• Təqvim

  • Maraq



İcra başçısının vətəndaşlarla keçirilən növbəti səyyar görüşü Çaylı kəndində olub


Prezident İlham Əliyevin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, vətəndaş amili, vətəndaş məmnunluğu dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Dövlət başçısının tapşırıq və tövsiyəsinə əsasən şəhər və rayonlarda sakinlərlə keçirilən səyyar qəbulların arxasında da vətəndaş mövqeyi dayanır.

Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da olduğu kimi icra olunur. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.

Aprel ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüş Çaylı kəndində olub. Aprelin 13-də Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbdə keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak ediblər. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, hər zaman olduğu kimi, bugünkü səyyar görüşün də əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu vurğulayıb. Rayon rəhbəri bütün kəndlərdə olduğu kimi, Çaylı kəndində yaşayan sakinlərə, onların qaldırdıqları məsələlərə qayğı ilə yanaşıldığını bildirib.

Rayon rəhbəri dövlət başçısının qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlardan söz açaraq Qazaxda uğurla icra olunduğunu, son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhli kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu kimi qeyd edib. Rayon rəhbəri bu gün təmirli yollar sırasında Çaylı avtomobil yolunun olmasını bu kənddə yaşayan sakinlərə olan qayğı kimi qeyd edib. Həmçinin, kənddə ara yolların da asfaltlandığını söyləyib. 

Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin genişləndirilməsi istiqamətində görülmüş işlərdən söz açan icra başçısı Çaylı kəndində əkin sahəsinin artdığını qeyd edib. Rayon rəhbəri 2016-cı ildən bu yana kənddə əkin sahəsinin 997 hektardan 1137 hektara çatdırıldığını söyləyib. 

Əvvəlki illərdə olduğu kimi, rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2023-cü ildə də davam etdiriləcəyini söyləyib. Bu gün kənddə 34 ədəd subartezian quyusunun sakinlərin istifadəsinə verildiyini bildirib. Xüsusən də şəhərin su-kanalizasiya sistemi istifadəyə verildiyi üçün köhnə suyun rayonun bir neçə kəndinə, o cümlədən də Çaylı kəndinə ayrıldığını qeyd edib. 


Rayon rəhbəri kənddə tibb məntəqəsi ilə bağlı məsələnin də müsbət həll olunduğunu, yeni məntəqə inşa edildiyini bildirib. Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin təmir olunduğunu diqqətə çatdırıb. İcra başçısı son illər Qazaxda uşaqlara göstərilən qayğıdan da söz açıb. Həmin qayğının bariz nümunəsi olaraq bu gün rayonda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyədə olmasını göstərib. İcra başçısı qeyd edib ki, bu gün rayonda 14 kənddə bağça yoxdur ki, həmin kəndlərdən biri də məhz Çaylı kəndidir. İcra başçısı bu məsələnin də daim gündəmdə olduğunu diqqətə çatdırıb. Təhsil sahəsinə göstərilən dövlət qayğısının daha bir bariz nümunəsi kimi ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsini göstərib. 

2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında tarixi Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsindən söz açan icra başçısı xalq olaraq şanlı qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da 52 nəfər igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını, onlardan 3 nəfərinin Çaylı kəndindən olduğunu bildirib. Birinci Qarabağ müharibəsində şəhid olan 20 nəfər qəhrəman Vətən oğlunun, eləcə də 3 nəfər Vətən müharibəsi şəhidinin xalqımızın, qazaxlıların, doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını qeyd edib. Birinci Qarabağ müharibəsində 13 nəfərin müharibə əlili olduğunu söyləyib. 44 günlük Vətən müharibəsində Çaylı kəndindən 79 nəfərin iştirak etdiyini, onlardan 31 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu vurğulayıb. Vətən müharibəsində 34 nəfərin yaralandığını, 6 nəfərin müharibə əlili olduğunu söyləyib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Qazaxda bütün şəhidlərimizin, eləcə də Vətən müharibəsi şəhidlərinin daim yad olunacağını, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. 

Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 92 nəfərin “Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 3 nəfərin şəhid ailəsi, 22 nəfərin Vətən müharibəsi iştirakçısı və ailə üzvü, müharibə əlili, 67 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Çaylı kəndində də SİP kabelləşmənin başa çatdırılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini, eləcə də rabitə xəttinin yenilənəcəyini, optik internet xəttinin çəkiləcəyini bildirib.


Rayon rəhbəri narkomaniya və erkən nikahın törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Narkomaniya və erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin bu işlərdə səfərbər olmasını tövsiyə edib.

Kənd sakinlərindən Qəzənfər Qocayev, Camoy Qurbanov və başqaları çıxış edərək respublikamızda, Qazax rayonunda, eləcə də rayonun kəndlərində görülən genişmiqyaslı işlərə görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Rayonda, o cümlədən Çaylı kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuq işlərinə, sosial problemlərin müsbət həllini tapmasına görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. 

Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin kənddə SİP kabelləşmə işlərinin davam etdirilməsi, 7 mindən çox əhalisi olan kənddə əlavə subartezian quyusunun qazılması və s. bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını, lazımi addımlar atılacağını bildirib.

 

GOYEZEN.AZ



Facebook-da paylaş