Qazaxda “Heydər Əliyev İli” çərçivəsində "Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır" mövzusunda toplantı keçirilib
Sentyabrın 20-si Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramıdır. Azərbaycanın bugünkü inkişafının təməl daşı kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanmasından 29 il ötür. 1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın 11 transmilli şirkəti ilə imzalanan “Əsrin müqaviləsi” regionda, eləcə də postsovet məkanında qarşılıqlı etimadın və geniş əməkdaşlığın təməlini qoydu. Məhz bu müqavilə ölkəmizin neft-qaz sənayesinin, ümumilikdə Azərbaycanın bugünkü və gələcək inkişafının başlanğıcı oldu. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamına əsasən, müqavilənin imzalandığı tarixin – 20 sentyabrın Azərbaycanda Neftçilər Günü kimi qeyd olunması səbəbsiz deyil. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində “Əsrin müqaviləsi”nin rolu böyükdür.
Sentyabrın 18-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır" mövzusunda toplantı keçirilib.
Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Qazax RİH başçısının İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri, Bələdiyyə sədrləri, ziyalılar, şəhid ailələri, müharibə əlilləri, KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla anıblar.
Mərkəzdə davam edən tədbirdə Ulu Öndərin həyat və fəaliyyətini özündə əks etdirən sərgiyə baxış olub.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Əsrin müqaviləsi”nin imzalanmasını, onun gerçəkləşməsini, müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsini özündə əks etdirən “Əsrə bərabər gün - Əsrin müqaviləsi” filmi nümayiş etdirilib.
Tədbirin aparıcısı, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, ürək sözlərini bölüşüb. C.Hüseynova qeyd edib ki, Azərbaycan dünyada zəngin təbii sərvətlərə malik ölkələrdən biridir. Ancaq etiraf etməliyik ki, xalqımız bu sərvətlərdən biri olan neftdən yalnız XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra tam bəhrələnmək imkanı əldə edib. Bu imkanı reallığa çevirən isə Ulu Öndər Heydər Əliyev və onun müəllifi olduğu uğurlu neft diplomatiyasıdır. 29 il öncə 1994-cü il sentyabrın 20-də ölkədə misli görünməmiş iqtisadi inkişafa yol açmış və Azərbaycanı nəhəng enerji mərkəzinə çevirən “Əsrin müqaviləsi” neft kontraktı imzalandı. Bildirib ki, Heydər Əliyev erası Azərbaycanın təbii sərvətlərindən coğrafi strateji mövqeyindən milli mənafelərə uyğun istifadə edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin imzalanması və həyata keçirilməsi dövrüdür. Heydər Əliyev özü “Əsrin müqaviləsi” haqqında belə deyirdi: “Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır. Və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”. “Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltmməkdən ibarətdir”, - deyirdi Ulu Öndər. Doğrudan da Azərbaycanın neft sənaysinin, ümumiyyətlə, iqtisadiyyatının inkişafında yeni dövrün əsasını qoyan “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanmış iş XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdi. Artıq bu gün Azərbaycan regionun lider dövlətidir və iqtisadiyyatının inkişafında neft amilinin böyük rolu var. Artıq neftdən əldə olunan gəlir qeyri-neft sektorunun inkişafına yönəldilir ki, bu da ölkə iqtisadiyyatının bütünlüklə çiçəklənməsi deməkdir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Ulu Öndərin 100 illik yubileyi ilə bağlı səmimi ürək sözlərini və təbriklərini bölüşən icra başçısı ölkə Prezidenti tərəfindən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunmasını dahi şəxsiyyətin yubileyinə ən böyük töhfə olduğunu söyləyib. Rayon rəhbəri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizdə, o cümlədən Qazax rayonunda silsilə tədbirlərlə qeyd olunduğunu, "Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır" mövzusunda keçirilən tədbirin həmin silsilə tədbirlərin davamı olduğunu bildirib. Rayon rəhbəri qeyd edib ki, qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan ötən əsrdə ikinci dəfə əldə etdiyi müstəqilliyinin ən şərəfli dövrünü yaşayır. Bu yolun başlanğıcı çox mürəkkəb və keşməkeşli oldu: ölkəmiz siyasi, iqtisadi, sosial böhran keçirdi, vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdi, torpaqlarımız işğala məruz qaldı, yüz minlərlə soydaşımız öz dədə-baba yurdundan didərgin düşdü. Azərbaycanı bu bəladan xilas etmək, iqtisadi böhranlardan qorumaq üçün qüdrətli bir əl, dərin zəka, güclü məntiqə malik bir şəxsiyyət lazım idi. Belə bir şəxsiyyət isə Heydər Əlirza oğlu Əliyev idi. Məhz bu ağır dönəmdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını şərəflə yerinə yetirərək müstəqil dövlətçiliyimizin yenidən itirilməsinin qarşısını aldı, milli inkişaf strategiyasını müəyyənləşdirdi və onu bütün istiqamətlər üzrə ardıcıllıqla reallaşdırmağa başladı. Rayon rəhbəri vurğulayıb ki, Ulu Öndər Azərbaycanın neft hasilatının qısa müddətdə artırılması üçün bütün lazımi addımlar atırdı. Elə onun nəticəsidir ki, 1971-ci il martın 28-də Azərbaycanın neft hasilatı tarixində 1 milyardıncı ton “qara qızıl” çıxarıldı. Ümummilli Lider Heydər Əliyev ölkənin inkişafı istiqamətində gördüyü işlər, qəbul etdiyi cəsarətli qərarlar, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, infrastruktur obyektlərin tikintisi bir neçə onillikdən sonra müstəqillik əldə edəcək respublikamızın gələcəyinə və inkişafına hesablanmış məqsədyönlü addımları bütün mərhələlərdə qorumuşdur. Bu məqsədyönlü addımlardan biri də “Əsrin müqaviləsi”nin imzalanması idi. "Əsrin müqaviləsi"nin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Bildiyiniz kimi, “Əsrin müqaviləsi” 1994-cü il sentyabrın 20-də Bakıdakı “Gülüstan” sarayında imzalanmışdır. Dənizin dərinliyində yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında 400 səhifəlik bu müqavilə 4 dildə tərtib edilmişdir. “Əsrin müqaviləsi”ndə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 27 sazişin imzalanmasına yol açdı. İcra başçısı qeyd edib ki, Azərbaycanın neft sənayesinin, ümumiyyətlə, iqtisadiyyatının inkişafında yeni dövrün əsasını qoyan “Əsrin müqaviləsi”nin imzalanması ilə başlamış iş XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdi. Müqavilənin bağlanmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev misilsiz rol oynamışdır. Xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qaydışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev Azərbaycanı siyasi böhrandan çıxarmaqla yanaşı, iqtisadi böhrandan da çıxarmaq üçün öz ideyalarını həyata keçirməyə başladı. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafeyini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya nümayiş etdirdi, dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi. “Əsrin müqaviləsi” Azərbaycanın hərtərəfli və sürətli inkişafı üçün zəmin yaratdı. Ölkə Prezidenti İlham Əliyevin səsləndirdiyi “Bizim məqsədimiz təkcə neft hasil etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətin həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir” fikirlərini tədbir iştirakçılarına çatdıran icra başçısı əsası Ulu Öndər tərəfindən qoyulan neft strategiyasının uğurla davam etdirildiyini qeyd edib. İcra başçısı bildirib ki, ilkin olaraq 1995-ci ildə bu layihəyələrə 100 milyona qədər, 1996-cı ildə isə 600 milyon dollar vəsait qoyuldu. İndiyə kimi bu layihəyə 2,5 milyard dollar sərmayə qoyulmuşdur. “Əsrin müqaviləsi”nin imzalanması və uğurla həyata keçirilməsi istiqamətində görülmüş işlər nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu xeyli yüksəlmişdir. İlkin neftin hasil olunması Azərbaycanı dünyanın neft ixrac edən ölkəsinə çevirdi. Birinci növbədə, 1995-ci ildə ilkin neft hasilatı çərçivəsində Çıraq-1 özülü dünya standartlarına uyğun olaraq bərpa edildi. 1997-ci ildə Çıraq yatağından neft hasilatına başlandı. 1997-ci ildə şimal istiqamətində Bakı-Novorossiysk neft kəməri bərpa və inşa edildi. 1999-cu ildə Qərb istiqamətində Bakı-Supsa neft boru kəməri istifadəyə verildi. 2006-cı ilin iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihələrindən biri olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Bu kəmərin texniki-iqtisadi əhəmiyyətindən başqa, onun siyasi rolu da böyükdür. Belə ki, bu neft kəməri dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin genişləndirilməsinə təkan vermiş, Azərbaycanın xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə şərait yaratmışdır. “Əsrin müqaviləsi”nin Azərbaycan xalqına, dövlətinə verdiyi nailiyyətləri diqqətə çatdıran icra başçısı bildirib ki, 1994-cü ildə bağlanmış müqavilə ölkədə sabitliyi təmin etdi, Azərbaycanın hərtərəfli və sürətlə inkişaf etməsi üçün zəmin yaratdı. Müqavilə uzunmüddətli yatırımlar tələb etdiyi üçün xarici şirkətlərin və onların təmsil etdiyi dövlətlərin stabil investisiya mühitinin qorunmasında maraqları artırdı. Bütün aparıcı beynəlxalq sərmayədarların layihələrə daxil edilməsi Azərbaycanın dünyanın böyük güclərinin geosiyasi maraqlarını balanslaşdıran xarici siyasət məqsədlərinə xidməti artırdı. “Əsrin müqaviləsi” yenidən Azərbaycanı dünyanın neft xəritəsinə yerləşdirdi. Müqavilə Azərbaycanın qlobal neft bazarına çıxmasına şərait yaratdı və dövlət büdcəsi üçün böyük həcmdə gəlir mənbəyi yaratdı. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər neft mühəndisliyi sahəsində yerli kadrların hazırlanmasına böyük dəstək verdilər. “Əsrin müqaviləsi” ilə müstəqilliyini bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. “Əsrin müqaviləsi”nin imzalanmasına həsr olunmuş təntənəli mərasimdə çıxış edərkən Ulu Öndər Heydər Əliyevin söylədiyi “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu bütün dünyaya nümayiş etdirdik. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil olduğunu, xalqımızın öz sərvətinə sahib olduğunu bütün dünyaya nümayiş etdirdik. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş ölkələri, onların ən böyük şirkətləri arasında əlaqələr yaratdıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrin Azərbaycana investisiya qoyması üçün böyük yol açdıq” fikirlərini xatırladan rayon rəhbəri bu gün bunun əyani şahidi olduğumuzu söyləyib. Rayon rəhbəri qeyd edib ki, Respublika Prezidenti İlham Əliyev təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasını uğurla inkişaf etdirir. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra İlham Əliyev bu sahəyə xüsusi diqqət ayırmış və bu sahənin inkişafına dair müvafiq Fərman və Sərəncamlar imzalamışdır. 2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda imzalanan, Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və neft hasilatının pay bölgüsü haqqında yenidən tərtib olunmuş saziş isə tarix səhifəsinə “Yeni əsrin müqaviləsi” kimi yazıldı. Beləliklə, “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadıldı. Bu çox böyük əhəmiyyətə malik bir hadisədir. Azərbaycanın gələcək inkişafı üçün, maliyyə imkanlarının genişlənməsi nöqteyi-nəzərindən bu Sazişin çox böyük əhəmiyyəti vardır. Müqavilənin müddətinin uzadılması onu göstərir ki, xarici dövlətlər və şirkətlər Azərbaycanı ciddi və etibarlı tərəfdaş kimi qəbul edirlər. Bu bir daha sübut edir ki, Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür. Bu gün ölkəmiz üç əsas ixrac boru kəməri - Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Novorossiysk və Bakı-Supsa vasitəsilə neftini, Cənubi Qafqaz boru kəməri, Trans Anadolu Qaz Boru Kəməri - TANAP, Trans Adriatik Boru Kəməri - TAP və digərləri ilə təbii qazını Avropaya ixrac edir. 29 may 2018-ci il tarixdə Respublika Prezidenti İlham Əliyevin iştirakı ilə daha bir mühüm layihənin – “Cənub Qaz Dəhlizi”nin açılış mərasimi keçirildi. Bu ölkəmizin tarixində çox mühüm bir tarixi gündür. Bu vaxta kimi layihənin reallaşmasına 40 milyard dollardan artıq sərmayə qoyulmuş və qoyulacaqdır. “Əsrin müqaviləsi” Azərbaycanın XX əsrdə imzaladığı böyük bir müqavilədirsə, “Cənub Qaz Dəhlizi” XXI əsrin nəhəng razılaşmalarından biridir. Bu layihə yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini təmin edərək çoxşaxəli enerji marşurutları sisteminin yaradılmasına şərait yaradır. Respublika Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən bu siyasətin əsas uğuru Azərbaycanın da daxil olduğu Avropanın enerji təhlükəsizliyini təmin edəcək məkanın formalaşmasıdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması ölkəmizin beynəlxalq nüfuzunu artırır, ölkəmizə olan iqtisadi və siyasi marağı daha da gücləndirir. Bu layihələrin həyata keçirilməsi onu göstərir ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır və bu layihələrin reallaşması ölkəmizdə neft-qaz sənayesinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. İcra başçısı bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalçı qüvvələri hərbçilərimizə və mülki əhaliyə qarşı növbəti təxribata əl atanda Ali Baş Komandan düşmənə əks-hücumla cavab vermək və ərazilərimizi işğaldan azad etmək barədə qəhrəman Azərbaycan Ordusuna qəti əmr verərək, döyüş əməliyyatlarına rəhbərliyi şəxsən öz üzərinə götürdü. Xalqımız və bütün dünyadakı azərbaycanlılar 44 gün Ali Baş Komandandan qələbə xəbərləri gözlədilər və bu xəbərləri sevinclə, qürurla qarşıladılar. Lider-xalq, xalq-ordu birliyi Zəfərə gedən yolun möhkəm zəmini oldu. Bu birlik Prezident İlham Əliyevə ümumxalq etimadın, onun qəbul etdiyi qərarlara inamın növbəti təzahürü idi. İcra başçısı vurğulayıb ki, Qələbəni yaxınlaşdıran və mümkün edən amillər çoxdur: ilk növbədə, Ulu Öndər Heydər Əliyevin müstəqil dövlət quruculuğundakı nailiyyətlərini, sosial-iqtisadi islahatlarını, neft strategiyasını, güclü ordu yaratmaq istiqamətində fəaliyyətini və təbii ki, tamamlaya bilmədiyi işləri başa çatdırmağa qadir lider yetişdirməsini və onun siyasi hakimiyyətə gəlişinə dəstək verməsini qeyd etmək lazımdır. Bu təməl üzərində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çoxşaxəli fəaliyyətinin nəticəsi olaraq Azərbaycanın bütün sahələrdə, xüsusən də iqtisadi, hərbi və beynəlxalq müstəvilərdə əldə etdiyi üstünlüklər Ermənistanın məğlubiyyətini qaçılmaz etdi. Bu qələbənin baş memarı isə illər öncə güclü Azərbaycan dövlətinin banisi olan Ümummilli Lider Heydər Əliyevdir. İcra başçısı bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlının Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr etdiyini, qürur duyduğunu söyləyib. İcra başçısı qeyd edib ki, Prezident İlham Əliyevin səsləndirdiyi kimi, “Biz bundan sonra qürür hissi ilə yaşayacağıq, müzəffər xalq, güclü dövlət, yenilməz ordu, güclü iradə sahibi kimi!”.
Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, mühüm əhəmiyyət daşıyan tədbirin təşkilinə görə rayon rəhbərliyinə razılığını ifadə edib. A.Nəbiyev qeyd edib ki, ölkə Prezidentinin müvafiq Sərəncamı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması müdrik xalqımızın öz böyük oğluna hörmət və ehtiramının, sevgi və sədaqətinin təcəssümüdür. A.Nəbiyev bildirib ki, bu gün davamlı inkişaf yolunda inamla irəliləyən, müasir, müstəqil, güclü, qalib ölkə kimi tanınan Azərbaycan Ulu Öndərin həyat amalının təntənəsidir. Ulu Öndərin misilsiz xidmətlərindən, mənalı və şərəfli ömründən, titanik fəaliyyətindən danışanda qürurlanmamaq əldə deyil. Bu tarixi Sərəncam da bizə imkan yaradır ki, dahi şəxsiyyətin illərə sığmayan titanik fəaliyyətini, misilsiz xidmətlərini daha dərindən öyrənək, mənimsəyək və gələcək nəsillərə təbliğ edək. "Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır" mövzusunda keçirilən tədbir də bu məqsədə xidmət edir. Ulu Öndərin bu sahədə olan xidmətlərini gələcək nəsillərə çatdırmaq üçündür.
Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Yusifov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, ürək sözlərini bölüşüb. M.Yusifov qeyd edib ki, Ulu Öndərin düşünülmüş siyasətinin nəticəsi olan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın bugünkü uğurlarının təməlinin qoyulması demək idi. Bu o müqavilədir ki, Ulu Öndərin siyasi iradəsi hesabına ərsəyə gəldi və müstəqil Azərbaycanın dünya birliyindəki yerini müəyyən etdi. M.Yusifov bu gün ölkəmizdə, bölgələrimizdə, o cümlədən Qazaxda aparılan abadlıq-quruculuq işlərinin, həyata keçirilən sosial layihələrin təməlində "Əsrin müqaviləsi”nin dayandığını bildirib və buna görə hər zaman Ulu Öndərə minnətdar olduğumuzu dilə gətirib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Çobanov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, fikirlərini bölüşüb. S.Çobanov Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində olan misilsiz xidmətlərindən söz açaraq keçmiş hərbçi kimi bunun şahidi olduğunu söyləyib. 1971-ci ildə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunu olduğu üçün özünü qürurlu və şanslı hesab etdiyini bildirib. Bu liseyin yaradılmasını dahi şəxsiyyətin ordu quruculuğu sahəsindəki ən böyük uğurlarından biri hesab etdiyini qeyd edib. Həmin liseyin məzunu olmuş hərbçilərimizin istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsində əsl qəhrəmanlıq nümunəsi göstərdiklərini söyləyib. Bu gün qürurla səsləndiririk ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi Qələbə qazanmış xalqın nümayəndələriyik. Və bu gün onu da yaddan çıxarmırıq ki, qazandığımız bütün uğurların təməlində Ulu Öndərin misilsiz fəaliyyəti, xidmətləri dayanır. Biz bütün uğurlarımıza görə dahi şəxsiyyətə borclu və minnətdarıq.
“Azərsığorta” Dövlət Şirkəti Qazax rayon filialının sədri Mübariz Abdullayev çıxış edərək tədbirin təşkilinə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Xalqımızın və dövlətimizin həyatında dönüş nöqtəsi hesab edilən ”Əsrin müqaviləsi”nin bundan sonra da uzunmüddətli olacağını bildirib. Nə qədər Azərbaycan xalqı var Heydər Əliyev adının Azərbaycanla qoşa çəkiləcəyini, xalqının öz böyük oğlunu heç zaman unutmayacağını söyləyib.
Qazax-Tovuz Regional Gənclər və İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək ”Əsrin müqaviləsi”nin tarixi əhəmiyyəti barədə fikirlərini bölüşüb. Ə.Məsmalıyev Ulu Öndər Heydər Əliyevin tarix yaradan şəxsiyyət olduğunu qeyd edərək Onun xalqımızın qəlbində əbədi yaşadığını bildirib. Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəldiyi dövrdən bu yana Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmləndirilməsi naminə əlindən gələni əsirgəmədiyini, dövlətimizin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirdiyini qeyd edib. ”Əsrin müqaviləsi”nin imzalanmasının da məhz həmin zəruri tədbirlərdən biri olduğunu və ölkəmizə yeni imkanlar açdığını vurğulayıb.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair Zaməddin Ziyadoğlu çıxış edərək tədbir iştirakçılarını salamlayıb, müxtəlif dövlərdə beş dəfə Ulu Öndər Heydər Əliyevlə görüşmüş bir ziyalı kimi bugünkü tədbirdə iştirak etməkdən, xalqın böyük oğlu haqqında fikir bildirməkdən məmnunluq hissi duyduğunu qeyd edib. Ulu Öndər Heydər Əliyevin şah əsərlərindən biri olan “Əsrin müqaviləsi”nin bağlanması ilə Azərbaycan dövlətinin neft sahəsində qazandığı uğurların təməlinin qoyulduğunu bildirib. “Fəxr edirəm ki, Heydər Əliyev kimi dahi şəxsiyyəti olan bir xalqın nümayəndəsiyəm. Qürur duyuram ki, bir neftçi kimi Ulu Öndərlə və onun layiqli davamçısı Prezident İlham Əliyevlə çiyin-çiyinə çalışmışam”, - deyən Z.Ziyadoğlu xalqımızın böyük oğlunu unutmadığını və bundan sonra da unutmayacağını qeyd edib.
Facebook-da paylaş