Qazaxda “Təhsil və mədəniyyətin vəhdəti: Nümunələr və yeni missiya” mövsuzunda konfrans keçirilib
Oktyabrın 7-də ADA Universitetinin təşkilatçılığı ilə “Təhsil və mədəniyyətin vəhdəti: Nümunələr və yeni missiya” mövsuzunda konfrans keçirilib.
Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində keçirilən konfransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, ADA Universitetinin rektoru Hafiz Paşayev, Universitetin Strategiya və İnkişaf üzrə prorektoru Vəfa Kazdal, Qazax Müəllimlər Seminariyası İdarə heyətinin üzvü Qalib Məmməd, Azərbaycan Respublikasının Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasnın prezidenti Məmməd Musayev, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Murad Hüseynov, Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev, AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov, “NEQSOL Holding”in baş icraçı direktoru Yusif Cabbarov, “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev, “PMD Group” MMC-nin baş icraçı direktoru Ruslan Mikayılov, ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev, yazıçı, araşdırmaçı-publisist Şəmistan Nəzirli, Şəki-Zaqatala, Şirvan-Salyan, Şərqi Zəngəzur, Quba-Xaçmaz, Qazax-Tovuz, Qarabağ, Mil-Muğan, Mərkəzi Aran, Lənkəran-Astara, Gəncə-Daşkəsən, Dağlıq Şirvan Regional Təhsil İdarələrinin müdirləri, Vətən Müharibəsi Qəhrəmanı mayor Nicad Bədəlov, Vətən müharibəsi iştirakçısı Cəlal Bayramov, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri. övladları, təhsil işçiləri, ziyalılar, digər qonaqlar, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanını ziyarət edərək memorial önünə gül dəstələri düzüb, şəhidlərimizin əziz xatirəsini ehtiramla anıblar.
Tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən igid Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, üçrəngli Azərbaycan Bayrağı gətirilərək ən ali kürsüdə qoyulub.
Firudin bəy Köçərli və Badisəba xanım haqqında, eləcə də Qazax Müəllimlər Seminariyasının əvvəlki vəziyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, səmimi ürək sözlərini bölüşüb. İcra başçısı qeyd edib ki, “Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm” deyən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuşdur. Bugünkü müstəqil Azərbaycan və onun əldə etdiyi uğurlar isə Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin şah əsəridir. Bu gün hər birimiz qürurla deyə bilirik ki, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. Rayon rəhbəri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşırdı. Rayon rəhbəri XIX əsrin sonları, XX əsrin əvvəllərində Çar Rusiyasında fəaliyyət göstərən Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin varisi olan Qazax Müəllimlər Seminariyasının milli irsimizin gözəl yadigarlarından biri kimi bütün azərbaycanlıların qürur mənbəyi olduğunu söyləyib. Qori Seminariyasının Azərbaycan şöbəsi fəaliyyətdə olduğu dövrdə (1879-1918) Azərbaycan maarifinin, elm və mədəniyyətinin qızıl fondunu təşkil edən 250-dən artıq əsl xalq müəllimi yetişdirdiyini vurğulayıb. İcra başçısı bildirib ki, maarifçilərimiz Qori Seminariyasının Azərbaycan şöbəsini Vətənə gətirmək üçün çox cəhd etdilər. Məhz Qori Seminariyasının öncə məzunu, sonra müəllimi olan Firudin bəy Köçərli Azərbaycan şöbəsini fədakarcasına Gürcüstandan Vətənə köçürə bilmişdir. Firudin bəy Köçərli böyük şəxsiyyət, maarifçi və pedaqoq idi. Firudin bəy Köçərlinin rəhbərliyi ilə Qazaxda fəaliyyətə başlayan Müəllimlər Seminariyası 1918-ci il noyabrın 10-da milli təhsil tariximiz üçün əhəmiyyətli hadisə olan Qazax Müəllimlər Seminariyasında ilk dərsin başlandığını xəbər verən zəng çalınır. Seminariyanın açılış mərasimi Qazaxdakı keçmiş seminaristlər, yerli ziyalılar və xalq tərəfindən böyük sevinclə qarşılanır. Beləliklə, Qazax Müəllimlər Seminariyası bütün fənlərin ana dilində tədris edildiyi təhsil müəssisəsi kimi fəaliyyətə başlayır. Hələ F.Köçərlinin sağlığında Qazax Müəllimlər Seminariyasına daxil olan Səməd Vurğun, Mehdi Hüseyn, Osman Sarıvəlli, Seyfulla Şamilov, Möhsün Poladov, İsmayıl Şıxlı kimi böyük şəxsiyyətlər, yüzlərlə məşhur alim, müəllim həmin seminariyanın görkəmli məzunları olmuşlar. İcra başçısı çıxışında qeyd edib ki, “Təhsil millətin gələcəyidir. Mən dünyada müəllimdən yüksək ad tanımıram” məşhur ifadələrin müəllifi Ulu Öndər Heydər Əliyev Qazax Müəllimlər Seminariyasının tarixi əhəmiyyətini vurğulayaraq “Qazax Müəllimlər Seminariyasının xalqımızın mədəni həyatında oynadığı böyük rolu danılmazdır. Onun təməli üzərində neçə-neçə təhsil ocaqları yaranıb inkişaf etmişdir. Bu təhsil məbədi özündən sonra böyük mədəni irs qoymaqla adını Azərbaycan maarifi tarixinə əbədi həkk etmişdir. Əminəm ki, müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinin neçə-neçə nəsli də bu zəngin irsdən bəhrələnəcəkdir” fikirlərini ifadə etmişdir. İcra başçısı Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan təhsil siyasətinin bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. Təhsilin inkişafına xüsusi önəm verildiyini, maddi-texniki bazanın qurulması, gənclərin dünyanın aparıcı universitetlərində təhsil alması üçün lazımi addımlar atıldığını söyləyib. Azərbaycan elminə, təhsilinə, incəsənət və mədəniyyətinə hər zaman yüksək önəm vermiş, neft kapitalının insan kapitalına çevrilməsini ölkənin inkişaf strategiyası kimi dəyərləndirən Prezident İlham Əliyevin Azərbaycanın tarixində müstəsna yeri olan Qazax Müəllimlər Seminariyasının yaradılmasının 100 ilik yubileyinin qeyd edilməsi ilə bağlı 3 noyabr 2018-ci il tarixli Sərəncamını təhsil sahəsinə olan dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndirib. İcra başçısı çıxışı zamanı Azərbaycan təhsilinə böyük töhfələr verən, fəaliyyətə başladığı ilk gündən Azərbaycan elminə yeniliklər gətirən, beynəlxalq səviyyədə özünə məxsus yeri olan ADA Universitetinin də təhsilin inkişaf etdirilməsi istiqamətində mühüm layihələr, tədbirlər həyata keçirdiyini qeyd edib. 2021-ci ildə ADA Universitetinin "Bir müəllimin manifesti” təhsil layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyası binasının yenidən qurulmasını bu sahədə olan işlərin əyani sübutu kimi dəyərləndirib. Qazax Müəllimlər Seminariyasının binasını qısa müddət ərzində bərpa etməklə ali təhsil ocağının yenidən öz tarixi missiyasını özünə qaytardığını söyləyib. İcra başçısı “Bir müəllimin manifesti” təhsil layihəsinə Qazaxdan başlanılmasını, Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzinin yaradılmasını əslində Azərbaycanda maarifçilik irsimizin və seminariyadan aldığımız milli qürurumuzun bərpası kimi qeyd edib. Təhsilimizin incisi olan Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzinin öz tarixi missiyasını daha geniş şəkildə yenidən davam etdirəcəyini söyləyib. İcra başçısı sonda Qazax Müəllimlər Seminariyasının tarixi binasının əsaslı şəkildə yenidən qurulmasına və bərpa olunmasına görə ADA Universitetinin rektoru Hafiz Paşayevə və Universitetin kollektivinə, əməyi keçən insanlara qazaxlılar və ziyalılar adından bir daha minnətdarlığını bildirib.
Qazax Müəllimlər Seminariyası İdarə heyətinin üzvü Qalib Məmməd çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb. “Təhsil və mədəniyyətin vəhdəti: Bizdən ancaq nümunə göstərmək lazım idi”, “Qazax Müəllimlər Seminariyası 100 ildən sonra: Yeni tədris kompleksi və perspektivləri” mövzuları ətrafında fikirlərini səsləndirib. 2 il əvvəli tədbir iştirakçılarına bir daha xatırladan Q.Məmməd 2021-ci ilin 1 oktyabr tarixində Qazax Müəllimlər Seminariyasının qarşısında ADA Universitetinin tərəfdaşlarının iştirakı ilə niyyət protokolu imzalandığını, “Bir müəllimin manifesti”nin məhz Qazaxdan başlandığını söyləyib. 100 il sonra ADA Universiteti olaraq Firudin bəy Köçərlinin, Badisəba xanımın, Məşədi İbrahim ağanın ənənələrini davam etdirdiklərini vurğulayıb. Q.Məmməd Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi tərəfindən qarşıda duran vəzifələr, həyata keçiriləcək layihələr barədə ətraflı məlumat verərək təhsilin inkişafı naminə böyük işlərin görüləcəyini vurğulayıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsindən, 44 günlük haqq savaşında əldə etdiyimiz tarixi nailiyyətdən söz açan natiq xalqımızın o anları bu gün də qürurla xatırladığını bildirib. Qazandığımız tarixi Qələbəyə görə Müzəffər Ali Baş Komandana, Vətən yolunda canlarını fəda edən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə minnətdar olduğumuzu dilə gətirib. Bugünkü tədbirdə Vətən Müharibəsi Qəhrəmanı mayor Nicad Bədəlovun, Vətən müharibəsi iştirakçısı Cəlal Bayramovun, Vətən müharibəsi şəhidləri - çavuş Veyisli Xaliddin Zərgər oğlunun övladları Fəqan və Jalənin, gizir İsmayılov Tahir Niyazi oğlunun övladı Niyazinin iştirak etdiyini, onların hər birinin bizim qürur yerimiz, fəxrimiz olduğunu qeyd edib. Şəhidlərimizin övladlarına sahib çıxmağın hər birimizin vətəndaşlıq borcu olduğunu söyləyib. ADA Universitetinin kollektivi olaraq hər zaman igid Vətən oğullarının övladlarına sahib çıxmağa hazır olduqlarını, daim onların yanında olacaqlarını diqqətə çatdırıb.
Sonra ADA Universitetinin Strategiya və İnkişaf üzrə prorektoru, Qazax Müəllimlər Seminariyası İdarə heyətinin üzvü Vəfa Kazdalın moderatorluğu ilə “Bir müəllimin manifesti”: Müəllimlərin peşəkar inkişafında perspektivləri” mövzusunda dəyirmi masa keçirilib.
ADA Universitetinin Xarici Əlaqələr və Tələbə İşləri üzrə prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə “Bir sahibkarın manifesti: Təhsildə və mədəniyyətdə xeyriyyəçilik ənənələrinin dirçəlişi” mövzusunda panel müzakirə olub.
Tədbirdə məzunlara ADA Universiteti və Təhsil İnstitutunun Diplomları, Sertifikatlar təqdim olunub. Yeni BMM müəllimləri təqdim edilib. ADA Universitetinin rektoru Hafiz Paşayev və Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov BMM-2022 məzunlarına diplomlarını təqdim ediblər. Sponsorlar Təşəkkür mükafatı ilə təltif olunublar.
Sonda Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında bədii proqram təşkil olunub.
Gənc aşıq Samir Cəlaloğlunun çıxışı tədbirə xoş ovqat qatıb.
Facebook-da paylaş