Oktyabr ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüş Çaylı kəndində olub
Prezident İlham Əliyevin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu deməyə əsas verir ki, vətəndaş məmnunluğu, vətəndaş amili dövlət siyasətinin prioritet istiqamətidir. Dövlət başçısının tapşırıq və tövsiyəsinə əsasən 2022-ci ilin mart ayından etibarən yenidən bərpa edilən, şəhər və rayonlarda sakinlərlə keçirilən səyyar qəbulların arxasında da vətəndaş mövqeyi dayanır.
Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da olduğu kimi icra olunur. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə mart ayından başlayaraq Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.
Oktyabr ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüş Çaylı kəndində olub. Oktyabrın 20-də rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, kənd sakinlərinin iştirak etdiyi səyyar görüşdə dövlət başçısı tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğıdan, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlardan söz açılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, hər zaman olduğu kimi, bugünkü səyyar görüşün də əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu vurğulayıb. Rayon rəhbəri bütün kəndlərdə olduğu kimi, Çaylı kəndində yaşayan sakinlərə, onların qaldırdıqları məsələlərə qayğı ilə yanaşıldığını bildirib.
Rayon rəhbəri dövlət başçısının qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlardan söz açaraq Qazaxda uğurla icra olunduğunu, son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhli kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu kimi qeyd edib. Rayon rəhbəri bu gün təmirli yollar sırasında Çaylı avtomobil yolunun olmasını bu kənddə yaşayan sakinlərə olan qayğı kimi qeyd edib. Həmçinin, kənddə ara yolların da asfaltlandığını söyləyib.
Əvvəlki illərdə olduğu kimi, rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2023-cü ildə də davam etdiriləcəyini söyləyib. Bu gün kənddə 34 ədəd subartezian quyusunun sakinlərin istifadəsinə verildiyini bildirib. Xüsusən də şəhərin su-kanalizasiya sistemi istifadəyə verildiyi üçün köhnə suyun rayonun bir neçə kəndinə, o cümlədən də Çaylı kəndinə ayrılacağını qeyd edib.
Rayon rəhbəri kənddə tibb məntəqəsi ilə bağlı məsələnin də müsbət həll olunduğunu, yeni məntəqə inşa edildiyini bildirib. Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin təmirinin dövlət proqramında nəzərdə tutulduğunu diqqətə çatdırıb. İcra başçısı son illər Qazaxda uşaqlara göstərilən qayğıdan da söz açıb. Həmin qayğının bariz nümunəsi olaraq bu gün rayonda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyədə olmasını göstərib. İcra başçısı qeyd edib ki, bu gün rayonda 14 kənddə bağça yoxdur ki, həmin kəndlərdən biri də məhz Çaylı kəndidir. İcra başçısı bu məsələnin də daim gündəmdə olduğunu diqqətə çatdırıb. Təhsil sahəsinə göstərilən dövlət qayğısının daha bir bariz nümunəsi kimi ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsini göstərib.
2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında tarixi Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsindən söz açan icra başçısı xalq olaraq şanlı qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da 52 nəfər igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını, onlardan 3 nəfərinin Çaylı kəndindən olduğunu bildirib. Birinci Qarabağ müharibəsində şəhid olan 20 nəfər qəhrəman Vətən oğlunun, eləcə də 3 nəfər Vətən müharibəsi şəhidinin xalqımızın, qazaxlıların, doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını qeyd edib. Birinci Qarabağ müharibəsində 13 nəfərin müharibə əlili olduğunu söyləyib. 44 günlük Vətən müharibəsində Çaylı kəndindən 79 nəfərin iştirak etdiyini, onlardan 31 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu vurğulayıb. Vətən müharibəsində 34 nəfərin yaralandığını, 6 nəfərin müharibə əlili olduğunu söyləyib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Qazaxda bütün şəhidlərimizin, eləcə də Vətən müharibəsi şəhidlərinin daim yad olunacağını, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Çaylı kəndində də SİP kabelləşmənin başa çatdırılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini, eləcə də rabitə xəttinin yenilənəcəyini, optik internet xəttinin çəkiləcəyini bildirib.
Rayon rəhbəri narkomaniya, onun törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin bu işlərdə səfərbər olmasını tövsiyə edib.
Daha sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Kənd sakinlərindən Qəzənfər Qocayev, Camoy Qurbanov çıxış edərək respublikamızda, Qazax rayonunda, eləcə də rayonun kəndlərində görülən genişmiqyaslı işlərə görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Rayonda, o cümlədən Çaylı kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuq işlərinə, sosial problemlərin müsbət həllini tapmasına görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər.
Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərdən Qocayev Qəzənfər Bəhmən oğlunun kəndin mərkəzindən keçən yolda yerləşdirilmiş rabitə quyusunun təmir edilməsi, Cəlilov Mətləb Cuvanşir oğlunun həmkəndlisi III dərəcəli Vətən müharibəsi əlili İsgəndərov Səməd Fərzalı oğlunun müalicəsinə köməklik göstərilməsi, Bağırov Nəbi Hümbət oğlunun Azərbaycan təhsilinin inkişafı sahəsində xidmətlərinə görə Fəxri Fərmanla təltif olunması, Qocayeva Dilqənd Əli qızının əsəb gərginliyindən əziyyət çəkən 2015-ci il təvəllüdlü Nitah Qocayevin müalicəsinə köməklik göstərilməsi və s. bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirib. Qeyd edilən məsələlərin araşdırılması, yerində baxış keçirilməsi və həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
GOYEZEN.AZ
Facebook-da paylaş