycan gəncliyinin rolu böyükdür. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
İstedadlı gənclərə dövlət qayğısının təzahürü olan “Qızıl kitab”a gəlincə Ulu Öndər Heydər Əliyev tərəfindən 1996-cı il 22 iyun tarixində imzalanmış “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmanına əsasən istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi.
2 Fevral - Azərbaycan Gəncləri Gününə gəlincə Ulu Öndər tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb.
Ulu Öndər Heydər Əliyevin mühüm qanunverici təşəbbüsü böyük əhəmiyyət kəsb edir. Ulu Öndər 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla gənclərin inkişafı üçün daha əlverişli şərait yaradılmışdır. Fərmanla Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilmiş, Gənclər və İdman Nazirliyinin nəzdində Gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradılmışdır.
Gənclər siyasətinin mahiyyətini əks etdirən Qanuna gəlincə 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
Hər kəs yaxşı bilir ki, vətənpərvərlik amili, Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. O, vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir”.
Sevindirici haldır ki, Ulu Öndərin miras qoyduğu gənclər siyasəti bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin gənclər siyasəti həmin qayğının, diqqətin davamıdır.
2 fevral 2022-ci ildə Prezident İlham Əliyevin qeyd etdiyi “İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar” sözləri gənclərə ünvanlanmış ən gözəl tövsiyədir.
Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb.
2007-ci il “Gənclər ili” elan olunmuşdur. Prezident İlham Əliyevin sözügedən mühüm təşəbbüsü gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Sərəncamla “2007-ci ilin “Gənclər ili” elan olunmasına dair tədbirlər planı” təsdiq edilmiş, o cümlədən respublikanın şəhər və rayonlarında “Gənclər evi”nin yaradılması nəzərdə tutulmuşdur.
Paytaxt Bakı və bölgələrdə fəaliyyət göstərən “Gənclər evi” gənclərin vətənpərvər ruhunda formalaşdırılması və onların sosiallaşmasında mühüm rola malikdirlər. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi bu cür dövlət təsisatların prioritet vəzifəsidir. Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədi ilə yaradılan “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi genişlənməkdədir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılmışdır. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb.
Avropa gənclərinin musiqi bayramı “Bakı Eurovision-2012” gəlincə sayca 57-ci Avroviziya Mahnı Müsabiqəsi Bayraq meydanında inşa olunmuş “Baku Crystal Hall”da baş tutmuşdur. 43 ölkə təmsil olunan bu möhtəşəm tədbir zamanı Bakı Avropa musiqisinin paytaxtına çevrilmiş, Avropa gənclərinin diqqəti Azərbaycana yönəlmişdir.
Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə 10000 (on min) manat məbləğində verilir.
Avropa Gənclər Paytaxtına gəlincə Prezident İlham Əliyev 2016-cı il 24 fevral tarixində “Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalamışdır.
Gənc kadrların irəli çəkilməsi siyasətinin təcəssümü olaraq “Yüksəliş” müsabiqəsini nümunə göstərmək olar. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.
Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində fəaliyyətə başlayıb. Respublika Prezidenti İlham Əliyevin 2019-cu il tarixli 1 oktyabr tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev Mərkəzlərində GİKM-in nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınıb. Hazırda respublika üzrə Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi fəaliyyət göstərir.
Könüllülər hərəkatına gəlincə 2009-cu il iyunun 9-da “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Könüllülər hərəkatının cəmiyyətin inkişafında xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir.
Gənclərin rifahına xidmət edən əsas Dövlət Proqramları icra olunmaqdadır. Dövlət başçısı İlham Əliyev tərəfindən ötən müddət ərzində bu istiqamətdə aşağıdakı sənədlər təsdiq edilmişdir ki, bunlar “Azərbaycan gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər), “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”dır.
Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər. Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır. Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur. Bu da Ulu Öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin nəticəsi idi. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi.
Bu gün ölkəmizdə informasiya müharibəsinin ön cəbhəsində duran Azərbaycan gəncliyi yetişir. Vətən müharibəsi dövründə bizim gənclərimiz sosial şəbəkələrdə çox fəal oldular və müharibə zamanı gedən informasiya müharibəsində də Azərbaycan qalib gəldi. İnformasiya müharibəsinə təkcə Azərbaycan vətəndaşları yox, dünya azərbaycanlıları da qoşuldular - könüllü olaraq, öz təşəbbüsləri ilə. Birgə səylərin nəticəsində Azərbaycan informasiya məkanında üstünlük əldə etdi. Əsasən gənclərdən ibarət sosial şəbəkə istifadəçiləri şəbəkələrdə üstünlüyü əldə edərək paylaşılan məlumatın həqiqi və təsirliliyinə nail oldular. Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənc nəslin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Azərbaycan gəncləri azad ölkədə yaşayır, sabitlik olan ölkədə yaşayır, özünə güvənən ölkədə yaşayır. Gənclər öz gələcək həyatını düzgün müəyyən etmək və dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.
Gənc idmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. 1997-ci ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilmiş dövlət başçısı İlham Əliyev gənclərin idmana cəlb olunması məsələsinə xüsusi diqqət ayırırdı. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır, bu proses davam etdirilir. Bakı şəhərində ən mötəbər idman yarışları təşkil olunub. Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir.
Bakıda keçirilmiş Birinci Avropa Oyunları dünya idman tarixində bir ilkdir. Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində keçirilən “Bakı-2015” Birinci Avropa Oyunlarının təqdimatları Azərbaycan reallıqlarının, eyni zamanda bu mühüm idman bayramının təbliğində əhəmiyyətli rol oynadı. Birinci Avropa Oyunları çərçivəsində 20 idman növü üzrə yarışlar paytaxtımızda 21 idman obyektində keçirilmişdir. Dünyanın idman tarixinə düşmüş bu Oyunlarda 50 ölkəni təmsil edən 6 mindən artıq idmançı sağlam rəqabət uğrunda mübarizəyə qatılmışdır.
İstedadlı və vətənpərvər gənclərə dövlət qayğısı davamlıdır. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. Gənclər bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə almalıdır. Yaradıcı və istedadlı gənclərin aşkar edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması, eləcə də gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi üçün kompleks tədbir həyata keçirilir.
Dördüncü Sənaye İnqilabı dövründə Azərbaycan gəncliyi öz sözünü deməkdədir. Gənclərin dünyagörüşü fərqlidir, dünyada gedən bütün müasir proseslərə onlar daha yaxşı bələddir. Dördüncü Sənaye İnqilabı ilə bağlı olan yeniliklər, ilk növbədə, Azərbaycanda gənclər tərəfindən mənimsənilir və gənclər xətti ilə bu siyasət icra olunur.
Azərbaycan gənclərinin inkişafında Heydər Əliyev Fondunun misilsiz töhfəsi var. Azərbaycanlı gənclərinin fərdi və peşəkar inkişafı naminə Heydər Əliyev Fondu aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir və minlərlə müxtəlif təyinatlı layihələri icra edir. Elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirir. Gənclərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir. Uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edir. Xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək edir.
Gənclərin xaricdə təhsilinə dövlət qayğısı dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. “Qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyasının icrası çərçivəsində gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi təşkil olunmuşdur. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşlar. Dövlətin dəstəyi sayəsində gənclərin dünyanın 32 ölkəsinin 370-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə 200 milyon manat vəsait xərclənmişdir. Prezident İlham Əliyev 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etmişdir. Dövlət Proqramı çərçivəsində hər il 500 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması nəzərdə tutulub. 2025-ci ildən başlayaraq kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə edəcək. 2024-2025-ci tədris ilində Dövlət Proqramı çərçivəsində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə isə 375 nəfər olmaqla ümumilikdə 500 nəfər təqaüdçü adını qazanıb. Ümumilikdə, proqram çərçivəsində dünyanın 21 ölkəsinə aid 151 ali təhsil müəssisəsində 1252 nəfər tələbə təhsil almaq hüququ qazanıb. Bunlardan dünyanın 14 ölkəsinə aid 64 nüfuzlu ali təhsil müəssisəsində təhsilini başa vuran 186 nəfər Dövlət Proqramı məzunu olub. 2025-2026-cı tədris ili üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib. Növbəti tədris ili üçün təsdiq olunmuş təhsil proqramlarının siyahısında 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 32 ölkəsinə aid 221 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 4405 proqram yer alır. Bununla yanaşı, bu il namizədlər dünyanın aparıcı reytinq cədvəllərində olan və ötən il əhatə olunmayan 11 ölkənin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə edəcəklər. Siyahıda bakalavriat səviyyəsi üzrə 1311, magistratura səviyyəsi üzrə isə 3094 proqram yer alır.
2024-cü ildə gənclər sahəsində görülmüş bəzi işlər təqdirəlayiqdir. 2024-cü ildə Gənclər və İdman Nazirliyi tərəfindən gənclərin müxtəlif sahələrdə bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə, hərbi vətənpərvərlik, milli adət-ənənələr, hüquq, peşə, robototexnika, yaradıcılıq, mühəndislik, məşğulluq, simulyasiya, inklüzivlik və könüllülük kimi əhəmiyyətli sahələri əhatə edən 22 müxtəlif mövzu üzrə, 3 395 gəncin iştirakını təmin edən 43 düşərgə uğurla təşkil olunub. Gənclərin müxtəlif sahələrdə yaradıcılıq və intellektual potensiallarını inkişaf etdirməyi hədəfləyən “Şahin” hərbi-idman oyunları, “İƏT simulyasiya modeli”, “İstedadların hazırlığı laboratoriyası” VII Beynəlxalq Elm Olimpiadası, “Cəsur kadet” yarışları, “Qızıl şah” Milli Kulinariya Çempionatı, Robot olimpiadası, “Oxu, qazan!” müsabiqəsi, “Şən Gənc” TV layihəsi, “Mən Cazmenəm” Bakı Caz Festivalı, “İdeya var!” gənclərin Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsi, “Debat forumları” və müxtəlif intellektual oyunlar həyata keçirilib. Ümumilikdə, 2024-cü ildə 23 844 gəncin iştirakını təmin edən 182 yarış və müsabiqə təşkil olunub.
Lənkəran şəhəri 2024-cü ildə Azərbaycanın “Gənclər Paytaxtı” olaraq, gənclərin inkişafını və sosial fəallığını dəstəkləyən, müxtəlif sahələri əhatə edən 41 tədbirə ev sahibliyi edib. Bu tədbirlər 15 000-dən çox gənci əhatə edib, onların yaradıcılıq, intellektual və fiziki potensiallarının inkişafına mühüm töhfələr verib.
Ekoloji maarifləndirmə və COP29-a gəlincə əsas məqsədi gəncləri iqlim dəyişikliyi və ətraf mühitin qorunması sahəsində təşəbbüslərə cəlb etmək olan “Gənc İqlim Elçiləri” proqramı və “İqlim Həftələri” çərçivəsində 45 000 gənci əhatə edərək 625 tədbir təşkil olunub. Ekoloji maarifləndirmə sahəsində həyata keçirilən təmizlik və ağacəkmə aksiyaları nəticəsində isə ümumilikdə 5 592 ağac əkilib. Noyabrın 11-22-də Bakıda keçirilmiş BMT-nin COP29 Konfransı çərçivəsində Yaşıl zonada fəaliyyət göstərən “Gənclər Evi” pavilyonunda davamlılıq və iqlim liderliyi mövzularında seminarlar, vörkşoplar və panel müzakirələri olmaqla ümumilikdə 27 tədbir təşkil olunub. Gənclərin iqlim dəyişikliyinə qarşı mübarizədəki rolunu vurğulamaq məqsədilə təşkil edilən pavilyonu 7000 nəfər ziyarət edib.
Gənclərin liderlik və əməkdaşlıq sahəsində inkişafını dəstəkləmək, həmçinin ölkəmizin beynəlxalq arenada tanıdılmasına töhfə vermək məqsədilə, 2024-cü ildə “Bakı qərar verir" Gənclərin I İqlim Danışıqları, "By Youth For Youth" Beynəlxalq Forumu, “Şuşa-İƏT-in Gənclər Paytaxtı” və “Lənkəran - Türk Dünyasının Gənclər Paytaxtı” proqramları çərçivəsində həyata keçirilən 24 beynəlxalq tədbirdə 57 ölkədən 650 iştirakçı, yerli və xarici nümayəndələr, gənclər və könüllülər iştirak edib. Gənclərin beynəlxalq təcrübə qazanmalarına, liderlik bacarıqlarını inkişaf etdirmələrinə və müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq qurmağına imkan yaradan beynəlxalq tədbirlərdə iştirakına dəstək məqsədilə, 20 ölkədə keçirilmiş 30 beynəlxalq tədbirə 301 gənc ezam olunub.
Ölkənin müxtəlif bölgələrində gənclərin sosial inteqrasiyasını və inkişafını dəstəkləmək məqsədilə, "Gənclər Evi" sosial xidmət müəssisələri 4 773 tədbir təşkil edərək 132 639 gənci əhatə edib. Regional Gənclər və İdman İdarələri isə 2 708 tədbir keçirərək 181 942 gəncin fəal iştirakını təmin edib.
Gənclər təşkilatları üçün qrant dəstəyinə gəlincə Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədilə, gənclərin cəmiyyətin inkişafına töhfə vermələrini və öz bacarıqlarını daha da inkişaf etdirmələrini təşviq edən 9 mövzu və 31 istiqamət üzrə 74 layihənin reallaşması üçün qrant dəstəyi verilib.
Ümummilli Lider Heydər Əliyevin gənclər haqqında söylədiyi dəyərli sözləri bu gün hər bir Azərbaycan gənci qürurla xatırlayır.
11 oktyabr 1999-cu ildə Naxçıvan qarnizonu “N” saylı hərbi hissəsinin şəxsi heyəti ilə görüşdə nitqində Ulu Öndər qeyd etmişdi ki, “Mən arzu edirəm ki, hər bir Azərbaycan gənci Azərbaycan ordusunda xidmət etməyi özünün müqəddəs vəzifəsi kimi qəbul etsin. Orduda xidmət etməyən gənc cəmiyyətdə böyük hörmət qazana bilməz. Cəmiyyətdə, gələcək həyatda hörmət qazanmaq istəyən gənc gərək mütləq, mütləq əsgərlik borcunu yerinə yetirsin. Əsgərlik borcunu yerinə yetirmək hər bir azərbaycanlı gəncin müqəddəs vəzifəsidir”.
13 iyun 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə nitqində vurğulamışdı ki, “İqtisadiyyatı irəliyə aparmaq üçün dünyanın mürəkkəb maliyyə sisteminə, iqtisadi sisteminə qoşulmaq üçün bizə müasir, hazırlıqlı, xarici dilləri bilən, dünya təcrübəsini mənimsəmiş gənclər lazımdır”. 20 mart 1996-cı ildə “Gülüstan” Sarayında şəhid uşaqları və kimsəsiz uşaqlar üçün təşkil olunmuş Novruz şənliyində çıxışında səsləndirdiyi “Nə qədər çox sülh, əmin-amanlıq olarsa, gələcək nəslimiz daha yaxşı, daha firavan yaşayacaq, yaxşı təhsil, tərbiyə alacaq, gələcək üçün hazırlaşacaqdır” sözləri bu gün də yaddaşlardadır.
22 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdə çıxışında vurğuladı ki, “Azərbaycanın genofondu gənclərdir. Biz onları hərtərəfli qorumalıyıq”.
31 avqust 1994-cü ildə Bakı şəhərinin təhsil işçiləri ilə görüşdə səsləndirdi ki, “Müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir, gənclərə veriləcəkdir. Ona görə də məktəbdə gənclərimizi nə qədər yaxşı, hərtərəfli hazırlasalar, müstəqil Azərbaycanın gələcəyi də o qədər müvəffəqiyyətli, uğurlu, parlaq olacaqdır”.
2 fevral 1996-cı ildə Respublika Sarayında müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunda nitqində söylədi ki, “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır”, “Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir”, “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır”. “Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir”.
1 fevral 1997-ci ildə Prezident Sarayında müstəqil Azərbaycan Respublikası gənclərinin 1-ci forumunun birinci ildönümü münasibətilə forum nümayəndələrinin bır qrupu ilə görüşdə qeyd etdi ki, “Hər gündən, dəqiqədən səmərəli istifadə olunmalıdır ki, gənc nəslimiz yaxşı bilik, təhsil alsın, elmin, həyatın bütün sahələrində olan təcrübəni mənimsəsin, həyatda, cəmiyyətdə həm özü, həm də ölkə xalq üçün faydalı olsun”. “Milli ideologiya konsepsiyası haqqında danışanda gəncləri birinci növbədə Azərbaycanın müstəqilliyi prinsiplərinə sadiq olmaq ruhunda tərbiyə etmək lazımdır”.
2 fevral 1998-ci ildə Azərbaycan Gəncləri Gününün ilk ildönümü münasibətilə keçirilən bədii idman bayramında Azərbaycan Prezidenti Heydər Əliyev nitqində söylədi ki, “Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var”.
21 fevral 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyevin YAP-ın Gənclər Birliyi nümayəndələrinin ümumrespublika toplantısında nitqində qeyd etdiyi kimi, “Bizim gənclər gərək hazırlaşsınlar ki, XXI əsrdə Azərbaycanın inkişafını təmin edə bilsinlər. Bunun üçün biliklənmək, təhsil almaq, sağlam həyat tərzi keçirmək, mənəvi, milli dəyərlərimizə daim söykənmək və ümumbəşəri dəyərlərdən səmərəli istifadə etmək lazımdır. Mən əminəm ki, bizim gənclərimiz Azərbaycanın gələcəyini bizdən elə yaxşı təmin edəcəklər. Çünki bizim çox zəkalı, çox bacarıqlı, istedadlı gənclərimiz vardır. Mən ümidvaram ki, gənclər bugünkü təcrübədən yaxşı bəhrələnəcəklər və Azərbaycanın gələcəyini təmin edəcəklər”.
13 dekabr 1998-ci ildə Uşaqların Beynəlxalq Televiziya və Radio Günü münasibətilə “Uşaqlar dünyanın sevincidir” devizi altında keçirilən mərasimdə çıxışında Ulu Öndər bildirdi ki, “Mən inanıram ki, indiki gənclər, indiki uşaqlar bizim nəsillərdən də qabiliyyətlidir, istedadlıdır. Mən inanıram ki, Azərbaycanın bugünkü gəncləri, bugünkü uşaqları Azərbaycanın xoşbəxt gələcəyini təmin edəcəklər. Biz bunun təməlini qoyuruq, əsasını qoyuruq. Siz isə gələcəkdə bunları qurub yaratmalısınız, inkişaf etdirməlisiniz”.
4 mart 1999-cu ildə Respublika gənclərinin II forumunda nitqində qeyd etdi ki, “Əziz gənclər! Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür. Bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz müstəqil Azərbaycanı XXI əsrdə yaşadanlarsınız, quranlarsınız, inkişaf etdirənlərsiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”.
1 sentyabr 2000-ci ildə Yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə Bakının Nərimanov rayonunda yerləşən 82 saylı pilot orta məktəbdə keçirilən təntənəli toplantıda nitqində səsləndirdi ki, “İndi müstəqil Azərbaycanın hər bir gənci məktəbdə təhsil alaraq, öz xalqının, millətinin, qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin. Əgər bunu bilməsə, o, həqiqi vətənpərvər ola bilməz. Əgər bunu bilməsə o, millətini qiymətləndirə bilməz. Əgər bunu bilməsə, öz millətinə olan mənsubiyyəti ilə istənilən səviyyədə fəxr edə bilməz. Ancaq təkcə tarix deyil, bizim zəngin ədəbiyyatımız var. Azərbaycan ədəbiyyatı qədim dövrlərdən indiyədək öz zənginliyi ilə bütün dünya xalqları içərisində öncül yerlərdə olubdur. Demək, bu həm bizim tariximizdir, həm mənəviyyatımız, həm də milli mənliyimizdir”.
29 dekabr 2000-ci ildə yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində vurğuladı ki, “Müstəqilliyi elan etmək, onun qorunması və möhkəmləndirilməsi istiqamətində dövlət tədbirləri həyata keçirmək nə qədər vacib olsa da, əsl müstəqilliyi qazanmaq üçün bu, hələ azdır. Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun. Bunun üçün isə o, ilk növbədə yüksək mənəviyyata malik olmalıdır, xalqımızın milli-mənəvi dəyərləri onun şəxsiyyətinin mahiyyətini təşkil etməlidir”.
3 sentyabr 2001-ci ildə ən yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş gənclərlə görüşdə yekun nitqində söylədi ki, “Gənclərə tövsiyəm odur ki, onlar sağlam fiziki və mənəvi həyat tərzi keçirsinlər. Belə olan halda siz həm daha da sağlam vətəndaş olacaqsınız, həm daha da yaxşı bilik alacaqsınız, belə olanda həm də Azərbaycanın gələcəyinin həqiqi qurucuları olacaqsınız”.
25 iyun 2002-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinə təbrikində qeyd etdi ki, “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmək hər bir Azərbaycan vətəndaşı üçün, hər bir gənc üçün böyük bir iftixar mənbəyidir, şərəfli bir vəzifədir. Orduda xidmət etmiş, öz vətəndaşlıq borcunu yerinə yetirmiş hər bir gənc bizim cəmiyyətdə, həyatımızın bütün sahələrində ən dəyərli insan hesab olunmalıdır”.
12 sentyabr 2002-ci ildə Gəncədəki “N” saylı hərbi hissədə keçirilən görüşdə nitqində söylədi ki, “Hərbi xidməti keçməyən gənc Azərbaycanda, bizim cəmiyyətdə heç vaxt hörmət qazana bilməz”.
8 dekabr 2002-ci ildə Uşaqların Beynəlxalq Televiziya və Radio Günü münasibətilə keçirilən şənlikdə nitqində vurğuladı ki, “Çadırlarda doğulmuş uşaqlar gələcəkdə öz torpaqlarının sahibi olacaq, öz torpaqlarında böyüyəcəklər, öz elində-obasında yaşayacaqlar”.
Facebook-da paylaş