• Təqvim

  • Maraq



Vətəndaşlarla keçirilən növbəti səyyar görüş Çaylı kəndində olub

Ölkə Prezidenti İlham Əliyevin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir məqsədə xidmət edir ki, o da vətəndaş məmnunluğu, vətəndaş amilidir. Həyata keçirilən bütün işlərin arxasında hər zaman vətəndaş mövqeyi dayanır. Dövlət başçısının tapşırıq və tövsiyəsinə əsasən şəhər və rayonlarda sakinlərlə keçirilən səyyar qəbullar da məhz bu məqsədi daşıyır.

Məlum koronavirus (COVID-19) infeksiyasının yayılması səbəbindən şəhər və kəndlərdə keçirilən səyyar görüşlər 2 illik fasilədən sonra Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminin tələb və tövsiyələri nəzərə alınmaqla 2022-ci ilin mart ayından etibarən yenidən bərpa edilib.

Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da olduğu kimi, icra olunur. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə mart ayından başlayaraq Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.

Mart ayı üzrə keçirilən növbəti səyyar görüş ayın 31-də rayonun Çaylı kəndində olub. Rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, kənd sakinlərinin iştirak etdiyi səyyar görüşdə dövlət başçısı tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğıdan, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlardan söz açılıb.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, hər zaman olduğu kimi, bugünkü səyyar görüşün də əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləməyə, həlli istiqamətində əməli işlər görməyə, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmağa yönəldiyini vurğulayıb.

Rayon rəhbəri bütün kəndlərdə olduğu kimi, Çaylı kəndində yaşayan sakinlərə, onların qaldırdıqları məsələlərə qayğı ilə yanaşıldığını bildirib.

İcra başçısı ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında respublikamızda koronavirus (COVID-19) infeksiyası ilə mübarizə sahəsində görülən işlərin bu gün də uğurla davam etdirildiyini qeyd edib. Xüsusilə də əhalinin vaksinasiyası sahəsində olan işlərin rayonda uğurla aparıldığını, əhalinin peyvəndlənməsi sahəsində görülmüş işlərin nəticəsinə görə Qazaxın ön sıralarda dayandığını söyləyib. Məhz bu tədbirlər sayəsində əldə olunmuş nailiyyətlərə görə bu gün ölkəmizdə Operativ Qərargah tərəfindən xüsusi karantin rejimi çərçivəsində növbəti yumşalma tədbirləri barədə qərar qəbul edildiyini vurğulayıb.

 

İcra başçısı 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında tarixi Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsindən də söz açıb. Bu gün qəhrəman xalq olaraq şanlı qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Qazaxda bütün şəhidlərimizin, eləcə də Vətən müharibəsi şəhidlərinin daim yad olunacağını, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışan rayon rəhbəri Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılmasını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin xatirəsinə guşənin yaradılmasını, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin lövhələrinin vurulmasını, N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirələrini əbədiləşdirən Abidə Kompleksinin inşa olunmasını bu istiqamətdə atılan addımların əyani sübutu kimi qeyd edib.

Son illər rayonda, eləcə də Çaylı kəndində görülmüş işlərdən danışan icra başçısı hazırda qarşısında səyyar görüşün keçirildiyi Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin təmir olunduğunu, yeni asfalt yolun çəkildiyini bildirib.

Əvvəlki illərdə olduğu kimi, rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2022-ci ildə də davam etdiriləcəyini söyləyib. Xüsusən də şəhərin su-kanalizasiya sistemi istifadəyə verildikdən sonra köhnə suyun rayonun bir neçə kəndinə, o cümlədən də Çaylı kəndinə ayrılacağını qeyd edib.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb.

Rayon rəhbəri kənddə tibb məntəqəsi ilə bağlı məsələnin də müsbət həll olunduğunu, yeni məntəqə inşa edildiyini bildirib.

İcra başçısı son illər Qazaxda uşaqlara göstərilən qayğıdan da söz açıb. Həmin qayğının bariz nümunəsi olaraq bu gün rayonda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyədə olmasını göstərib. İcra başçısı qeyd edib ki, bu gün rayonda 14 kənddə bağça yoxdur ki, həmin kəndlərdən biri də məhz Çaylı kəndidir. İcra başçısı bu məsələnin də daim gündəmdə olduğunu diqqətə çatdırıb.

Daha sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Kənd sakinlərindən Qəzənfər Qocayev, Camoy Qurbanov çıxış edərək respublikamızda, Qazax rayonunda, eləcə də rayonun kəndlərində görülən genişmiqyaslı işlərə görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Rayonda, o cümlədən Çaylı kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuq işlərinə, sosial problemlərin müsbət həllini tapmasına görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər.

Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərdən Afət Pirverdiyevanın istifadəsində olan pay torpaq sahəsinin qanunsuz olaraq alınması, Arif Aslanovun əlillik dərəcəsinin bərpa olumasına köməklik, Məmməd Qocayevin kəndarası yollara sürət həddini bildirən yol nişanlarının qoyulması, kənd ərazisində üzərindən elektrik xətləri keçən ağacların budanması, Fərrux Sanıyevin kənddə qazılmış subartezian quysunun yerinin dəyişdirilməsi və s. bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirib. Qeyd edilən məsələlərin araşdırılması, yerində baxış keçirilməsi və həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.




 

GOYEZEN.AZ



Facebook-da paylaş