Qazaxda qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib
Hər kəsə yaxşı məlumdur ki, soyuq hava şəraiti istər kommunal sektorda, istərsə də digər sahələrdə qışa hazırlıq tədbirlərinə nəzarətin artırılması zərurətini yaradır.
Oktyabrın 16-da Qazax rayonunda qış mövsümünə hazırlıqla əlaqədar müşavirə keçirilib.
Qazax Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə icra başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat, xidmət sahələrinin rəhbərləri, RİH başçısının şəhər və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək keçirilən müşavirənin məqsəd və əhəmiyyətindən söz açıb. Rayon rəhbəri bildirib ki, müşavirəni keçirməkdə əsas məqsəd qış mövsümünə hazırlıqla əlaqədar görülən işləri və qarşıda duran vəzifələri müzakirə etməkdir. İcra başçısı qeyd edib ki, bütün sahələrdə qışa ciddi hazırlıq işləri görülməlidir. Elə etmək, hazırlaşmaq lazımdır ki, sonradan problemlər yaranmasın. Bunun üçün lazım gələn bütün hazırlıqlar yüksək səviyyədə həyata keçirilməli, qarşıda yarana biləcək hər hansı problem əvvəlcədən nəzərə alınmalıdır. Eyni zamanda, bununla bağlı lazımi orqanların rəhbərlərinə müvafiq göstərişlər veriləcək, qarşıya konkret vəzifələr qoyulacaqdır. Məqsədimiz qarşıda duran problemləri yerindəcə həll etməkdir. Çalışmalıyıq ki, mövsümlə bağlı heç bir problem olmasın.
İcra başçısı vurğulayıb ki, nə qədər həyat var, problem də var. Qış mövsümündə isə problemlər çoxalır. Müraciətlərin sayı artır. Qarşımızda çox mühüm vəzifələr durur. Ona görə də hər bir idarə və müəssisə rəhbəri diqqətli olmalıdır. Əvvəlcədən lazım gələn bütün tədbirlər görülməli, gələcəkdə heç bir problemin yaranmaması üçün lazımi işlər həyata keçirilməlidir. Xüsusilə də elektrik transformatorları, elektrik xətləri, qaz paylayıcı xətlər yoxlanılmalıdır. Çoxmənzilli yaşayış binalarında elektrik və qaz cihazlarının təhlükəsiz istifadə olunmasına, tüstü boru və bacalarının düzgün quraşdırılmasına, təmizlənməsinə fikir verilməli, qış rejiminə hazır vəziyyətə gətirilməldir. Elektrik enerjisinin gərginlik düşgüsünə, mavi yanacağın təzyiqinə daim nəzarət olunmalıdır.
“Hər bir dövlət məmuru bilməlidir ki, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin arxasında vətəndaş məmnunluğu dayanır. Ona görə də hər bir dövlət məmurunun vəzifə borcu vətəndaşa layiqli xidmət göstərərək vətəndaş məmnunluğunu təmin etməkdir”, - deyən icra başçısı bugünkü müşavirənin də bu məqsədi daşıdığını vurğulayıb.
İcra başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq qeyd edib ki, qış mövsümünə hazırlıqla bağlı işlər görülür, bundan sonra da səylərimizi artırmalıyıq ki, hər hansı bir problem yarandıqda lazımi vaxtda öz həllini tapsın. Rayon rəhbəri sonda bir daha aidiyyəti üzrə ayrı-ayrı müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Facebook-da paylaş